News.Ru: “Ermənistan Qarabağın müstəqilliyini tanısa Moskvanı qəzəbləndirəcək” - RƏY

İrəvan, heç bir uğur qazanma şansı olmadan “DQR”-in legitimlik kartını oynayır

Rusiyanın nüfuzlu informasiya agentliklərindən olan News.Ru Ermənistanın yenidən ortaya atdığı əsassız siyasi təhdidləri ilə bağlı məqalə dərc olunub. Agentliyin analitiki İqor Nikifirov öz təhlilində İrəvanın bu "Qarabağı tanıma" oyununun mümkün olmayacağını izah edib. Yazını təqdim edirik...

Qarabağdakı qarşıdurmanın kəskinləşməsindən bəri rəsmi İrəvan daima özünün elan etdiyi “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanıma ehtimalını elan edir. Bununla belə, Ermənistan prezidenti və baş nazirinin açıqlamalarının reallaşması ehtimalı çox azdır, baxmayaraq ki, yerli hakimiyyət orqanları 29 ilə yaxındır ki, bunu deyirlər. Yeni status İrəvanın Rusiyanı öz tərəfinə çəkməsinə kömək etməyəcək və eyni zamanda Nikol Paşinyanın həvəslə müraciət etdiyi Qərb dəstəyindən məhrum edə bilər.

Ermənistan Nazirlər Kabineti başçısı müstəqilliyi tanımağın lazım olduğunu dəfələrlə söyləyib, lakin sentyabrın 27-dən bəri verdiyi açıqlamaların heç birində özünəməxsusluqlar olmayıb: Paşinyan ya bu məsələni əməliyyat vəziyyəti ilə əlaqələndirir, sonra düşüncəsini izah etmədən beynəlxalq hüquqa müraciət edir, baxmayaraq ki, BMT qətnamələrində Ermənistanın işğalı altında olan 20% - Qarabağ əraziləri tamamilə açıq şəkildə müəyyənləşdirilib.

Prezident Armen Sarkisyan SSRİ-nin dağılmasından əvvəl, Ermənistan Ali Sovetinin “DQR”-in müstəqil olaraq tanınmasına səs verdiyini, ancaq sonra 1994-cü ildə imzalanan atəşkəs səbəbi ilə hər şeyin dayandırıldığını və Minsk prosesi başladığını xatırladır, buna görə indi, münaqişənin dinc danışıqlar yolu ilə həll edilməsi mümkün olmadıqda İrəvanın bu addımı atacağını deyir.

Bununla birlikdə, İrəvan postsovet dövründə “DQR”-in suverenliyinin tanınması mövzusunu oynamağa çalışıb- 2009-cu ildən bəri bununla bağlı parlament təşəbbüsü dəfələrlə nəzərdən keçirilib, amma məsələ yerindən tərpənməyib. Mövcud hakimiyyətə həm sadiq, həm də müxalif olan mütəxəssislər bir məsələdə eyni fikirdədirlər: İrəvan daim “DQR”-in statusunda dəyişiklik ehtimalı barədə danışır, amma əslində, bu addımdan qorxur.

Birincisi, İrəvan, ATƏT-in Minsk Qrupunda və ya onun himayəsi altında ikitərəfli danışıqlarda fəaliyyət göstərmək və təqlid etmək üçün tanınmamış DQR faktorundan bəhrələndi. Belə ki, Vyanada danışıqların aparılması zamanı Ermənistan daim “DQR" nümayəndələrinin bərabərhüquqlu tərəf kimi danışıqlara daxil edilməsini tələb edirdi.

İkincisi, bu baş versə, münaqişənin qaynar mərhələsinin siyasi müstəviyə köçürülməsi ehtimalına son qoyacaqdır. Bu konyunkturanın təsir etdiyi vacib bir amildir. Əvvəllər Ermənistan aparılan müxtəlif səviyyəli danışıqlarda manevr edə bilirdi, mövcud təmas xətlərinin konfiqurasiyasından da məmnun idi. İndi isə, Azərbaycan Ordusu İranla sərhəddi boyu hücumu inkişaf etdirərkən və sağ cinahdan Şuşaya can atarkən, İrəvan Xankəndini təslim etmək üçün danışıqlara getməz. Bəlkə də bu, Paşinyanın ölkənin hansı kompromislərə getməyə hazır olduğunu aydın şəkildə cavablandıra bilməməsini izah edir.

Eyni zamanda, “DQR”-nin legitimliyinin tanınması təhdidi təkcə Rusiya üçün deyil, həm də Qərb üçün qıcıqlandırıcı bir amildir, çünki bu, həqiqətən ATƏT-in Minsk Qrupunun mövcudluğuna saymazlıq deməkdir. Qarabağ mövzusunun Moskva, Vaşinqton və Paris arasında birləşdirici mövzu olduğu bir şəraitdə, Kremlin beynəlxalq sənədlərin heç bir bəndinə daxil olmayan “DQR”-in müstəqil statusu ilə bağlı ehtimal ilə yeni bir siyasi həll planına hazır olması mümkün deyil. Rusiyanın Fövqəladə və Səlahiyyətli Səfiri, Rusiya Xarici İşlər Nazirliyinə yaxın Rusiya Xarici İşlər Şurasının üzvü Aleksandr Kramarenkonun haqlı olaraq qeyd etdiyi kimi, “Dağlıq Qarabağ ərazisi üzərində mütləq nəzarət” tələbi Moskva üçün ən pis variantdır.

Ermənistan rəhbərliyi başa düşə bilmir ki, münaqişəyə Rusiyanı cəlb etmək üçün prosesi beynəlmiləlləşdirmək cəhdləri Qərbdə də qulaqardına vuruldu. İrəvan, Türkiyənin müdaxilə tezisini təbliğ etməklə, Ankaranın regional müxaliflərinin- məsələn, Afinanın, dəstəyini aldığını göstərir. Lakin Yunanıstanın Avropa İttifaqında Türkiyəyə qarşı sanksiyalar qəbul etdirməklə bağlı cəhdləri baş tutmadı. Şübhəsiz ki, “DQR”-nin tanınması ABŞ və Avropa üçün də çox “zəhərli”dir.

Tərcümə etdi: Elçin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə