Ermənilər Rusiyadan sonra ABŞ-a da dil uzatdı ANALITIK

Düşmən mediası çatana-çatır, çatmayanın da arxasınca daş atır

İşğalçı Ermənistanın terrorçuluq siyasəti beynəlxalq aləm - istər ayrı-ayrı siyasilər, istər qurum və təşkilatlar, istərsə də mühüm dairələr tərəfindən qınanıldıqca, bu siyasətə qarşı bəyanatların sayı artdıqca, erməni tərəfi çatana-çatır, çatmayanın da arxasınca daş atır. Artıq bu, həm də terror siyasəti yürüdən tərəfin digər rəsmi siyasi manerasına çevrilib. Misal üçün, Nikol Paşinyanın Sorosun dəstəyi sayəsində Serj Sarqsyan hakimiyyətini devirməsindən sonra, Ermənistanda kütləvi anti-Rusiya siyasəti qol-qanad açmağa başladı, hansı ki, bu ölkə uzun illər Rusiyadan hərtərəfli şəkildə bəhrələnirdi, o cümlədən, Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətinin ömrünü də uzatmağa nail olurdu. Məhz Paşinyanın Soros qrupuna daxil olaraq, bu qrupun əlində oyuncağa çevrilməsindən sonra ermənilərin ruslarla münasibətlərini tənzimləyən körpü uçuruldu və biz bunun Ermənistana verdiyi nəticəsini əsasən, Rusiyanın prezidenti Vladimir Putin başda olmaqla, Kremlin siyasi istemblişmentinin son bəyanat və açıqlamalarında da müşahidə edirik. Bütün bunlar öz yerində.

Paşinyanın süni pafos və saxta vətənpərvərlik çağırışları nəticəsiz qalır

Əgər bu gün erməni KİV-lərinin hansı istiqamət götürdüklərini izləyərsək, artıq bu ölkədə cəmiyyət parçalanmasını da rahat şəkildə seyr edə bilərik. Paşinyan və onun komandası, hökumətə bağlı media anti-Rusiya siyasətini davam etdirməklə yanaşı, arada “xalaxətrinqalmasın” tərzində yazılar da verir. Ancaq xalqın əsas kütləsi artıq müharibənin başa çatmasını, övladlarının başqasının torpağında ölməməsini tələb edirlər. Bütövlükdə isə, Paşinyanın istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə dəstəkdən məhrum olması onun siyasi ömrü ilə yanaşı, fiziki ömrünün də sona çatmasına işarə edir. Hətta süni pafos və saxta vətənpərvərlik çağırışları ilə xarici ölkələrdə yaşayan ermənilərin, eləcə də Qarabağdan qaçan və əli silah tutmağı bacaran cavanlı-qocalı insanları yenidən Qarabağa qayıtmalarına çağırışlar etməsi də bir nəticə vermir. Çünki cəbhədə Azərbaycan Ordusunun istər hərbi birləşmələrə, istərsə də erməni könüllülərinə yaşatdığı aşkar cəhənnəmi görəndən sonra, onlar yenidən qaçırlar, fərarilik edirlər və s.

Erməni baş nazirinin ABŞ ümidləri necə puç olub?

Beləliklə, əli hər şeydən üzülmüş Paşinyan bu dəfə ABŞ-a da ümidlərini bəslədi və Amerika siyasi dairələrinin uzağı formal bəyanatlar verməklə kifayətlənmələri erməni baş nazirin ümidlərini birdəfəlik puç edib. Buna misal olaraq, Ermənistanın tanınmış media qurumu – Armenianreportun “Amerikansayağı korluq” sərlöhvəli yazısından da sezmək mümkündür.

“Rusiya ilə hər şey aydındır. O həmişə erməni xalqının maraqlarını satıb. Lakin ABŞ-ın susqunluğu hiddət doğurur”, yazılan məqalədə bildirilir ki, Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşlərinin təşkilatçısı olan Vaşinqtonda heç bir razılaşma olmayacaq. Yəni erməni nəşri gözləyir ki, ABŞ Azərbaycanın ədalətli və haqlı mübarizəsinə təsirlərini göstərəcək və s. “Təəssüf ki, biz hələ də Vaşinqtonun Azərbaycana hər hansı bir təsir mexanixmi göstərmədiyini görməkdəyik”, Armenianreport yazır.

Nəşr, ABŞ-ın NATO-dakı səfiri Key Beyli Hatçinsonun da fikirlərini xatırladır və yazır ki, Azərbaycan onun “Ermənistan Azərbaycanın suveren hüquqlarını tanımalıdır” bəyanatından sonra özünəinamlı addımlarını artırıb. Təbii ki, amerikalı səfir dərhal hədəfə çevrilib və erməni həyasızlığının qurbanı olaraq ağır ifadələrə məruz qalıb. Bundan isə təəccüb etməyə dəyməz...

Prezident İlham Əliyevin Yaponiyanın Nikkey nəşrinə verdiyi müsahibəsindən niyə təlaşa düşdülər?

Ermənilər Azərbaycan Prezidenti cənab İlham Əliyevin qətiyyətli, əsaslı və bundan sonra da heç bir təsir altında düşməyəcəyini açıq-aşkar sübuta yetirən bəyanatından da sözün əsl mənasında qorxuya düşdüklərini gizlətmirlər. Erməni nəşri buna misal olaraq, dövlət başçımızın Yaponiyanın nüfuzlu Nikkei qəzetinə verdiyi müsahibəsi zamanı irəli sürdüyü fikirlərindən sonra sanki növbəti nokauta düşüblər. Beləliklə, Armenianreport Azərbaycan Prezidentinin ifadələrini öz təbirlərincə “skandal” adlandırır və Onun “Azərbaycanın bütün rayonları birmənalı olaraq azad olunmalıdır, hamısı, birmənalı” fikrindən təlaşlandığını gizlətmir. Üstəlik, ölkə rəhbərimizin Şuşa və Xankəndinin də azad olunacağı ətrafındakı bəyanatları erməni ictimai rəyini, mediasını çalxalandırmağa başladıb.

İsrail xain adlandırılır, ABŞ-ı Rusiyaya alternativ görür, sonda isə...

Nəticədə, mövzunu yenidən ABŞ-ın üzərinə gətirən erməni nəşri bu ölkənin Bakıya və Ankaraya güclü təsir etmədiyindən şikayət edib. Hələ İsraili də hədəfə alıb. SİTAT: “Pradoks, hətta Türkiyə tərəfindən təhlükənin böyüklüyünü anlayan İsrail də xaincəsinə susub. ABŞ-ın isə susqunluğu hiddət doğurur. Bu həmin dünya ölkəsidir ki, ermənilər onu Rusiyaya alternativ görürlər”.

Göründüyü kimi, ermənilər həqiqətə qalanda onların şər-böhtanlarına, şantajlarına az da olsa dəstək verəcək istənilən dövlətin, hətta uzaq Tanzaniyanın da altına yıxılmağa hazır olduqlarını nümayiş etdirirlər.

Nəticədə, adıçəkilən erməni saytı Ermənistanın və Azərbaycanın XİN rəhbərlərinin Vaşinqton görüşlərinin də mənasız və nəticəsiz olduğunu bildirirlər. Bundan da təəccüb etməyə dəyməz. Çünki ortada açıq-aşkar erməni xisləti, dar erməni düşüncəsi dayanmaqdadır...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə