"Qələbə xəbərlərini eşitmək çox qürurvericidir” Sevinc Fətəliyeva

“Bu gün Azərbaycan dövləti işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda həm hərb cəbhəsində, həm də diplomatik cəbhədə döyüşür. Sentyabrın 27-də cəbhə xəttində vəziyyətin gərginləşməsi işğalçı Ermənistanın yeni təcavüzkar siyasətinin təzahürüdür. Bu təcavüzkar siyasət münaqişənin həlli ilə bağlı danışıqlar prosesinin pozulması, status-kvonun qorunması, yeni təxribatların törədilməsi, Ermənistandakı sosial-iqtisadi və siyasi böhranın gizlədilməsi məqsədinə xidmət edir. İşğalçı Ermənistanın hərbi birləşmələri Azərbaycana qarşı hücuma keçib, yeni ərazilərimizi işğal etmək məqsədilə yaşayış məntəqələrini və dinc əhalini hədəfə alıb.Ötən günlər ərzində güclü Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr vuraraq onu geri oturdub, əks-hücum nəticəsində bir sıra yaşayış məntəqələrini və strateji yüksəklikləri işğaldan azad edib. Oktyabrın 20-da xalqa müraciəti zamanı Prezident İlham Əliyev yeni qələbə müjdəsi verdi. Zəngilan şəhəri ilə yanaşı bır sıra yeni yaşayış məntəqələri də işğaldan azad olundu. Dünən isə Zəngilan, Füzuli və Cəbrayıl rayonlarını əhatə edən 22 yaşayış məntəqəsinin işğaldan azad edilməsi barədə məlumat verildi. Qələbə xəbərlərini eşitmək çox qürurvericidir”. SİA-nın verdiyi məlumata görə, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

Sevinc Fətəliyeva bildirib ki, dövlətimizin başçısı xalqa müraciətində erməni tərəfinə bir daha xəbərdarlıq edib ki, biz qan tökülməsini istəmirik, xoşluqla işğalçı qoşunlar torpaqlarımızı tərk etsin. Əks halda, ordumuz onları sona qədər qovub çıxaracaq. Həmçinin, cənab Prezident Rusiyanın “TASS” İnformasiya Agentliyinə müsahibəsi zamanı münaqişə ilə bağlı geniş fikirlərini ifadə edib. Cənab Prezident bir daha bəyan edib ki, Azərbaycan öz tərəfdaşları ilə əlaqələr çərçivəsində üzərinə götürdüyü öhdəliklərə sadiqdir. Münaqişənin nizamlanmasına dair danışıqlar prosesində həmişə beynəlxalq hüquqa, münaqişənin dinc yolla həllinə sadiqliyə, o cümlədən Moskva danışıqlarından sonra Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərə əsaslanıb. Amma Ermənistan tərəfi həmişə olduğu kimi yenə də qeyri-konstruktiv mövqe nümayiş etdirir. Paşinyanın oktyabrın 21-də erməni xalqına müraciəti bunu bir daha təsdiqlədi. O, danışıqların mənasız olduğunu dedi, insanları müharibəyə səslədi. Onun bu çağırışı Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Rusiyanın xarici işlər naziri ilə görüşündən sonra və ABŞ-da keçiriləcək danışıqlar ərəfəsində baş verdi. Bu faktlar Ermənistanın işğalçılıq mövqeyinin dəyişməz olduğunu, sülh danışıqlarına getmədiyini əyani şəkildə göstərir.

Ermənistanın humanitar atəşkəsi də kobud şəkildə pozduğunu deyən millət vəkilinin sözlərinə görə, mülki insanların atəşə tutulması, xüsusilə Gəncənin ballistik raketlərlə vurulması Ermənistanın hərbi-siyasi rəhbərliyinin cinayətidir. Onun fikrincə, belə olan halda Ermənistandan qətiyyən konstruktiv mövqe gözləmək mümkün deyil: “Təbii ki, vəziyyətin bu dərəcədə gərgin olmasının baiskarı işğalçı Ermənistandır. Bununla belə, dövlətimizin başçısının dediyi kimi əgər Ermənistan danışıqlar məcrasında özünü konstruktiv apararsa, Azərbaycan hərbi əməliyyatları dayandırmağa hazırdır. Lakin erməni tərəfindən hələ ki,bunu görmək mümkün deyil. Hazırda müəyyən beynəlxalq dairələr döyüş bölgəsinə beynəlxalq sülhməramlıların və ya hərbi müşahidəçilərin göndərilməsi təklifləri ilə çıxış edirlər. Azərbaycan Prezidenti isə bu məsələ ilə bağlı aydın mövqeyini bildirib ki, həmsədrlərin hazırladıqları baza prinsiplərində bu məqamlar öz əksini tapır. Azərbaycan baza prinsiplərinə sadiqdir, bunlar Ermənistan tərəfindən işğal edilmiş ərazilərin qaytarılması, Dağlıq Qarabağın gələcəyinə dair danışıqlar, qaçqın və məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə, o cümlədən Dağlıq Qarabağa, Şuşaya qaytarılmasıdır. Eyni zamanda, kommunikasiyaların açılması da baza prinsiplərində nəzərədə tutulur ki, burada Laçın koridoru ilə yanaşı, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında kommunikasiyaların açılması da öz əksini tapır Və burada Ermənistan təhlükəsizlik təminatı verməlidir. Təəssüf ki, bugünədək Ermənistanın baş naziri baza prinsiplərini inkar edən fikirlər səsləndirib. Ümid edək ki, Azərbaycan Ordusunun gücü qarşısında o, ağıllanacaq və qan tökülməsini dayandırmaq üçün işğalçı qoşunlarını torpaqlarımızdan çıxaracaq. Bunu o etməsə, Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli oldumuz həyata keçirəcək. Məhz bundan sonra regionda davamlı sülh təmin olunacaq”. yap.org.az

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə