"Çinarlı Azərbaycanın qürur rəmzidir" Siyavuş Novruzov

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü

Məlumdur ki, təcavüzkar Ermənistan əzəli, tarixi torpaqlarımızı işğal etməklə, xalqımıza qarşı qətliamlar, soyqırımı törətməklə yanaşı, həm də yer adlarını-toponimləri dəyişdirməklə çoxsaylı cinayətlərə yol vermişdir. Təkcə Qərbi Azərbaycan və Dağlıq Qarabağ ərazisində 700-dən çox rayon, şəhər, qəsəbə və kəndlərin, həmçinin bir çox tarixi-mədəni abidələrin adı dəyişdirilib. Təkcə Dağlıq Qarabağ ərazisində Ermənistanın bu cür cinayət əməllərinə məruz qalan yerlərin və tarixi abidələrin sayı 220-dən çoxdur. Bu, faşist Ermənistanın təkcə Azərbaycan xalqına deyil, bəşəriyyətə qarşı terrorçu və cinayətkar əməllərinin bariz nümunələrindən biridir.

Lakin sevindirici haldır ki, qüdrətli Azərbaycan dövləti Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə öz ərazi bütövlüyünü bərpa edir, haqq-ədalət öz yerini tapır. Möhtərəm Ali Baş Komandanımız xalqımızın sarsılmaz iradəsinə arxalanaraq ölkəmizin ərazi bütövlüyünün bərpa olunması istiqamətində böyük qətiyyət nümayiş etdirir. Uğurlu əks-hücum əməliyyatı nəticəsində Azərbaycanın bəzi ərazilərinin işğaldan azad olunması tarixi ədaləti bərpa edilməsidir. Eyni zamanda, azad olunmuş yerlərin tarixi adlarının özünə qaytarılmasının mühüm siyasi, hüquqi və mənəvi əhəmiyyəti var.

Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq qərarı ilə saxtakar və quldur ermənilər tərəfindən adı dəyişdirilərək Vəng adlandırılmış kəndə Çinarlı adının verilməsi bu baxımdan böyük önəmə malikdir. Bu, hər şeydən əvvəl, obyektiv reallığın ifadəsidir. Əvvəla, bu addım tarixi-siyasi nöqteyi-nəzərdən xüsusi əhəmiyyət daşıyır, çünki yer adlarımıza qarşı törədilmiş daha bir erməni saxtakarlığı aradan qaldırılır. İkincisi, məsələnin təbii-coğrafi əsasları mövcuddur. Sirr deyil ki, Qarabağın Aran bölgəsində çinar ağacları geniş yayılıb və dünyanın ən böyük Çinar meşəsi Zəngilan rayonunda, yer üzünün ən uca və ən enli çinar ağacı isə Cəbrayıl şəhərindədir. Bu rayonlarla eyni təbiətə malik olan Xocavənd rayonu ərazisində də çinar ağacları geniş yayılıb. Ona görə də bəhs olunan kəndin adının Prezident İlham Əliyev tərəfindən Çinarlı adlandırılması həmin kəndin əhatə olunduğu regionun təbii-coğrafi şəraitinə tam uyğundur. Bu, həm də elmi əsasa malik olmaqla yanaşı, dünya təcrübəsini əks etdirir. Belə ki, beynəlxalq qaydalara əsasən yeni yer adları müəyyən olunarkən yerli təbii-coğrafi şəraitə istinad olunması mühüm prinsiplərdən biridir.

Üçüncü məsələ tarixi aspektlərlə əlaqədardır. Tədqiqatlar da göstərir ki, ermənilər tərəfindən Vəng adlandırılan kəndin ərazisində heç vaxt, heç bir erməni izi olmayıb. Yəni bu kəndin ermənilərlə heç bir əlaqəsi – bağlılığı yoxdur.

Digər mühüm məqam məsələnin mənəvi nöqteyi-nəzərdən dəyərləndirilməsidir. Məlumdur ki, Azərbaycanda Çinar ağacı qürur simvolu kimi səciyyələndirilir. Xocavəd rayonunda cənab Prezidentin qərarı ilə şanlı ordumuzun işğaldan azad etdiyi kəndin Çinarlı adlandırılması Dağlıq Qarabağ və onun ətrafındakı torpaqlarımızın azad edilməsi uğrunda ədalətli mübarizə aparan qəhrəman əsgərlərimiz üçün qürur mənbəyi və mənəvi dəstəkdir.

Beləliklə, ermənilər tərəfindən Vəng adı verilmiş kəndin bundan sonra Çinarlı adlandırılması, yuxarıda qeyd etdiyimiz kimi, siyasi, hüquqi, elmi-tarixi və mənəvi nöqteyi-nəzərdən xüsusi önəm daşıyır və tamamilə məqsədəuyğundur.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...