Türkiyə gerçəkliyi fonunda "Ermənistan xülyaları" - RƏY

"Türkiyənin apardığı əməliyyatlar “Böyük Kürdüstan” layihəsinin qarşısını aldığı kimi, rəsmi Ankara ilə rəsmi Bakının birgə mövqeyi də “Böyük Ermənistan” xülyasını puça çıxardı. Güclü Türkiyə dövləti “Böyük Kürdüstan” layihəsinin realizə olunmasının qarşısını aldı. Lakin hesab etmirəm ki, bu layihəni hazırlayanla belə asanlıqla öz məqsədlərindən əl çəksinlər. Onlar hazırladıqları layihənin geosiyasi əhəmiyyətini anlayırlar. Lakin qardaş Türkiyənin sərgilədiyi mövqe onların layihələrinin reallaşmasına imkan vermir. Etiraf ermək lazımdır ki, PKK-nın İraq və Suriyada Türkiyə ərazisinə təhdidləri hələ də qalmaqdadır. Türkiyə 2011-2015-ci illər arasında sözügedən layihənin realizə olunmasına qarşı apardığı mübarizədə fərqli mövqe tutmuşdu. Məhz Türkiyə və Rusiya arasında, onlardan da əvvəl İranın “Hizbullah” təşkilatının Suriyada apardığı əməliyyat nəticəsində Kürdüstan ssenarisinin həyata keçirilməsinin qarşısı alındı. Kürdüstan layihəsi təkcə Türkiyənin ərazi bütövlüyünü təhdid edən plan deyildi, bütövlükdə müasir Türkiyə, İraq, Suriya, İran və hətta Azərbaycanın bir sıra əraziləri Kürdüstan planının tərkib hissəsi idi". SİA-nın məlumatına görə, bunu açıqlamasında politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, Türkiyə, İran və Rusiya ilə yanaşı həmin planın qarşısını ala bildi: "Bunun ardınca biz hazırda Ermənistanın millətçi dairələrinin “Böyük Ermənistan” xülyalarını reallaşdırmağa çalışdığını görürük. Lakin Ermənistan özü bu layihəni reallaşdırmaq iqtidarında deyil. Ermənistanın bu layihəsini dəstəkləyən, onun “dənizdən- dənizə” planını həyata keçirməkdə maraqlı olan qüvvələr var. Bunu dünyanın xüsusi xidmət orqanları da bilir. Çünki Ermənistan nə ordusu, nə maliyyə imkanları, nə də demoqrafik imkanları bu planı realizə etmək iqtidarında deyil. Qardaş Türkiyənin Azərbaycanla birlikdə sərgilədiyi mövqe artıq bu mərhələdə Ermənistanın “Böyük Ermənistan” xülyasının həyata keçirilməsi ilə bağlı istəklərinin qarşısını alıb".

Ekspert əlavə edib ki, Türkiyə ilə Rusiyanın münasibətlərində çatın yaradılmasında maraqlı olan qüvvələr var ki, onlar Avropanın enerji təhlükəsizliyini təmin edən kəmərlərə təhlükə yaratmağa çalışırlar: “Hazırda “Böyük Kürdüstan” planına qarşı Suriyada əməkdaşlıq edən Türkiyə ilə Rusiyanın münasibətlərində çatın yaranmasına çalışan qüvvələr var. Çox maraqlıdır ki, həmin qüvvələr həm Ermənistanda, həm də Türkiyənin NATO üzrə müttəfiqləri sırasında var. Azərbaycan prezidenti hər vəchlə Türkiyəni münaqişənin içində görüb, onu ittiham edən dairələr belə bir mesaj verdi ki, bu gün Türkiyənin NATO-dakı müttəfiqlərinin ona münasibəti müttəfiqlikdən daha çox “mehriban düşmən” münasibətini xatırladır. Bu fikir tam yerində idi. Çünki Türkiyə özünün milli təhlüləsizlik və regional maraqlarından çıxış edərək Suriyada, Liviyada, Aralıq dənizinin şərq hövzəsində, Kipr yaxınlığındakı məlum ada ilə bağlı məsələlərdə mövqe nümayiş etdirirdi".

E.Manafov vurğulayıb ki, Türkiyənin bu mövqeyinə qarşı isə ilk baxışdan onun müttəfiqləri çıxdı: "Bu isə onu göstərir ki, Qərb alyansının təkibində belə, münasibətlər müttəfiqlikdən çox fərqli müstəvi üzərində qurulub. Onu da qeyd edim ki, bu gün həmin qüvvələr Türkiyə ilə Rusiyanı Qafqazda üz- üzə qoymaq istəyirlər. Həmin qüvvələr eyni zamanda Avropanın enerji təhlükəsizliyinin təminatçısı olan kəmərlərə təklükə təşkil etməyə çalışırlar. Bunu Rusiya-Türkiyə qarşıdurmasını gücləndirmək hesabına əldə etmək istəyirlər. Prezident İlham Əliyev də qeyd etdi ki, Ermənistandakı hazırkı iqtidar Sorosun məhsuludur. Həmin fikirdə prezident Sorosun özünə də bir şəxsiyyət kimi deyil, toplum olaraq baxmağı tövsiyyə etmiş olur. Bu da tamamilə doğru yanaşmadır. Çünki Soros MDB məkanında narıncı inqilabların ssenarisini hazırlayan, onları maliyyələşdirən və nəticə etibarı ilə Qərbin MDB məkanına təsir imkanlarını gücləndirib, Rusiyanın bu bölgədə təsir imkanlarını qapatmaq istəyən müvafiq dairələrin təmsilçilərindən biridir. Bu mənada əslində həmin planın “Böyük Ermənistan” xülyası ilə bağlı məsələlərdə də öz əksini tapması və Paşinyanın ötürücü qayış rolunda çıxış etməsi tamamilə anlaşılan və izahediləndir”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə