"Artıq Paşinyanın müharibəni dayandırmaq imkanı yoxdur" ÖZƏL-ŞƏRH

"Artıq Paşinyanın müharibəni dayandırmaq imkanı yoxdur" ÖZƏL-ŞƏRH

“Ümumiyyətlə Tovuz hadisələri Azərbaycan Ermənistan münaqişəsində və yaxud da Ermənistanın hərbi planlarında, doktrinasında yeni mərhələ idi. Beləki Tovuz hadisəsi artıq yeni mərhələnin əsasını qoydu. Burada əsas məqsəd regional müharibənin başlanmasına cəhd idi. Sözsüz ki, Azərbaycan bu provokasiyaya getmədi və siyasi rəhbərlik, hərbi rəhbərlik səviyyəsində Ali Baş Komandanın timsalında çox praqmatik siyasət yürütdü. Həmin hadisələrə yerindəcə cavab verildi. Beləcə regional münaqişənin başqa istiqamətlərə yol açmasına imkan vermədi”. Bunu SİA-ya açıqlamasında Resurs Analitik İnformasiya Mərkəzinin rəhbəri Rasim Quliyev deyib.

“Əslində düşmən tərəfi gözləyirdi ki, buna cavab Azərbaycanın hərbi əməliyyatlara başlaması olmalı idi. Bu mənada Azərbaycan rəhbərliyi çox düzgün praqmatik siyasət yürütdü. Onların təxribatının qarşısı dərhal alındı və yerindəcə lokalizasiya olundu. Daha sonra həmin təxribatlar bizim işğal olunmuş ərazilərdə başladı. Nəhayət vəziyyət o yerə çatdı ki, Azərbaycan Ordusu əks-hücum əməliyyatı ilə işğalçını yerinə otuzdurmalı oldu. Təbii ki, Azərbaycan tərəfi işğalçı Ermənistanın istəyini, planını çox gözəl bilirdi. Sorosun və yaxud da onların havadarlarının Nikol Paşinyanın Ermənistanda yeni hakimiyyətə gələndən sonra qarşısında qoyduğu məsələlərdən biri Qafqazda Qarabağ problemi vasitəsilə Ermənistana və Azərbaycan təzyiq göstərə bilən, bu problemi nəzarətdə saxlayıb Qafqaza nəzarət edən Rusiyanı ya münaqişəyə çəkmək, ya da fakt qarşısında qoymaq idi. İstənilən halda Qarabağ məsələsinin həlli Rusiyanın Qafqazdakı təsirini zəiflədir. Bu faktdır. Ona görə də Paşinyan Qarabağda müharibə təxribatını davam etdi”, -deyə Rasim Quliyev bildirib.

Mərkəz rəhbəri əlavə edib ki, oktyabrın 10-da Rusiyanın təkidi və ermənilərin özünün yalvarışı ilə Azərbaycan və Ermənistan tərəfi razılaşdı ki, hümanitar atəşkəs elan olunsun: “Burada yenə də Azərbaycan tərəfi çox düzgün və ölçülüb-biçilmiş diplomatik addım atdı. Rəsmi Bakı heç bir zaman heç bir tribunadan müharibə tərəfdarı olduğunu deməyib. Azərbaycan həmişə deyib ki, biz işğal olunmuş torpaqlarımızın sülh və siyasi yolla azad olunmasının tərəfdarıyıq və buna da çalışırıq. Eyni zamanda onu da bəyan edib ki, o torpaqları azad etməyə bizim gücümüz var. Lakin biz sülh tərəfdarıyıq. Atəşkəs tələbi ilə Ermənistan tərəfi çıxış edəndə yəqin heç düşünmürdü ki, Azərbaycan bu çağırışa cavab verəcək. Çünki hərbi üstünlük bizim tərəfimizdə idi. Belə vəziyyətdə yenə də Paşinyan özünün əyilən, döyülən, ölən tərəf olduğunu göstərmək üçün hər yerə zəng edirdi, yalvarırdı. Ancaq Rusiya regionda özünün aparıcı güc mərkəzi olmasını göstərmək üçün bu vasitəçiliyi öz üzərinə götürdü və hər iki tərəfi hümanitar atəşkəsə dəvət etdi. Həmin razılaşma barədə razılıq əldə olunsa da amma Ermənistanın planında bu yox idi. Artıq Ermənistanı idarə edən siyasi və hərbi rəhbərliyin müharibəni dayandırmaq imkanı yoxdur. Əgər bu gün onlar müharibəni dayandırarsa birmənalı olaraq elan etməlidirlər ki, biz məğlub tərəf kimi sülhə razıyıq. Bu isə o deməkdir ki, onlar siyasi hakimiyyəti təhvil verməlidirlər. İstənilən halda Paşinyan çalışacaq sona qədər getsin ki, həmin müharibə regional müharibə fazasına keçsin”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə