Ermənistan mətbuatının hədsizliyi və dezinformasiya həyasızlığı TƏHLİL

Ermənistan mətbuatının hədsizliyi və dezinformasiya həyasızlığı TƏHLİL

Ermənistana məxsus mətbuat səhifələri həqiqətə tamamilə uyğun olmayan məlumatları yaymağa fokuslanıb və bu öz növbəsində daha bir təxribat kimi qiymətləndirilməlidir. SİA Ermənistana məxsus aysor.am saytında yayımanan məlumata istinadən xəbər verir ki, işğalçı ölkədə tirajlanan “Past” qəzeti təhrif olunmuş, tamamilə yanlış informasiya dərc edib.

Məlumata əsasən, işğalçı ölkəyə məxsus “Past” qəzeti yazır ki, guya Azərbaycan vətəndaşları arasında könüllü döyüşə qatılmaq istəyənlərin sayı azlıq təşkil edir. Heç şübhəsiz ki, düşmən mətbuatı Azərbaycanda milli ruhun necə yüksək səviyyədə olduğu barədə məlumatlara malikdir. Eləcə də, Ermənistana məxsus kütləvi informasiya vasitələri Azərbaycan vətəndaşlarının könüllü şəkildə cəbhə xəttindəki döyüşlərə qatılmaq istək və arzuları barədə də məlumatlıdırlar. Dəfələrlə rəsmi şəkildə elan edilib ki, yaşından, vəzifəsindən asılı olmayaraq vətəndaşlarımız könüllü şəkildə müraciət edərək işğal altında saxlanılan torpaqlarımızın işğaldan azad edilməsi üçün cəbhə xəttinə yollanmaq arzusunda, istəyindədirlər. Həmçinin o da rəsmi şəkildə bəyan edilib ki, Azərbaycan Ordusu yetərincə canlı qüvvə, hərbi sursat, hərbi texnika və digər müvafiq ehtiyatlara malikdir və düşmənə layiqincə cavab vermək əzmindədir. Cəbhə xəttində, Dağlıq Qarabağda gedən döyüşlər, rəşadətli ordumuz tərəfindən geri alınan, işğaldan azad edilən ərazilərin günü-gündən artması təsdiq edir ki, düşmən tərəfi də bu əzmin dəfələrlə şahidi olub və bundan sonra da şahidi olacağına zərrə qədər şübhə ola bilməz.

Onu da qeyd edək ki, Azərbaycan ictimaiyyəti qələbələr sevinci ilə bayram əhval-ruhiyyəsindədir və ruh yüksəkliyi ermənilərin ağlına gələ biləcək həddən də çox-çox yüksəkdir. Azərbaycan vətəndaşı Azərbaycan Ordusuna, onun Ali Baş Komandanına inanır, güvənir və arxasında əzmlə dayanır.

Xatırladaq ki, Ermənistan cəmiyyətininin özündə ruh düşkünlüyü hədsiz dərəcədə artıb və artmaqda da davam edir. Düşmən tərəfinin özlərinin də qeyd etdiyi kimi, ordudan yayınma halları, fərarilik baş alıb gedir ki, bunu zəncirlənmiş erməni əsgərlərinin fotoları da aydın şəkildə sübut edir. Eyni zamanda, qondarma rejimin qondarma, əldəqayırma rəhbərinin, Araik Arutyunyanın müraciətlərinə də fikir verdikdə bunun, bu düşkünlüyün, fərariliyin bütün dünya ictimaiyyəti əyani şəkildə şahidi olur.

Diqqətə çatdıraq ki, qondarma qurum rəhbəri Araik Arutyunyan bir neçə dəfə Qarabağda zorla məskunlaşdırılan erməni əsillilərin həmin məskunlaşdırıldıqları əraziləri tərk etməməsi çağırışı ilə müraciətlər edib. Hətta, sonuncu dəfə fərariliyi dövlətə xəyanət kimi də qiymətləndirib və qeyd edib ki, bu hallar bağışlanılmayacaq. Görünür elə bu bağışlanmamaq prizmasından da yanaşılaraq əsgərlər vəhşi heyvanlar kimi zəncirlənir və səngərdə məcburi şəkildə saxlanılır, döyüşməyə vadar edilir. Bununla yanaşı, müraciətlərinə məhəl qoymayan erməni əsillilərin Dağlıq Qarabağı tərk etdiklərini görən Ermənistanın hərbi-siyasi rəhbərliyi qadağalar tətbiqinə başlayıb və bu fakt özlüyündə düşmən tərəfində dırnaqarası “döyüş ruhunun” hansı səviyyədə olduğunu isbatlayır.

Məsələ burasındadır ki, Ermənistana məxsus mətbuat səhifələri bütün bu faktlar və reallıqlar fonunda Azərbaycan cəmiyyəti barədə yalan, uydurma məlumatlar, dezinformasiyal yaymaqdan da çəkinmir. Kütləvi informasiya vasitələri cəmiyyəti doğru, dəqiq, tərəfsiz, tam şəkildə aydın informasiyalarla təmin etmək kimi bir şərəfli funksiya daşıdığı halda, Ermənistana məxsus mətbuat səhifələri bu şərəfdən xəbərsizdirlər və özlərinə məxsus dezinformasiyalarla hədsizliklərini, həyasızlıqlarını təsdiq edirlər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə