Dünyaya örnək olan Azərbaycan-Türkiyə münasibətləri - ŞƏRH

Dünyaya örnək olan Azərbaycan-Türkiyə münasibətləri - ŞƏRH

Prezident İlham Əliyev: “Türkiyə münaqişənin həllində fəal rol oynamalıdır və oynayacaq”

“Biz gərək mövcud reallıqları nəzərdən keçirək. Bu reallıqlar, həqiqi vəziyyət ondan ibarətdir ki, bu gün Türkiyənin iştirakı olmadan bu bölgədə hər hansı bir məsələ həll edilə bilməz. Bu, kiminsə xoşuna gələ bilər, gəlməyə bilər, bu, faktdır, bu, gerçəkdir. Təbii ki, Türkiyə Azərbaycanın, Ermənistanın və digər Cənubi Qafqaz ölkəsi olan Gürcüstanın qonşusu olaraq bu bölgədə fəal rol oynayır. Bu, Türkiyənin haqqıdır. Bu, tarixən belə olub”. Prezident İlham Əliyev bu fikirləri Türkiyənin NTV kanalına müsahibəsində Qarabağ probleminin həllində Türkiyənin iştirakının vacibliyindən danışarkən bildirib və deyib ki, bu döyüşlərin ilk saatlarından onu hərbi müstəvidən siyasi müstəviyə, siyasi prosesə çevirmək üçün biz çox açıq və dəqiq mövqeyimizi bildirdik ki, Türkiyə mütləq bu işlərdə olmalıdır: “Əgər olarsa, o zaman bu döyüşlər daha tez bir vaxtda dayanacaq və sülh prosesi başlayacaq. Mən onu da bildirmişdim ki, faktiki olaraq Türkiyə prosesdə var. Çünki dünən cənab Ərdoğanın və cənab Putinin danışığı bunu göstərir. Eyni zamanda, ondan əvvəlki günlərdə Türkiyənin və Rusiyanın Xarici İşlər nazirlərinin, Müdafiə nazirlərinin də telefon danışıqları olub. Onlar Qarabağ mövzusunu müzakirə edirlər”.

Azərbaycanın bu məsələ ilə bağlı mövqeyini bir daha bəyan edən Prezident İlham Əliyev deyib ki, Türkiyə mütləq olmalıdır: “Hansı statusda olacaq, bu, texniki məsələdir. De-fakto artıq Türkiyə var. Onsuz da Türkiyə Minsk qrupunun üzvüdür. Minsk qrupu da otuz il ərzində bir nəticəyə nail olmadı, otuz il ərzində Birləşmiş Millətlər Təşkilatının dörd qətnaməsinin icra olunmasına kömək etmədi. Bu vəziyyət faktiki olaraq münaqişənin dondurulmasına gətirib çıxardı. Ancaq nəticə etibarı ilə iyul ayında bizə edilən hücum, avqust ayında erməni təxribatçı qrupunun bizə göndərilməsi və nəhayət, sentyabr ayında genişmiqyaslı hücum göstərdi ki, bu münaqişə dondurulmuş məsələ deyil. Biz mövqeyimizdə qalırıq və əlbəttə ümid edirik ki, bu məsələ tez bir zamanda masa arxasında həll edilsin. Türkiyə mütləq bu işlərdə fəal rol oynamalıdır və əminəm ki, oynayacaqdır”.

Türkiyə Prezidenti: “Qarabağ probleminin yeganə həlli işğala son qoymaqdır”

“Ermənistanın Dağlıq Qarabağ münaqişəsinə qeyri-adekvat münasibəti səbəbindən 30 ildir davam edən bu məsələnin yeganə həlli işğala son qoymaqdır. İşğalın qanuniləşdirilməsi təkliflərinin ərazidə tətbiq olunması şansı yoxdur. Torpaqların azad edilməsi istiqamətində Azərbaycanın son dərəcə qətiyyətli olduğunu görürük. Türkiyə olaraq bütün qəlbimizlə torpaqlarını geri almaq üçün apardığı bu haqlı mübarizəsində Azərbaycanı dəstəkləyirik”. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Afrika İqtisadi və İş Forumunun açılış mərasimində çıxışı zamanı bildirib. Ermənistanın Azərbaycana qarşı hücumları səbəbindən Dağlıq Qarabağ bölgəsində toqquşmaların davam etdiyini deyən Türkiyə Prezidenti bildirib: “Dağlıq Qarabağ Ermənistanın 30 ilə yaxındır işğal etdiyi Azərbaycan ərazisidir. Birləşmiş Millətlər Təşkilatı və ATƏT-in məlum qərarlarına və çağırışlarına baxmayaraq, Ermənistan bu torpaqlardan geri çəkilmir. İndiyədək Minsk Qrupu problemi həll etmək üçün heç bir səy göstərməyib. Ermənistanın məsələyə qeyri-adekvat münasibəti səbəbindən 30 ildir davam edən bu məsələnin yeganə həlli işğalın dayandırılmasıdır. İşğalın qanuniləşdirilməsi təkliflərinin ərazidə tətbiq olunma şansı yoxdur. Torpaqların azad edilməsi istiqamətində Azərbaycanın son dərəcə qətiyyətli olduğunu görürük. Türkiyə olaraq bütün qəlbimizlə Azərbaycanın torpaqlarını geri almaq üçün apardığı bu haqlı mübarizəsini dəstəkləyirik. Ədaləti və qanunu müdafiə edən bütün ölkələri Azərbaycanı dəstəkləməyə çağırırıq”.

Azərbaycan Prezidenti: “Türkiyənin iştirakı olmasa, bu məsələ həll edilə bilməz!”

“Minsk Qrupunun fəaliyyəti ilə əlaqədar məsələyə, mən artıq bir neçə dəfə demişəm ki, Minsk qrupu 1992-ci ildə yaradıldı. O zaman hansı əsaslar buna səbəb oldu biz bilmirik. O qrupda elə ölkələr var ki, heç bu bölgə ilə maraqlanmırlar. Heç bu bölgədə onların hər hansı maraqları da yoxdur, təsiri də yoxdur. Ona görə əgər bu münaqişənin həll edilməsini istəyirlərsə, - biz bunu istəyirik, - elə ölkələr olmalıdır ki, onlar real həyatda sülhün təmin olunmasına xidmət edə bilsinlər”.

Bunu Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev söyləyib. “Təbii ki, biz qardaş Türkiyəni bu prosesdə görürük. Biz bunu alqışlayırıq. Biz bilirik ki, Minsk qrupu ATƏT tərəfindən qurulmuşdur və ATƏT-in öz qaydaları var. O qrupun tərkibinin dəyişdirilməsinin yəqin ki, hüquqi prosedurları var. Biz o dərinliyə getmək istəmirik. Ona görə mən demişəm ki, de-yure, ya da de-fakto, fərq etməz. Əsas odur ki, Türkiyə bu masada olsun. Onsuz da var. Çünki əziz qardaşım, hörmətli Rəcəb Tayyib Ərdoğan Qarabağ məsələsi ilə bağlı hörmətli Putinlə dəfələrlə görüşmüşdür, dəfələrlə danışmışdır. Artıq uzun illərdir, yəni, on ildən çoxdur ki, bu məsələ Türkiyə-Rusiya gündəliyində duran bir məsələdir. Mənim bundan xəbərim var. Həm Türkiyə Prezidenti, həm Rusiya Prezidenti bu haqda mənə demişdilər. Onsuz da Türkiyə var. İndi daha çox, daha böyük həcmdə, daha böyük miqyasda var.

Bilirsiniz ki, Türkiyənin Xarici İşlər naziri cənab Mövlud Çavuşoğlu cənab Lavrovla, Türkiyənin Müdafiə naziri cənab Hulusi Akar cənab Şoyqu ilə telefonla danışırlar. Kim deyə bilər ki, Türkiyə prosesdə yoxdur. Türkiyə yoxdursa, nə üçün danışırsınız? Türkiyə var. Biz də əlimizdən gələni edəcəyik ki, bundan sonra da olsun. Çünki Türkiyənin burada iştirakı olmasa, bu məsələ həll edilə bilməz. Bunu hər kəs anlamalıdır. O ki qaldı, yenə də deyirəm, bu məsələnin formal tərəfinə, bu formal tərəf qala bilər, Minsk qrupu da qala bilər, onsuz da 30 il ərzində bir nəticə hasil etmədi. Ancaq bu məsələ nə qədər tez həll olunarsa, o qədər də tez Minsk Qrupuna ehtiyac qalmayacaq”.

“Türkiyə həm Yaxın Şərq, həm də Qafqaz bölgəsində sabitləşdirici rol oynayır”

“Mən bunu bu günlər ərzində demişəm ki, Türkiyə bölgədə sabitləşdirici rol oynayır. Türkiyənin bölgədə və dünyada yalnız sülhə hesablanmış siyasəti artıq həm Yaxın Şərq bölgəsində, həm də Qafqaz bölgəsində öz nəticələrini verməkdədir”. Prezident İlham Əliyev bu fikirləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən səsləndirib.

Türkiyənin bölgədəki sabitləşdirici rolunu vurğulayan dövlətimizin başçısı deyib: “Ermənistanın növbəti hücumu ilə əlaqədar bu gün yaranmış vəziyyət bir daha onu göstərir ki, Türkiyə həm regionda, həm dünyada söz sahibidir. Əlbəttə ki, bu, bizi gücləndirir, ruhlandırır. Bu gün həm bizim xalqlarımız, həm də bütün dünya görür ki, Türkiyə-Azərbaycan birliyi nə deməkdir”. Prezident İlham Əliyev qeyd edib ki, Türkiyə-Azərbaycan birliyi bütün dünya üçün örnək olmalıdır: “Bu gün biz real həyatda bunu göstəririk, sübut edirik və bu birliyin gələcəyi, hesab edirəm ki, bölgədə dayanıqlı sülhün təmin edilməsi üçün əsas şərt olacaqdır”.

Mövlud Çavuşoğlu: “Bir daha bütün dünyaya demək istəyirəm ki, Dağlıq Qarabağ Azərbaycanındır”

“Azərbaycanın öz torpaqlarını azad etdiyi bir dönəmdə bir daha təkrar edirəm ki, Bakıya Azərbaycana dəstək üçün gəldim, hər zaman Azərbaycanın yanında olacağıq”. Bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycan Xarici İşlər naziri deyib.

Nazir bildirib: “Bir daha bütün dünyaya demək istəyirəm ki, Dağlıq Qarabağ Azərbaycanındır. İşğal olunmuş ərazilər azad edilməyib və bu günə qədər qəbul edilmiş qətnamələr yerinə yetirilməyib. Bir milyondan artıq azərbaycanlı qardaşımız öz evlərinə dönmək üçün gözləyirlər. Ermənistan bir sıra yaşayış mənqtəqələririnə hücum edib. Küncə sıxılan Ermənistan yaşayış yerlərinə atəş açır, hətta Abşerona belə atəş açıb. Bu hərbi cinayətdir, Ermənistanın çarəsizliyinin göstəricisidir. Azərbaycan isə heç bir zaman mülki vətəndaşları hədəf almayıb. Bu da Ermənistanla Azərbaycanın əsas fərqidir”.

Bəli, bu gün Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı sadəcə olaraq, kəlam deyil, bu, gerçəkdir. Artıq bu reallıq bütün sahələrdə sübuta yetirilməkdədir. Hər zaman da bu belə olacaq.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə