Müstəqilliyimizin son 17 ilindəki tarix bizim qürur tariximizdir - ŞƏRH ÖZƏL

Müstəqilliyimizin son 17 ilindəki tarix bizim qürur tariximizdir - ŞƏRH ÖZƏL

"Bu gün Azərbaycan prezidenti İlham Əliyevin ilk dəfə prezident seçilməsindən 17 il ötür. Təbii ki, müxtəlif rakurslardan müxtəlif cür qiymətləndirmələr aparmaq və ən müxtəlif nəticələrə gəlmək olar. Ancaq bir şey əvvəldən aydındır ki, bütün hallarda və yanaşmalarda əldə olunan nəticə qürurverici olacaq. Son 17 il ərzində Azərbaycan dövlətçilik tarixində heç vaxt əldə etmədiyi qədər böyük nəaliyyətlər əldə edib. Xüsusən indiki mürəkkəb tarixi şəraitdə cəmi 17 il ərzində dövlətin, dövlətçiliyin və insani resursların inkişafı ilə bağlı 100 illik bir inkişaf yolu keçib". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, mən bu yanaşmanı bir qədər daha konkretləşdirərək sadəcə bu gün çox aktual olan bir faktın üzərindən fikirlərimi əsaslandırmaq istəyirəm: "Bu, hərbi, ordu quruculuğu faktorudur. Çünki dövlətin dövlət olmasını təmin edən heç şübhəsiz ki, onun ordusudur. Sadəcə ordu quruculuğu üzərindən biz son 17 ildə əldə etdiyimiz nəaliyyətləri göz önündən keçirsək görəcəyik ki, Azərbaycan məhz 21-ci əsrin ordusunu qurmaqla bu gün döyüş meydanında xarüqələr yaradır. Ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın hərbi-siyasi tarixini yenidən yazır. 1828-ci ildən bu günə qədər döyüş meydanında Azərbaycan ordusunun əldə etmədiyi uğurlar əldə edib, zəfərlər qazanır. Hətta bu tarixi bir qədər də geriyə çəkmək olar. 1847-ci ildə Nadir Şahın ölümündən və Əfşarlar dövlətinin süqutundan sonra Azərbaycan çoxsaylı savaşlar apardı. Qacarlar sülaləsi yenidən hakimiyyətə gələrək imperiya qurdular, amma əksər hallarda müharibələrdə məğlub oldular".

H.Babaoğlu vurğulayıb ki, millətimizin hərbi-siyasi tarixini bir bütöv olaraq götürsək hazırki tarixi mərhələdəki bu dövr məhz təqribən son 250 ildə Azərbaycanın böyük zəfərlər əldə etdiyi dövr kimi xarakterizə olunur və gələcəkdə tarixçilər də bunu bu cür qiymətləndirəcəklər: "Düşünürəm ki, ordu quruculuğunda Azərbaycan Prezidenti necəki 21 əsrin ordusunu yarada bilibsə, dövlət qurucuğunun bütün istiqamətlərində də eyni uğurla, eyni keyfiyyətdə nəaliyyətlər əldə etməyi bacarıb. Bu hadisələr o qədər əhəmiyyətlidir ki, bundan sonrakı tarixi mərhələdə nəyinki, xalqımızın dövlətçilik tarixində yeni bir mərhələ açacaq, eyni zamanda bütövlükdə Cənubi Qafqazda yeni münasibətlər sisteminin əsasını qoyacaq. Bu münasibətlər sistemində Azərbaycan tarixən oynadığı rolu yenidən özünə qaytarmış olacaq. Ona görə də müstəqilliyimizin son 17 ilindəki tarix bizim qürur, inkişaf, özünədönüş tariximizdir".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə