"Ermənistan bu gün çox ciddi seçim qarşısındadır" ÖZƏL-ŞƏRH

"Ermənistan bu gün çox ciddi seçim qarşısındadır" ÖZƏL-ŞƏRH

"Ümumiyyətlə Rusiyanın vasitəçiliyi bir çox məsələlərə aydınlıq gətirdi. Ermənistan ümid edirdi ki, Azərbaycan hümanitar atəşkəsə razılaşmayacaq və o dünyada Azərbaycan haqqında həqiqətə uyğun olmayan fikirlər yaymalıdır. Eyni zamanda nəzərə alsaq ki, Ermənistan bu hərbi əməliyyatlarda həlak olanların sayını ciddi surətdə azaldır. Əgər hümanitar atəşkəs elan edilərdisə, həlak olan əsgərlərinin meyitlərinin götürülüb ailələrinə çatdırılması ölkədə çox böyük gərginliyə səbəb olardı. İşğalçı ölkə bunları düşünərək hümanitar atəşkəsə getdi ancaq onu yerinə yetirmək fikrində olmadığını elə ilk andan ortaya qoydu. Atəşkəsin adından, mahiyyətindən də görünür ki, bu hümanitar atəşkəsdir. Yəni məqsəd meyitlərin, əsirlərin dəyişdirilməsi və münaqişə zonasında təsadüfən olan mülki əhalinin dəyişdirilməsidir. Ermənistan buna maraq göstərmədi. Hətta onlar meyitləri yığan Qırmızı Xaç Komitəsinin avtomobillərini atəşə tutdu. Digər tərəfdən isə atəşkəs elan ediləndən Ermənistan bütün cəbhə xətti boyu atəşi davam etdirirdi". Bunu SİA-ya Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, YAP-ın İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə deyib.

Deputatın sözlərinə görə, onlar nəinki cəbhə xətti boyu, eləcə də cəbhədən qat-qat uzaqda olan yaşayış məskənlərini də atəşə tuturdu: "İki gün bundan öncə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə yaşayış binasına gecə vaxtı raketin atılması deyərdim ki, erməni xislətinin , Ermənistan dövlətinin əsil mahiyyətini açıb ortaya qoydu. Ermənilər üçün müqəddəs hər hansı bir anlayış yoxdur. Onlar üçün tarix ədalət anlayışı, beynəlxalq hüquq anlayışı deyilən bir söhbət yoxdur. Onlarda belə təəssürat yaranırdı ki, Azərbaycan bu zaman ermənilərin hücumlarına cavab verməyəcək, eyni zamanda cəbhə xəttindən uzaqda olan dağıntıları, insan ölümünü sakit qarşılayacaq. Amma gözləmədiyi halda Azərbaycan bütün qüdrətini ortaya qoydu. Yəni beynəlxalq təşkilatlara müraciət olundu, Ermənistanın faşist mahiyyəti açıldı, eyni zamanda bizim yaşayış məntəqələrimizi vuran döyüş nöqtələri məhv edildi. Bu müddət ərzində xeyli sayda Ermənistanın hərbi texnikası, atəş nöqtələri, canlı qüvvəsi məhv edildi. Çünki onlar atəşkəsə riayət etmirdilər. Hesab edirəm ki, Ermənistan bu gün çox ciddi seçim qarşısındadır. Ya Ermənistan Azərbaycanın ərazi bütövlüyün etiraf edib, qəbul edib qoşunlarını çıxarmaq qrafikini cənab Prezidentimiz İlham Əliyev demişkən Azərbaycana təqdim etməlidir və yaxud da Azərbaycan bu zaman nə cür addım atacağı barədə çox ciddi surətdə düşünəcək. Cənab Prezidentimizin bu günlərdə telekanalların birinə verdiyi müsahibədə olduğu kimi artıq dünya Azərbaycanı başqa cür qəbul edir. Azərbaycanın gücünü, qətiyyətini görürlər. Azərbaycan bu gün problemlərini öz daxili resursları hesabına həll edir. Hesab edirəm ki, burada Azərbaycanın qətiyyəti, düzgün dövlətçilik fəlsəfəsi, düzgün idarəetmə, daxili xarici siyasətin düzgün qurulması, eyni zamanda tarixi ədalətin və beynəlxalq hüququn Azərbaycan tərəfində olmasının heç biri Ermənistan tərəfində yoxdur".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə