Ölkədə hansı vəziyyətin olmasından asılı olmayaraq vətəndaşlar karantin qaydalarına əməl etməlidir
Sentyabrın 27-də saat 06:00 radələrində quduzlaşmış Ermənistanın Azərbaycana qarşı təxribatı və Azərbaycan Ordusunun gücü ilə işğalçı ölkəni yerində otuzduraraq ardıcıl olaraq qələbələr əldə etməkdədir. Belə bir məqamda dünyanı ağuşuna alan “COVID-19”-a qarşı mübarizə də davam etməkdədir. Bu mübarizədə vətəndaşların karantin qaydalarına əməl etmələri bu «pandemiya müharibəsinə» qalib gəlməyin əsas yoludur və bu şərtləri ilə yaşamağa məcburdur. Reallıq odur ki, ani bir diqqətsizlik insanların həyatını sual altında qoya bilər. Çünki gözəgörünməz bəla çox təhlükəli, aqressivdir və hansısa səhv ağır nəticələr verə bilər.
Prezident İlham Əliyev: “Karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır”
Dövlət başçımız dünyanı ağuşuna alan koronavirus pandemiyasının ilk günlərindən Prezident İlham Əliyevin uzaqgörənliyinin nəticəsi olaraq vaxtında qəbul edilən düşünülmüş düzgün qərarlar itkiləri minimuma endirməyə imkan yaradıb və məhz zamanında görülən tədbirlər nəticəsində Azərbaycanın adı nümunəvi ölkələr sırasında çəkilir. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında bildirib ki, Azərbaycan vətəndaşları yaxşı görürlər ki, qanun hər kəs üçün qanundur. Bir sözlə, dövlət başçısının koronavirusla bağlı ardıcıl addımların atılmasında məqsəd Azərbaycan xalqının sağlamlığı olduğunu bildirib: “Ümumdünya Səhiyyə Təşkilatı bizim gördüyümüz işlərə yüksək qiymət verərək Azərbaycanı koronavirusla mübarizə sahəsində nümunəvi ölkə adlandırıbdır. Bütün bunlar deməyə əsas verir ki, biz bu bəlanı da dəf edəcəyik, bu mübarizədə qalib gələcəyik. Biz xalq olaraq artıq birlik, həmrəylik nümayiş etdirmişik, indi daha çox məsuliyyət və nizam-intizam nümayiş etdirməliyik. Belə olan halda biz bu ağır vəziyyətdən az itkilərlə və şərəflə çıxacağıq”.
Əli Əsədov: “Koronavirusla mübarizədə qazanılmış nailiyyətləri qoruyub saxlamaq və bütün resursları cəbhəyə yönəltmək üçün karantin rejiminin qaydalarına nəzarəti gücləndirmək lazımdır”
Bu günlərdə Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə mübarizəni gücləndirmək və karantin rejiminə daha ciddi əməl olunması üçün tədbirlərə həsr olunmuş geniş müşavirədə qeyd edib ki, koronavirusla mübarizədə qazanılmış nailiyyətləri qoruyub saxlamaq və bütün resursları cəbhəyə yönəltmək üçün karantin rejiminin qaydalarına nəzarəti gücləndirmək lazımdır. Baş Nazir bildirib ki, xüsusilə iş yerlərində, ictimai nəqliyyatda, ticarət mərkəzlərində və təhsil müəssisələrində qaydalara əməl edilməsinə daha ciddi nəzarət edilməlidir.
Azərbaycanda koronavirusla əlaqədar iki şəhərə giriş-çıxış bağlanır
Qeyd edək ki, Nazirlər Kabineti “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarında dəyişiklik edib. Dəyişikliyə əsasən, xüsusi karantin rejimi dövründə operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Sabirabad şəhərinə, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Şəki şəhərinə və Kiş kəndinə giriş-çıxış dayandırılır. Qərara əsasən 2020-ci il 14 oktyabr saat 00:00-dan qüvvəyə minir. Qeyd edək ki, Azərbaycanda 2 noyabr saat 06:00-dək xüsusi karantin rejimi tətbiq olunub.
Vasif Əliyev: “Yoluxmada artım bizə yayda olduğu kimi soyuq günlərdə də çətin anlar yaşada bilər”
“Artıq insanlar arasında koronavirusla bağlı həyəcan təbili çalınmalıdır. Çünki Azərbaycanda virusa yoluxma ilə bağlı son rəqəmlər çox ciddi rəqəmlərdir. Bir gün ərzində olan yeni yoluxma ilə bağlı 270 rəqəmini yay dönəmində görsəydik, bəlkə də başqa cür reaksiya olardı. Amma indi insanlar buna əhəmiyyət vermək istəmirlər. Bu rəqəm sabah daha da artaraq, 300, 400, hətta 500 ola bilər. Hazırkı vəziyyətdə xəstəxanalara müraciət edənlərin də artdığını görürük. Əgər qaydalara əməl etməsək, yoluxma sayı daha da artacaq». Bunu TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib. O qeyd edib ki, koronavirusla bağlı tətbiq olunan bəzi məhdudiyyətlərin aradan qaldırılması, tədris müəssisələrinin açılması, həmçinin payız mövsümünün gəlməsi ilə əlaqədar “COVID-19”a yoluxma tendensiyasında artım müşahidə olunur. Yoluxmanın ədədi silsilə ilə artması bizim daha da diqqətli olmağımızı vacib edir.
“Bu qədər artışa səbəb son günlər əhali arasında koronavirusun aktivliyinin itməsidir. 2 həftədən çoxdur ki, hər bir Azərbaycan vətəndaşı döyüşmək, torpaqlarımızı qaytarmaq haqqında düşünür. İnanırıq ki, bəiz hər bir sahədə- cəbhədə də, gözəgörünməz pandemiyada da qalib çıxırıq, çıxacağıq da. Lakin biz bu zaman gözəgörünməz düşmənlə daha ciddi mübarizə aparmalı, karantin rejiminə əməl etməliyik”. TƏBİB rəsmisi vurğulayıb ki, ötən günün statistikasına görə, Azərbaycanda 2091 nəfər aktiv xəstə sayı qeydə alınıb. Bu hələ təsdiq olunan xəstə sayıdır, bundan başqa xəstəliyi asimptomatik formada keçirənlər də var. Ona görə də mövcud qoruyucu vasitələrdən istifadə edərək təmasdan qaçmaq lazımdır: “İnsanlar bilməlidirlər ki, bunun spesifik müalicəsi yoxdur, vaksin hazırlanmayıb. Yeganə qorunma yolu yoluxmamaqdır. Biz hər kəsə aktiv virus daşıyıcısı gözü ilə baxmalıyıq və ona görə maska taxmalı, ara məsafəsi saxlamalı və kütləvi yerlərdə toplaşmamalıyıq. Biz özümüzü qorumaqla həm ordumuza, həm də həkimlərimizə yardım etmiş olarıq”.
V.Əliyev hesab edir ki, son günlər ərzində yoluxmanın artması insanların diqqətinin cəbhəyə yönəlməsi ilə əlaqədardır. Bu anlaşılandır, amma belə bir vəziyyətdə koronavirusu da unutmaq olmaz. Əgər virus sürətlə yayılmağa davam etsə, orduya da təsir edəcək: “Azərbaycanda koronavirusla bağlı – həm müalicə, həm də xəstəliyin nəzarət altına alınması ilə bağlı vəziyyət Avropa ölkələrindən daha yaxşıdır. Əgər yenidən məhdudiyyətlərin tətbiq olunmasını istəmiriksə, qayda-qanunlara ciddi riayət etməliyik. Zəruri olmadan insanların kütləvi toplaşdığı yerə getməməliyik, lazım olmadığı halda ictimai nəqliyyatdan istifadə etməməliyik. Sosisal məsafə saxlamaq və maskadan düzgün istifadə etmək lazımdır. Bəzi insanlar maska taxarkən burunları maskadan yuxarıda qalır. Bu düzgün deyil, əgər maskanı taxırıqsa, onu düzgün formada taxmalıyıq”.
“Son günlərdə 200-dən artıq yoluxmanın qeydə alınması bizim üçün bir siqnal, xəbərdarlıq olmalıdır”,- deyən V.Əliyev bildirib ki, insanlardan çox xahiş edirəm ki, mövcud vəziyyəti nəzərə alsınlar, artıq son günlərdə yoluxma sayı artmağa doğru gedir: “Ötən həftələrdə gündəlik yoluxma sayı 100-ün altında idi, bu da cəmiyyətdə arxayınlıq yaratdı. Amma son günlərdə 200-dən artıq yoluxmanın qeydə alınması bizim üçün bir siqnal, xəbərdarlıq olmalıdır. Bu sayın artması insanların bir-biri ilə təmasının artmasına görədir. İnsanlar son günlər sanki koronavirusu unudublar. Gürcüstanda və Ermənistanda artıq yoluxma pik həddə çatır. Bu da bizi daha da ehtiyatlı olmağa sövq edir. Xalqımız sağlam olmalıdır ki, bu gün ön cəbhədə olan insanlarımızın da fikri ailələrinin yanında qalmaz. Yoluxmanın artmaması səhiyyə sisteminə də xeyirdir. Bununla da həkim çatışmazlığı yaranmaz. Yoluxma sayı sürətlə artarsa, xəstəxanalarda çarpayı çatışmazlığı da ola bilər. Savaş gedən ölkədə yaralıların olmasını da nəzərə almaq lazımdır. Yaralı əsgərlərimizə olan tibbi diqqəti artırmaq üçün arxa cəbhədə olan insanlar sağlam olmalıdır ki, ön cəbhəyə bu cür faydalı ola bilək. Virus hələ bitməyib, bunu unutmamalıyıq. Sanki indi koronavirus insanlar üçün adiləşib, aktuallığını itirib. Amma bu virus hələ də aktualdır. Yumşalma o demək deyil ki, biz virusun olduğunu unutmalıyıq, əksinə indi daha da diqqətli olmalıyıq. Biz virusun artdığını artıq xəstəxanalarda real olaraq görürük. Bir ara ictimai nəqliyyatda maskadan istifadəyə ciddi əməl olunsa da, indi bu məsələyə də laqeyd yanaşıldığı müşahidə olunur. Mütləq maskadan istifadə etməli, əllərimizi tez-tez yumalı, sosial məsafəni qorumalıyıq”.
“COVID-19” infeksiyası ilə bağlı vaksinin tapılmasına gəlincə isə, V.Əliyev bildirib ki, hələ ki, peyvəndin qoruma müddəti, əks təsirləri, hansı yaş qruplarına olunacağı və sair məlum deyil. Peyvəndin nə vaxt hazır olacağı məlum olmadığına görə, bütün bəsit qayda-qanunlara əməl olunmalıdır.
Təyyar Eyvazov: “Hər bir insan şüurlu olaraq, maska taxılmalı, sadə gigiyena qaydalarına riayət edilməli, sosial məsafə gözlənilməlidir”
Azərbaycanın baş infeksionisti Təyyar Eyvazov sözügedən məsələ ilə bağlı bildirib ki, virusla əlaqədar maarifləndirmə məsələləri də son günlər ərzində KİV-lər tərəfindən kifayət qədər işıqlandırılır: “Mütləq deyil ki, dövlət hər hansı bir karantin tədbirini gücləndirsin. Hər bir insan şüurlu olaraq, sadə tövsiyələrə əməl etməlidir. Maska taxılmalı, sadə gigiyena qaydalarına riayət edilməli, sosial məsafə gözlənilməli, asqırarkən və öskürərkən respirator gigiyena qaydalarına əməl olunmalıdır”. Baş infeksionist qeyd edib ki, müəyyən təbii faktorlar da bu sayın artmasına öz təsirini göstərir: “Əvvala, Günəş şüalarının ətraf mühitə təsir etmə müddəti azalıb və o, ətraf mühitə əvvəlki qədər təsir etmir. Bundan başqa, havanın temperatur və rütubət göstəricilərinin dəyişməsi nəticəsində insanlar bəzən geyimlərini düzgün seçə bilmirlər və xəstələnirlər. Havanın temperaturu aşağı düşdükcə insanlar daha çox qapalı mühitdə qalırlar. Soyuq havada yuxarı tənəffüs orqanlarının damarlarının viruslara qarşı müqaviməti azalır. Bunların hamısı virusun yayılması üçün şərait yaradır. Bunlar təbii faktorlardır, amma digər faktorlar da var ki, biz əsas bunun üzərində dayanmalıyıq. Qarabağ müharibəsinin başlanması ilə əlaqədar insanların kültəvi şəkildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməsi və orada kütləvi şəkildə dayanması sosial məsafənin gözlənilməməsinə səbəb oldu. Digər tərəfdən, yay aylarında yoluxma sayının azalması insanların virusla bağlı məsuliyyətini azaltdı”.
Bütün bu deyilənlərə isə birlikdə əməl etməliyik. Çünki hər bir sahədə biz birlikdə güclüyük! Çünki ölkədə vəziyyətdən asılı olmayaraq Azərbaycan Prezidentinin fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə sədaqətli, layiqli xidmət prinsipi üzərində qurulmuşdur. Və Prezident İlham Əliyev cənablarının bu döyüşdə bir daha əminliklə söylədiyi: “Azərbaycan xalqı belə şücaətli, igid oğullarımızla qürur duyur və tezliklə bu zəfərlə Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”, həmçinin pandemiyaya qarşı mübarizədə Azərbaycan xalqını uğurlu gələcəyə aparan bu siyasətin növbəti illərdə də davam etdiriləcək, xalqımız bu sınaqdan da üzüağ çıxacaq. İnşallah!
Bir sözlə, dövlət başçımızın dediyi kimi: “Biz xalq olaraq artıq BİRLİK, HƏMRƏYLİK nümayiş etdirmişik, indi daha çox məsuliyyət və nizam-intizam nümayiş etdirməliyik. Belə olan halda biz bu ağır vəziyyətdən az itkilərlə və şərəflə çıxacağıq”.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB