Elmar Məmmədyarov ATƏT-in Parlament Assambleyasının sədrini qəbul edib

Elmar Məmmədyarov ATƏT-in Parlament Assambleyasının sədrini qəbul edib

Xarici işlər nazir Elmar Məmmədyarov ATƏT-in Parlament Assambleyasının sədri Petros Eftimiunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qonağı salamlayan nazir E.Məmmədyarov ATƏT-in əhəmiyyətli beynəlxalq təşkilat olduğunu qeyd etmiş və Azərbaycanın bu təşkilatla əməkdaşlığı davam etdirməkdə maraqlı olduğunu vurğulayıb.

Görüş zamanı Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqları ətrafında fikir mübadiləsi aparılıb. Nazir E.Məmmədyarov erməni silahlı qüvvələrinin bu gün də Azərbaycanın ərazilərini işğal altında saxlaması və Ermənistan tərəfindən azərbaycanlı əhalinin həmin ərazilərdən qovulmasının münaqişənin həlli prosesini daha da mürəkkəb bir duruma gətirdiyini bildirib. E.Məmmədyarov münaqişənin sülh yolu ilə həlli istiqamətində atılacaq ilk addımın erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasından ibarət olduğunu vurğulayaraq, erməni tərəfinin bu addımının regiondakı siyasi mühitə müsbət təsir göstərəcəyinə əmin olduğunu bildirib. Ermənistan rəhbərliyinin silah və zor hesabına sərhədlərin dəyişdirilməsi ilə bağlı mövqeyinin müasir dünyada mövcud beynəlxalq qanunvericiliyin norma və prinsiplərinə zidd və qəbul edilməz olduğunu qonağın diqqətinə çatdırılıb.

P.Eftimiu Azərbaycanın əməkdaşlığını yüksək qiymətləndirərək, Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş olmadığı və bu münaqişənin həllinin uzanmış olması fikri ilə tam razı olduğunu bildirib. O, təmsil etdiyi təşkilatın bütün üzv ölkələrini bu münaqişənin tezliklə həllinə nail olması üçün töhfələrini verməkdə çağırmağa davam edəcəyini qeyd edib.

Görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə