"Gəncəyə raket hücumu Ermənistanın faşist simasını ifşa etdi" MÜNASİBƏT
"Moskvada Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin iştirakı ilə keşirilən mürəkkəb və gərgin görüşün nəticəsi olaraq 2020-ci ilin oktyabrın 10-u saat 12.00-dan etibarən atəşkəs elan edilib. Humanitar xarakterli atəşkəs sülh sazişi deyil və tərəflərə döyüş meydanında həlak olmuş, yaralanmış, əsir götürülən döyüşçülərin dəyişdirilməsi şəraiti yaradır. Müvəqqəti atəşkəsin tətbiqinə baxmayaraq Ermənistanın beynəlxalq məsuliyyətsizliyi davam edir, danışıqlarda əldə edilən nəticələrə zidd hərəkətlər edilir". Bunu SİA-ya politoloq Rəşad İmanov deyib.
Onun sözlərinə görə, Moskvada humanitar atəşkəsin imzalanmasından sonra Ermənistanın razılaşmanı dərhal pozması, diversiya qrupları ilə hücumlar təşkil etməsi, Azərbaycanın yaşayış məntəqələrini bombalaması bu ölkənin təcavüzkar mahiyyətini bir daha ortaya qoydu: "Atəşkəs razılaşmasını kobud şəkildə pozan Ermənistan Gəncəyə raket zərbəsi endirməsi, günahsız uşaqları, qadınları, yaşlıları qətlə yetirməsi, yaralaması bir daha göstərdi ki, Paşinyan rejimi heç bir halda sülhün, atəşkəsin tərəfdarı deyil.
Əhali arasında çaşqınlıq və qorxu yaratmaq məqsədi daşıyan və insanlığa sığmayan bu erməni vandalizmi nəticəsində 10 nəfər dinc sakin həlak olub və 40-dək mülki şəxs yaralanmışdır. Lakin buna baxmayaraq bu terror hadisəsi gəncəliləri qorxutmayıb, əksinə, dünyanın bir sıra ölkələrinin mətbu orqanlarında da qeyd olunduğu kimi, Gəncə erməni təcavüzünə qarşı müqavimət simvoluna çevrilib.
Gəncəyə raket hücumu Ermənistanın hərbi-siyasi rəhbərliyinin anti-insani, faşist simasını ifşa etdi və bütün dünyaya göstərdi. Bir daha sübut olundu ki, Ermənistanın əsas hədəfi yaşayış məntəqələri və dinc əhalidir. Ermənistanın Gəncədə çoxmənzilli binanı raket atəşinə tutması işğalçı ölkənin dövlət səviyyəsində terror siyasəti yürütməsinin əyani təsdiqidir. Bu hücumlar, mülki əhalinin hədəfə alınması, sözün əsl mənasında, müharibə cinayətləridir və Ermənistan artıq qlobal bir problemə çevrildiyini nümayiş etdirir. Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs razılaşmasından sonra dinc insanları və şəhərləri atəşə tutması Ermənistanın hərbi-siyasi rəhbərliyinin atəşkəs çağırışlarının riyakarlıqdan başqa bir şey olmadığının növbəti bariz göstəricisidir.
Döyüş meydanında bir-birinin ardınca ağır və sarsıdıcı zərbələr alan mənfur düşmən Tərtər, Ağdam, Ağcabədi, Bərdə, Beyləqan Füzuli, Goranboy və digər ərazilərdə mülki əhalini hədəfə alır. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin kütləvi şəkildə bombardman edilməsi təsadüfi xarakter daşımayaraq, məqsədyönlü şəkildə həyata keçirilir.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Ermənistana, eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində qətiyyətli, birmənalı mövqeyi olmayan dövlətlərə ünvanladığı "Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır”, “Qarabağ Azərbaycandır!" bəyanatı Vətənin taleyini düşünən hər bir Azərbaycan vətəndaşının məsuliyyətini artırır. Rəşadətli Ordumuz tərəfindən əks-həmlə hücumu ilə düşmən ordusu nəinki susdurulub, eyni zamanda, işğal altında olan bir sıra yaşayış məntəqələrimiz azad edilib. İnanırıq ki, üçrəngli Azərbaycan bayrağı tezliklə işğal altında olan digər torpaqlarımızda da dalğalanacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB