Həm hərb meydanda, həm də danışıqlar masasında – İlham Əliyev qətiyyəti

Həm hərb meydanda, həm də danışıqlar masasında – İlham Əliyev qətiyyəti

Qarabağ Azərbaycandır!- Ali Baş Komandanın beynəlxalq arenada yüksək nüfuzunun məntiqi nəticəsidir

Prezident İlham Əliyev: “Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında…” Bəli, bu gün qazanılan qələbələr Azərbaycan Prezidentin, Ali Baş Komandan İlham Əliyevin milli maraqlarımıza söykənən müstəqil siyasətinin, beynəlxalq arenada yüksək nüfuzunun, Güclü Ordumuzun, rəşadətli əsgərlərimizin və xalqın birliyinin məntiqi nəticəsidir.

Uzun sözün qısası, Böyük Azərbaycan zərrə-zərrə işğal edilsə də, ağır döyüşlərdə büdrəsə də, heç vaxt yıxılmamışdır. Dəfələrlə aramsız müharibələrə, talanlara, işğallara məruz qalan ana yurd Prezident Cənab İlham Əliyevin sözləri ilə desək, heç vaxt indiki qədər qüdrətli olmamışdır.

Güclü ideyanı müdafiə edən xalq da güclüdür

Güclü ölkənin güclü, qətiyyətli lideri də güclü olur. Böyük mütəfəkkir Viktor Hüqo vaxtilə yazırdı: “Əsl Liderin ömrünün yarısı Vətənə, digər yarısı da xalqa xidmət etməkdən ibarətdir”.

Bu gün müstəqil Azərbaycanı güclü edən, onu sabitlik məkanına çevirən əsas amil də məhz xalqımızın ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən Heydər Əliyev ideyalarına olan sonsuz sədaqətidir. Məhz elə buna görədir ki, 17 il əvvəl “Mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam» məramı ilə Prezident İlham Əliyevin həyatı xalqına və Vətəninə həsr olunmuş əsl lider ömrüdür. Cənab İlham Əliyev Ulu Öndərimizin “Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır» fikirlərini reallığa çevirərək bir daha isbat etdi ki, O, məhz Vətəninin, xalqının rifahı üçün yaşayan LİDERDİR.

Bu gün Azərbaycan Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev cənablarının rəhbərliyi ilə rəşadətli Azərbaycan əsgəri döyüşlərdə qəhrəmancasına döyüşə-döyüşə bərkiyərək Güclü Ordumuzun gücü ilə Azərbaycan tarixinə qələbələr yazır. Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı döyüşlərdə bərkiyə-bərkiyə, azadlığa yetmək üçün haqq yolundan, Vətən yolunda canından keçərək yaralanan yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşü zamanı bildirdi ki, biz haqq yolunda, öz torpağımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq: “Bizim işimiz haqq işidir, biz öz torpağımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq. Bizim davamız ədalətli davadır və əminəm ki, bu münaqişədə biz istədiyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Uzun illər ərzində məcburi köçkün kimi yaşayan soydaşlarımız da öz doğma dədə-baba torpaqlarına qayıdacaqlar”.

Çünki Qarabağ bizim əzəli torpağımızdır. Azərbaycan Prezidenti dəfələrlə vurğulayıb ki, “Qarabağ Azərbaycandır və nida işarəsi”. Bu günlərdə dövlət başçımızın Azərbaycan xalqına müraciətində də bir daha Ermənistanın baş nazirinin yalan və sərsəm informasiyalar olduğunu deyib: “Ermənistanın baş naziri bir il bundan əvvəl işğal edilmiş torpaqlarda - Xankəndidə demişdir ki, «Qarabağ Ermənistandır və nöqtə». Birincisi bu, yalandır, Qarabağ Azərbaycandır və mən bu məsələ ilə bağlı öz fikirlərimi dəfələrlə bildirmişəm. Qarabağ Azərbaycandır və nida işarəsi”.

Bu gün Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını uğurla alması, düşmənə sarsıdıcı zərbələr endirməklə cəbhədə əldə etdiyi qələbələr bir daha sübut edir ki, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Möhtərəm Prezident, cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun əks hücumu nəticəsində uzun illər işğal altında olan torpaqlarımızın azad olması xəbəri hər birimizdə böyük ruh yüksəkliyi yaradır. Çünki bu gün Azərbaycan Ordusu öz torpağı uğrunda, ərazi bütövlüyü uğrunda vuruşur. Artıq Vətən Müharibəsini 17-cü günüdür, hər gün QƏLƏBƏLƏR müjdəsi gəlir, azad olunan ərazilərimizdə Azərbaycanımızın üç rəngli bayrağı dalğalanır. Hər gün, hər saat ardıcıl olaraq qələbə sorağını eşitmək və bu sevinci xalqımıza bəxş edən ölkə Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev Cənabları ilə, Güclü Azərbaycan Ordusu və rəşadətli, qəhrəman əsgərlərimizlə Azərbaycan xalqı qürur və fəxr edir.

Qazanılan qələbələr təkcə silahın gücü deyil, həm də Prezidentimizin milli maraqlarımıza söykənən müstəqil siyasətinin, beynəlxalq arenada yüksək nüfuzunun məntiqi nəticəsidir.

Bu gün Prezident İlham Əliyevin əməli addımları, dünyanın nüfuzlu telekanallarında ingilis, rus, türk və doğma Azərbaycan dilimizdə müsahibələrində Azərbaycanla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə onların başa düşəcəyi dildə çox böyük qətiyyətlə çatdırması informasiya müharibəsində də ciddi irəliləyişlərə dəlalət etmişdir. Həmin müsahibələrdə dövlət başçımız dünyaya Azərbaycan həqiqətlərini bir daha aydın bəyan etməkdədir. Qarabağın Azərbaycanın əzəli torpağı olması, tarixi ədalətin hər zaman onun Azərbaycana aid olmasını dünya ictimaiyətinə çatdırdı, Ermənistanın faşist, terrorçu və yalançı siyasi hakimiyyətə malik olmalarını ifşa etdi, 30 il səbrlə və ardıcıllıqla beynəlxalq hüquqa əsaslanmış müzakirələrdən sonra Azərbaycan Respublikasının BMT tərəfindən tanınmış 86.6 min kv. km. ərazilərimizin bərpasına və suverenliyinin bərpasına başlandığını qətiyyətlə bildirdi, Həmsədr dövlətlərin də səs verdiyi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı dörd qətnaməsinin icrasını və qəbul edilən qətnamələrə hər bir dövlətin hörmətlə yanaşmalı olduğunu vurğuladı.

Azərbaycan işi haqq işidir…

Rusiya Federasiyasının vasitəçiliyi ilə baş tutmuş Azərbaycan Respublikası və Ermənistan Respublikası Xarici İşlər nazirlərinin Moskva görüşü nəticəsində 10 oktyabr 2020-ci il tarixi saat 12.00-dan etibarən humanitar atəşkəsə riayət olunması razılığının əldə olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri bu razılığı kobud şəkildə pozmaqla bir daha riyakarlığını nümayiş etdirdisə, Azərbaycan dövləti də haqq yolunda, Vətən yolunda mübarizə apardığını göstərdi. Bu gün bütün dünya bir daha erməni hiyləsinin, riyakarlığının şahidi oldu. Ermənistanın normal dövlət ola bilməməsi, öz cəmiyyətini və beynəlxalq ictimaiyyəti xəbiscəsinə aldatması da bəllidir. Bununla bir daha sübut olundu ki, humanitar məqsədə xidmət edən atəşkəslə yanaşı, ehtiyat tədbirləri də paralel aparılmalıdır. Artıq atəşkəs danışıqlarında, digər ikitərəfli, çoxtərəfli platformalarda şərtləri məhz Azərbaycan müəyyən edir. Bu, o deməkdir ki, Azərbaycana qarşı hər hansı şərtlərin irəli sürülməsindən söhbət gedə bilməz və atəşkəs istəyən tərəf beynəlxalq hüquq normalarına əməl etməlidir. Bu sadə gerçəkliyi artıq hamı başa düşməlidir.

İndi şərtləri Prezident İlham Əliyev diktə edir

Azərbaycan Prezidenti haqlı olaraq bəyan etdi ki, mövcud durumda situasiyanı Azərbaycan müəyyənləşdirir. İndi şərtləri cənab İlham Əliyev diktə edir. Dövlət başçımız şərtlərini bir daha qətiyyətlə bildirdi: Ermənistan silahlı birləşmələri Azərbaycan torpağından tamamilə çıxarılmalı, N.Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını etiraf etməli, Azərbaycan xalqından üzr istəyərək “Qarabağ Ermənistan deyil» fikrini söyləməli və işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması cədvəlini hazırlayıb Azərbaycana təqdim etməlidir. Əgər Azərbaycan Prezidentinin bu şərtlərinə əməl olunarsa, atəşkəs rejimi bərpa ediləcək. Paşinyan rejiminə güzəşt yoxdur. İllərdir sülh istəyən, humanist siyasət aparan Azərbaycanla artıq kimsə diktə dili ilə danışa bilməz.

Azərbaycan hər zaman sülhün tərəfdarı olduğunu dünyaya bəyan edib. Ermənistan isə status-kvonun saxlanması üçün müxtəlif bəhanələr gətirib danışıqlar masasına oturmurdu. İndi Paşinyan danışıq aparmaq üçün açıq-aşkar yalvarır. Ancaq Azərbaycan Prezidenti onunla nəinki bir masada oturmaq, heç danışıq aparmaq belə istəmir. Çünki danışıqlara Paşinyanın “Qarabağ Ermənistanındır” sərsəm fikrindən sonra xitam verilib.

Prezident İlham Əliyev: “Gəncəyə hücum Ermənistanın terrorçu ölkə olmasını bir daha göstərir”

Bu gün Ermənistan atəşkəs rejimini kobud şəkildə pozaraq, Gəncə şəhərinin dinc sakinlərini raketlə atəşə tutması işğalçı ölkənin bir daha faşist, terrorçu olduğunun təsdiqlədi. “Gəncəyə hücum Ermənistanın terrorçu ölkə olmasını bir daha göstərir. Yəni, bu, Cenevrə Konvensiyasına daban-dabana zidd olan bir hərəkətdir. Yəni mülki əhalini, şəhərləri vurmaq qəbuledilməzdir. Gəncə şəhəri döyüş bölgəsi deyil. Gəncə şəhərinin içərisində hər hansı bir top, tank yoxdur. Niyə bunu vurursan? Yəni, nifrətə görə. Azərbaycana, Türkiyəyə qarşı nifrət onların qanındadır». Bu fikirləri Prezident İlham Əliyev “TRT Haber” telekanalına müsahibəsində səsləndirib.

Dövlət başçısı Twitter hesabında yazıb ki, “Ermənistanın Gəncəyə raket hücumu Rusiyanın vasitəçiliyi ilə aparılmış danışıqlara hörmətsizlik və erməni faşizminin növbəti təzahürüdür”. Və bu bu alçaq əməllər Azərbaycan xalqının iradəsini heç vaxt sındıra bilməz. Dünya dövlətləri də gözlərini açıb Azərbaycanın necə xəyanətkar, xain, insani hisslərdən uzaq düşmənlə üz-üzə dayandığını görsün. bu cür xislətə malik olanlar törətdiyi cinayətlərinə görə layiqli cəzasını verməlidir.

Prezident İlham Əliyev Rusiyanın RBK televiziya kanalına müsahibəsində bildirib ki, o, anaların göz yaşlarına görə cavab verəcək: “Görün, onlar nə həddə çatıblar. Biz onları cəzalandırmalı idik. Biz onlara yerlərini göstərməli idik ki, bizimlə belə danışmaq olmaz, bu, onlara asan başa gəlməyəcək. Belə də oldu. O, anaların göz yaşlarına, cəbhəyə göndərdikləri Ermənistanın günahsız gənc vətəndaşlarının ölümünə görə cavab verəcək”.

Ali Baş Komandan, ölkə Prezidentinin bildirdiyi kimi: “Nə qədər ki, Ermənistan bu təxribatçı əməllərdən əl çəkməyəcək, Azərbaycan Ordusu onları bundan sonra da cəzalandıracaq”.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə