Azərbaycan: Multikultural və tolerant ölkənin tarixi həqiqətləri
Hələ 12 əsr əvvəl Azərbaycanda dünyanın ilk multikultural, tolerant, sülh və qardaşlıq şəraitində formalaşan cəmiyyət və dövlət yaradılmışdı
Dünya tarixində ilk nümunəvi cəmiyyət və sosial dövlət formalarından biri də Azərbaycanda yaranıb. 12 əsr əvvəl milli-mənəvi dəyərlərə və bəşəri ideallara söykənən bir sistemin formalaşması xalqımızın dünyaya ta qədimdən nümunəvi dövlət və cəmiyyət forması bəxş etdiyinin aydın göstəricisidir. Bu yazımızda qədim Azərbaycan tarixində ən şərəfli dövrlərdən olan Hürrəmilər Hərəkatı (VIII-IX əsrlər) və hərəkatın nəticəsi olaraq Babəkin başçılığı (816-838) vaxtı yaradılan Hürrəmi dövlətindən, bu dövlətin hansı baza üzərində formalaşmasından danışacağıq.
Azərbaycan 8-ci əsrdə: cəmiyyət və din münasibətləri
VII əsrdə semit mənşəli xalqların sosial-mənəvi səviyyəsinə uyğun olan yeni dinin yaranması yarımvəhşi ərəb qəbilələrinin islam ideologiyası ətrafında Ərəb Xilafətində birləşməsinə gətirib çıxardı. Ərəb-islam dövləti VII əsrin ortalarına yaxın hərbi cəhətdən xeyli güclənmiş və bütün ətraf ölkələri öz hakimiyyəti altına almaq üçün istilaçı və talançı yürüşlərə başlamışdı.
Xüsusilə də, əsas hədəf bir zamanlar səhraya qovulmuş vəhşi qəbilələrin minillik arzusu olan şimal-şərq və şimal-qərb istiqamətində yerləşən məhsuldar və zəngin təbiətli torpaqlar idi. Bu torpaqlarda müxtəlif xalqlar sülh şəraitində mehriban yaşayırdılar.
Azərbaycan xalqının ta qədimdən sülhsevər və humanist olduğunu, hətta ərəb tarixçiləri də etiraf ediblər. İbn ən-Nədim yazır: "Hürrəmilərin dini etiqadında qətl, əzab və savaş yox idi, onlar bütün bunların nə olduğunu bilmirdilər".
Azərbaycanın əksər ərazilərini qılınc gücünə işğal edən, on minlərlə yerli sakini amansızlıqla qətlə yetirən ərəblər yerli xalqın milli-mənəvi dəyərlərinə, mədəniyyətinə və yaşayış tərzinə kobud müdaxilə edir, öz dillərini, mədəniyyətlərini, milli adətlərini və dini ideologiyalarını zorla qəbul etdirmək üçün bütün vasitələrdən istifadə edirdilər.
Azərbaycan xalqına məxsus qədim məbədlər dağıdılır və ya xristianlara (məs. ermənilərə) peşkəş olunurdu. Bundan əlavə, bütün dini-fəlsəfi, elmi kitablar "Quranda yoxdursa küfrdür" iddiası ilə yandırılır, qiymətli incəsənət əsərləri Xilafət paytaxtına daşınır, alimlər əsir aparılır, ruhani ustadlar öldürülür, milli sərvətlər (həmçinin əhalinin mal-mülkü) qarət olunur, islamı qəbul etməyən əhali üzərinə ağır vergilər qoyulurdu.
Görkəmli tarixçi akademik Ziya Bünyadov "Azərbaycan VII-IX əsrlərdə" adlı əsərində dövrün tarixçilərinə istinadən yazır: "…Ərəblər yerli əhalini sürətlə müsəlmanlaşdırmaq üçün islamı, ərəb dili və digər adət-ənənələrini qəbul etməyənlərin üzərinə olduqca ağır vergilər qoyurdular. Bu vergidən can qurtarmaq üçün əksər adamlar üzdə özlərini bu şərtləri qəbul edən kimi göstərir, hətta özlərinə ərəb adları götürməyə məcbur olurdular".
Orta əsr mənbələrdə qeyd olunur ki, ərəblər işğal etdikləri ərazilərdə öz dinlərini "qeyri-kitab əhli" (?) və ya "kafir" (?) adlandırdıqları yerli əhaliyə qılınc gücünə qəbul etdirməyə çalışır, ən qədim təktanrılı dinin (zərdüştlüyün) ən qədim müqəddəs kitabın- (Avestanın) mənəvi sahibi olan xalqımıza qarşı insanlığa sığmayan hər cür vasitə ilə zor işlədirdilər.
Halbuki, "Zərdüştün müvəhhid və təkallahlı olmasını Əli ibn Əbu Talib (Məhəmməd peyğəmbərin mənəvi varisi və islamın ilk imamlarından biri), ondan sonra Hüzeyfə, Səid ibn-Müsəyib və başqaları qəbul etmişlər" (İsmayıl Şəms, "Avesta").
Beləliklə, məlum olur ki islam dinini əldə bayraq edən vəhşi səhra ərəbləri heç bir mədəniyyət yüksəkliyinə, heç bir təktanrıçılıq dininə əhəmiyyət vermədən yalnız öz ideologiyalarını yeritmək, maddi sərvətlər əldə etmək, münbit torlaqları işğal etmək üçün yüz minlərlə insanımızı öldürmüş, ölkəmizi xaraba qoymuşlar.
"Böyük mütəfəkkir Mirzə Fətəli Axundov bu prosesi belə ifadə edib: "Ərəblər bizim minillik səltənətimizi yıxdılar, şan və şövkətimizi bərbad etdilər, vətənimizi elə xarabadan da xarab etdilər ki, bu günə qədər abad etmək mümkün olmayıbdır" (Əsərləri II cild. Bakı 1961, səh 137)
Hürrəmilər hərəkatının təşəkkülü və ideoloji bazası
Ərəb işğalından çox minillər qabaq Azərbaycan bəşər tarixində ilk təktanrılı dinin mərkəzi sayılırdı. Bu torpaqlarda dünyanın ən qədim məbədləri tikilmiş, tarixin ən qədim müqəddəs kitabı- Avesta dünyaya buradan yayılmış, ilk peyğəmbər Zərdüşt burada yaşamışlar.
Lakin tarixin sonrakı dövrlərində məlum proseslər və xüsusilə də Makedoniyalı İsgəndərin yürüşü zamanı bu dinə qarşı total təcavüz həyata keçirilmiş, maqların böyük əksəriyyəti öldürülmüş, Avestanın əldə olan bir nüxsəsi yandırılmış, digər nüsxəsi isə İsgəndər tərəfindən Yunanıstana aparılmışdı.
Sonralar antik mütəfəkkirlərin və müasir böyük alimlərin də etiraf etdiyi kimi, Avestanın yunan-Roma mədəniyyətinə böyük təsiri olmuş, hətta bu mədəniyyətlərin onun güclü təsiri altında formalaşmasına səbəb olmuşdu.
Hürrəmi ideologiyası zərdlüştlük, həmçinin bu dinin zəifləməsindən sonra onun bazasında yaranan maniçilik və məzdəkizmin ehkamları üzərində qurularaq qədim mədəniyyətimizi və milli-mənəvi dəyərlərimizi yaşatmağa çalışırdı.
Zərdüştlükdə Hörmüzün, Vaişnavizmdə Krişnanın, Xristianlıqda İsanın, İslamda Sahib-əz-zaman Mehdinin… yer üzünə enərək ədaləti bərpa edəcəyinə güclü inam var. Hürrəmilər də Tanrının nə vaxtsa "Ağ atlı oğlan" kimi yerdə təcəssüm edib, bütün yer üzünün insanlarını zülümdən xilas edəcəyinə, bütün insanların bərabər şərtlərdə yaşadığı ədalətli cəmiyyət qurulacağına inanırdılar. Onlar "Uca Şirvinin ruhu, səni gözləyirik!" dedikdə, məhz bu inama söykənirdilər.
Babək və hürrəmilər haqda uydurulan nağıllarda mümkün qədər onun və ailəsinin əxlaqsız, pozgun olduğunu xalqın beyninə yeritmək istəyiblər. Lakin mənəvi-əxlaqi dəyərlərə böyük əhəmiyyət verən xalq- milyonlarla insan mənəviyyatsız ailədən çıxmış birinin ətrafında birləşməzdi, ümumiyyətlə onu rəhbər, mənəvi ustad kimi qəbul etməzdilər. Özü də burada bir xalqdan yox müxtəlif xalqlardan söhbət gedir. Bu xalqlar etnik mənsubiyyətə heç bir əhəmiyyət vermədən vahid ideologiya ətrafında birləşmişdilər. Eynilə indiki kimi. Azərbycançılıq ideologyasının müxtəlif xalqlari, konfessiyaları bir arada birləşdirdiyi kimi.
Hürrəmilərin başçı seçdikləri şəxs öncə ustadın yanında elmi-dini təlimlərə, başçılıq qabiliyyətinə yiyələnmiş olmalı idi. Çünki həmin şəxs həm ruhani ustad, həm də dünyəvi idarəetmədə başçı olmalı idi.
Dünya tarixində analoqu olmayan dövlət sistemi
Bir əsrdən artıq davam edən azadlıq hərəkatının son 22 ilində Babək zəruri atributlara malik qüdrətli dövlət yaratmışdı. Bu dövlətin silahlı qüvvələrə başçılıq edən hərbi komandanlığı, Ali şurası, dövlət xəzinəsi, bayrağı, gerbi, ölkənin əyalətlərində mərkəzə bağlı idarəçilik strukturu, ehtiyat silah və azuqə bazaları və s. atributları olub.
Babək sadə insanları dövlətin vilayət və şəhərlərinə hakim təyin edir, başqa dövlətlərlə müqavilələr bağlayır və səfir göndərirdi. Azərbaycan paytaxtında- Babəkin Bəzz şəhərindəki sarayında isə, Rum İmperatorluğunun səfiri yaşayırdı.
Etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün xalqın bərabər şəkildə yaşadığı, sosial ədalətə söykənən dövlət sistemini ərəblər anlamadığından "hürrəmilərdə arvadlar da ümumidir" deyə böhtan yazırdılar. (Tam da XX əsrin 20-ci illərində Sovet hakimiyyəti qurularkən "arvadları kolxoz edəcəklər, kişinin arvadına ixtiyarı çatmayacaq, çünki Şura hökumətində qadınlar da ümumidir" kimi xəstə düşüncələr kimi).
Bu iftira ilə bağlı görkəmli tarixçi, akademik Ziya Bünyadov yazır: "İyirmi ildən artıq xilafətə qarşı kəskin və cəsur azadlıq mübarizəsi aparmış bir xalqı şən və qayğısız ömür sürən başıpozuq bir kütlə kimi qələmə vermək mümkün deyil".
Hürrəmilər ordusunda müxtəlif xalqların nümayəndələri vətənin ümumi düşməninə qarşı çiyin-çiyinə döyüşürdülər. Hətta Ərəb xilafətinə qarşı döyüşlən ərəb əsgərlər də var idi.
Ümumiyyətlə, inkaredilməz faktdır ki, Hürrəmilər dövləti dünya tarixində bəşəri və milli dəyərlərə söykənən ən nümunəvi və şərəfli bir dövlət, cəmiyyət formasıdır.
Dövlətçilik atributlarımız və ənənələrimiz: keçmişdən bu günə
Babək sevgisi 12 əsrdir bütün azərbaycanlıların qəlbində yaşayır. Hər il Babək Hürrəminin ad günündə on minlərlə azərbaycanlı Bəzz qala şəhərini ziyarət edir, böyük şəxsiyyətimizin əziz xatirəsini yad edirlər. Onun ideyaları xalqın mənəviyyatında özünə əbədi və möhkəm yer tutdu. Babək Hürrəminin qaldırdığı qırmızı bayraq yaddaşlarda yaşadı.
Bu bayrağı qəhrəman Azərbaycan oğulları tarix boyu daha bir neçə dəfə dövlət bayrağı kimi dalğalandırdılar. Bu bayraq Səfəvi İmperiyası dövründə bir daha ucaldıldı, 1908-ci ildə Cənubi Azərbaycan inqilabından sonra yaranan Azərbaycan dövlətinin bayrağı kimi qəbul olundu.
Maraqlı məsələlərdən biri odur ki, AXC-in ilk bayrağı Babəkin, Hürrəmi dövlətinin bayrağı idi- qırmızı fonda ortada aypara və səkkizguşəli ulduz.
Azərbaycan Sovet Sosialist Respublikasının da ilk bayrağı belə idi- qırmızı rəngdə, yuxarı sol güncdə aypara və ulduz. ASSR-in sonrakı bayrağı da buna oxşar idi, yalnız ayparanı zəhmətin, bərəkətin rəmzi olan oraq-çəkic əvəz etmişdi.
Beləliklə, Azərbaycan tarixindəki nümunəvi dövlət və cəmiyyət sistemindən, vahid ideologiyaya malik quruluşlardan biri haqda qısa söhbət açdıq. Növbəti yazılarda başqa tarixi dövlətlərimizdə mövcud olan dəyərlər sistemi haqda danışacağıq.
Elçin Bayramlı
Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "Azərbaycançılıq ideyasının təblığı" istiqaməti çərçivəsində hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB