Berlində Almaniyadakı Azərbaycan diasporu fəalının anım mərasimi keçirilib

Berlində Almaniyadakı Azərbaycan diasporu fəalının anım mərasimi keçirilib
Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində (AAKM) Azərbaycan Cəmiyyətləri Federasiyasının sədri, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin idarə heyətinin üzvü, Almaniya Türk Konseyinin sədr müavini, mərhum dr.Nüsrət Delbastehnin xatirə axşamı keçirilib. SİA-nın diaspora.gov.az saytına istinadən verdiyi xəbərə görə, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin icraçı direktoru, xanım Samira Patzer-İsmailova AAKM-nin təşkilatçılığı və Azərbaycan Səfirliyinin dəstəyi ilə keçirilən anım mərasimini giriş sözü ilə açıb, gözəl insan və fədakar mübariz dr.delbastehnin qəfildən dünyasını dəyişməsini azərbaycan diasporu üçün ağır bir itki kimi qiymətləndirib. Samira Patzer-İsmailova xatirə axşamına toplaşanlara Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun mərhumun vəfatı ilə əlaqədar göndərdiyi hüzn məktubunu bəyan edib, AAKM-nin ünvanına dünya diaspor nümayəndələrindən göndərilən hüzn məktubları haqda məlumat verib.

Xatirə axşamında iştirak edən Azərbaycan Respublikasının Almaniyadakı səfiri Pərviz Şahbazov çıxışında dr.Nüsrət Delbasteh ilə tanışlığından, onun Azərbaycanın Almaniyada tanıdılması yolunda təqdirə layiq xidmətlərindən danışıb. Səfir mərhumun diaspor işində yorulmaz və mübariz bir insan olduğunu, bundan başqa onun həm də yüksək ixtisaslı bir həkim olaraq daim öz təhsilini davam etdirdiyini və öz üzərində çalışdığını vurğulayıb. Xatirə axşamına toplaşanlar onunla bağlı xatirələrini söyləyib, onu qayğıkeş və xeyirxah bir insan kimi tanıdıqlarını vurğulayıb, nümunəvi vətəndaş və fədakar mübarizin onu tanıyanların ürəyində daim yaşayacağını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə