"Gəncənin vurulması hərbi cinayət, eyni zamanda terror aktıdır" ÖZƏL-MÜNASİBƏT
"Ermənistanın ölkəmizin ikinci böyük şəhəri Gəncəni, dinc sakinlərin yaşadığı binaları öz ərazisindən start götürən ballistik raketlərlə vurması, çoxlu sayda mülki insanları, o cümlədən, azyaşlı uşaqları qətlə yetirməsi hərbi cinayət, eyni zamanda, terror aktıdır. Heç şübhəsiz ki,bu zərbələr ciddi şəkildə planlaşdırılmış və düşmən ölkənin hərbi-siyasi rəhbərliyi tərəfindən sanksiyalaşdırılmışdır. Gəncəyə atılan uzaqmənzilli raketlər, mütəxəssislərin qeyd etdiyi kimi,əvvəlcədən onun yaddaşına daxil edilmiş konkret uçuş tapşırıqları və koordinatları əsasında hərəkət ediblər. Deməli, burada hansısa təsadüfdən söhbət gedə bilməz. Ermənilər haranı, nəyi və niyə vurduqlarını dəqiq bilirlər. Söz yox ki, düşmən ölkənin məqsədi müharibənin miqyasını genişləndirmək və konfliktə digər ölkələri cəlb etməkdir". Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mayis Səfərli deyib.
"Bəri başdan qeyd edim ki, düşmən bunun cavabını mütləq alacaq, xalqımıza qarşı törətdiyi cinayətlərin bədəlini ödəyəcək. Bunu Ali Baş Komandanımız İlham Əliyev də bəyan etmişdir. Ölkəmizin ictimaiyyəti də ermənilərə layiqli və adekvat zərbə vurulmasını tələb edir.
Azərbaycanın xarici siyasətə cavabdeh rəsmiləri məsələ ilə əlaqədar beynəlxalq təşkilatlara məlumatlar verir, Ermənistanın insanlıq əleyhinə yönəlik cinayətlərin qarşısını almağa çağırırlar. Dünən ölkəmizin Xarici İşlər Naziri Minsk qrupu dövlətlərinin həmsədrlərinə zəng edərək,onları hadisə barədə ətraflı məlumatlandırıb. Hərçənd ki, baş verənlər haqqında onların informasiyaları heç də bizimkindən az deyil. Məncə, bu dövlətləri məsuliyyətə çağırmaq, onlardan öz vəzifələrini mandatlarına uyğun şəkildə yerinə yetirməyi tələb etməliyik. Əks halda, üçlüyün vasitəçiliyindən imtina edəcəyimizi birmənalı bəyan etmək lazımdır. Zəng nəyi dəyişir ki? Əgər bunun bir əhəmiyyəti olsa idi, həmsədrlər, heç olmasa, Ermənistanın çirkin cinayətlərini pisləyən bəyanat verərdilər. Təəssüflər olsun ki, həmsədrlərin heç biri ermənilərin xətrinə dəyə biləcək bir söz belə dillərinə gətirmədilər.
Müharibə cinayətləri törədən dövlətin və onun rəhbərlərinin cəzalandırılması üçün beynəlxalq səviyyədə çox ciddi hüquqi addımların atılması gərəkdir. Ordumuzun döyüş meydanındakı rəşadətini, gücünü, bacarığını diplomatlarımız, hüquqşünaslarımız öz sahələrində təkrarlamalıdırlar. Bütün beynəlxalq təşkilatları ayağa qaldırmağın vaxtıdır. Milli Məclisin deputatları yerli televiziyalarımızda çıxış edib ermənilərin əməllərini pisləməklə işlərini bitmiş hesab etməməlidirlər. Dünya parlamentləri ilə çox ciddi əlaqələr qurulmalıdır. Onların dəstəyinə nail olmaq lazımdır. Milli Məclisin dostluq qruplarının üzvləri düşmən ölkənin qəddar və iyrənc cinayətlərini əks etdirən foto və videomaterialları müvafiq ölkələrdəki həmkarları ilə paylaşaraq onları erməni faşizminin mahiyyəti, qanlı əməlləri, Cenevrə konvensiyalarını ciddi şəkildə pozduqları haqda dəqiq və ətraflı məlumatlandırmalıdırlar.
Ədalətsiz, haqsız olduqları halda ermənilər yalanlarla, saxta məlumatlarla , faktları manipulyasiya etməklə beynəlxalq ictimai fikri öz tərəfinə çəkməkdə çox fəaldırlar. Fikirləşirəm ki, bizim bir mərmimiz Ermənistanın ərazisinə düşsəydi, yəgin ki, ermənilər, onların diplomatları, deputatları, diasporası, hüquq müdafiəçiləri, hüquqşünasları, beynəlxalq təşkilatların qapı və pəncərələrini sındırardılar.
Əlbəttə, biz ermənilər kimi, həyasızlıq edə bilmərik, buna ehtiyac da yoxdur. Haqq, ədalət, beynəlxalq normalar bizim tərəfimizdədir. Sadəcə, biz tələbkar olmalıyıq. Beynəlxalq təşkilatlardan, dünya ictimaiyyətindən hamılıqla qəbul edilmiş ümumbəşəri norma və qanunları, öhdəlikləri pozan Ermənistanın insanlığa qarşı yönəlik cinayətlərinə hüquqi, siyasi qiymət verməyi, onu cəzalandırmağı və durdurmağı tələb etməliyik"-deyə, partiya sədri fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB