"Ermənistanın gücü, imkanları tükənib" ÖZƏL-MÜNASİBƏT

"Ermənistanın gücü, imkanları tükənib" ÖZƏL-MÜNASİBƏT

"Ermənilərin Azərbaycanın mülki əhalisini atəşə tutması yeni məsələ deyil. Amma bu dəfə fərq ondadır ki, işğalçı ordu cəbhə zonasından xeyli uzaqda yerləşən şəhərləri və kəndləri ağır silahlardan atəşə məruz qoyur. Buna nümunə olaraq Gəncəni, Mingəçevi və s. yerləri göstərmək olar. Bütün bunlar beynəlxalq hüquqa, humanitar normalara ziddir. Bütövlükdə isə hərbi cinayətdir. Ermənistanın belə bir addım atması təxribat xarakteri daşıyır. Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün mübarizə aparır və Azərbaycanın bir şərti var ki, Ermənistan işğal etdiyi torpaqları boşaltsın. Ermənistan isə əvəzində mülki əhaliyə atəş açır, bizim müxtəlif şəhərləri tez-tez top və raket atəşinə tutur. Burada da əsas məqsəd ondan ibarətdir ki, əhali arasında təşviş yaratsın, insanları qorxutsun". Bunu SİA-ya millət vəkili Ceyhun Məmmədov deyib.

Deputatın sözlərinə görə, Ermənistanın digər məqsədi də ondan ibarətdir ki, beynəlxalq qurumların diqqətini bura çəksin: "Yəni cavab olaraq Azərbaycan Ermənistan ərazisini atəşə tutsun və onlar da bundan istifadə edərək müəyyən dırnağarası “uğurlara” nail olsun. Məqsədlərdən biri də budur ki, ermənilər xarici dövlətlərə nümayiş etdirsin ki, Azərbaycan müharibəni Ermənistanla aparır. Bununla da digər dövlətləri münaqişəyə cəlb etmək istəyirlər.

Azərbaycan öz ərazisindən işğalçıları çıxarmaq üçün zəruri tədbirləri həyata keçirir. Ermənistan isə təcavüzkardır və təxribatçıdır. Bu məsələdə maksimum soyuqqanlı olmalıyıq. Əsas diqqəti, gücü torpaqlarımızın işğaldan azad olunmasına yönləndirməliyik. Biz inanırıq ki, tez bir zamanda Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə bu torpaqların işğaldan azad edilməsinə nail olacaq.

Ermənistan bu gün artıq çökmüş vəziyyətdədir. Çoxlu canlı qüvvə və hərbi texnika itirilib, əsgər və zabitləri həlak olub. İndi onlar könüllüləri, veteranları orduya cəlb edirlər. Onların çoxunun təminatı yaxşı səviyyədə deyil. Baxırsan ki, hərbi geyimləri belə yoxdur. Ermənistanın gücü, imkanları tükənib. Son nəfəslərini alırlar. Vəziyyətdən çıxmaq üçün hər yola gedirlər. Amma Azərbaycan öz qərarını beynəlxalq qurumlara və eyni zamanda ayrı-ayrı dövlətlərə çatdırıb. Azərbaycan Prezidenti qeyd edib ki, Ermənistan müvafiq qrafiq üzrə işğal etdiyi torpaqları tərk etməlidir. Yalnız bundan sonra atəşkəsdən söhbət gedə bilər. İnanırıq ki, biz qısa bir zaman ərzində öz torpaqlarımızı işğaldan azad edəcəyik".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə