Sevda Allahverdiyeva: “Düşmən törətdiyi bütün cinayətlərinə görə mütləq cavab verəcək” MÖVQE
“Təcavüzkar Ermənistan silahlı qüvvələrinin Azərbaycanın cəbhə bölgəsindən kilometrlərlə kənarda yerləşən Gəncə şəhərini və digər yaşayış məntəqələrini ağır artilleriya qurğularından və raketlərdən mütəmadi olaraq atəşə tutması nəticəsində dinc əhali arasında baş vermiş ölüm, yaralanma halları və mülki obyektlərin dağıntılara məruz qalması bu terror ölkəsinin heç vaxt humanizm prisniplərinə sadiqlik nümayiş etdirməyəcəyini növbəti dəfə sübut edir”. Bu fikirləri SİA-ya YAP Nizami rayon təşkilatı Qadınlar Şurasının sədri Sevda Abdullayeva son hadisələrə münasibətini açıqlayarkən deyib.
Onun sözlərinə görə, qanlı, barbar, cinayətkar və vəhşi siyasətindən əl çəkməyəcəyini aşkar şəkildə sərgiləyən Ermənistan tərəfi insanlıq haqları ilə bağlı bütün konvensiyaları ayaq altına atmaqla, nəinki Azərbaycan xalqına və dövlətinə, eyni zamanda bütün bəşəriyyətə, sözün əsl mənasında, faşizm meydanı oxuyurlar: “Baxın, məhz erməni tərəfi Azərbaycan Ordusunun Qarabağdakı qələbə zəfərlərindən qorxuya düşərək, humanitar məqsədi ilə yalvardılar, Moskvada XİN rəhbərlərinin görüşünə nail oldular. Bəs nə baş verdi? 11 saat danışıqlarda əldə olunmuş humanitar atəşkəs razılaşmasını həyasızcasına pozdular və üstəlik, Gəncədə uşaqlarımıza, qadınlarımıza, ümumilikdə vətəndaşlarımıza qarşı vəhşilik aktı törətdilər. Düşünürəm ki, Ermənistan silahlı qüvvələrinin mülki əhalinin sıx məskunlaşdığı Gəncə şəhərini və region üçün strateji əhəmiyyətli Mingəçevir şəhərini və digər yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raketlərdən istifadə etməklə mütəmadi olaraq atəşə məruz qoyması onun beynəlxalq hüququn tələblərini tanımadığını, ona saymazyana münasibət göstərdiyini bir daha sübut edir. Budurmu onların “humanitar” siyasətləri? Əlbəttə ki, xeyr! Bu, birmənalı faşizm, qəddarlıq və ləyaqətsizlik addımlarıdır və söz yox ki, bunun da cavabını alacaqlar və alırlar da”.
“Əlbəttə, Azərbaycan xalqının Lideri, Ali Baş Komandanımız, Prezident İlham Əliyev artıq bir neçə dəfə xalqa müraciətlərində, eyni zamanda xarici telekanallara verdiyi müsahibələrində bu barədə bəyanatlarını səsləndirib və Azərbaycan ərazilərində ikinci erməni dövlətinin yaranmasına imkanın verilməyəcəyini vurğulayıb, üstəlik, düşmənin faşizm ideologiyasına birdəfəlik son qoyulacağını da qətiyyətlə bildirib”, xatırladan Sevda Abdullayeva qeyd edib ki, artıq susqun, lal, kor və kar qalan, özlərini görməməzliyə vuran, ya da baş verənləri görmək istəməyən bütün beynəlxalq, humanitar və s. mühüm təşkilatlar Ermənistanın terror siyasətinə “dur” deməlidirlər: “Əks halda erməni tərəfi məhz Azərbaycan dövlətinin gücü, qüdrəti, rəşadətli əsgəri qarşısında diz çökdürülərək, sülhə məcbur ediləcək. Torpaqlarımızın tam azad olunması şərtinə əməl edəcəklərinə qədər. Biz xalq olaraq Liderimizin ətrafında tükənməz ruh yüksəkliyi ilə birləşmişik və hər an canımızdan, qanımızdan keçməyə hazırıq. Qarabağ Azərbaycandır və bayrağımız bütün işğal altından azad olunacaq ərazilərində qürurla dalğalanacaq. Düşmən isə bütün müvafiq qanunlar qarşısında törətdiyi cinayətlərinə görə cavab verəcək, mütləq cavab verəcək. Buna heç kimin şübhəsi olmasın”.
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB