“Humanitar atəşkəs Ermənistanın son şansıdır” - MÖVQE

“Humanitar atəşkəs Ermənistanın son şansıdır” - MÖVQE

“Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və Şanlı Azərbaycan Ordusunun işğalçı Ermənistan ordusunu darmadağın etməsi düşmənin ağ bayraq qaldırması ilə nəticələndi. İşğalçı Ermənistan Azərbaycan xalqından ilham alan Ordumuzun gücünü görüb danışıqlar üçün aman dilədi. Təcavüzkar ölkənin baş naziri Paşinyan bunun üçün zəng etmədiyi, yalvarmadığı dünya lideri qalmadı”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov deyib.

Millət vəkili bildirib ki, Ordumuz regionda haqqı və ədaləti bərqərar etmək üçün döyüşür, bu, haqqı tapdanmış Azərbaycan xalqının mübarizəsidir: “Azərbaycan Ordusu 10 gün ərzində Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordusunu darmadağın etdi. Baxmayaraq ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri hər səfərlərində, hər çıxışlarında münaqişənin yalnız sülh yolu ilə həlli variantını irəli sürürdülər və hərbi yolun mümkünsüzlüyünü isbat etməyə cəhd edirdilər, Azərbaycan münaqişənin hərbi yolla həllinin mümkünlüyünü sübut etdi. Dövlətimiz təkcə döyüş meydanında deyil, diplomatiya sahəsində də öz sözünü dedi və deyir. Döyüş meydanında Azərbaycan əsgərlərinin qazandığı zəfər diplomatiya meydanında da uğurlara çevrilir və danışıqların şərtlərini Azərbaycan tərəfi müəyyən edir. Prezident İlham Əliyev dünyanın nüfuzlu CNN, “Sky News”, “Euronews”, “Əl-Cəzirə”, “TRT Haber” və digər beynəlxalq kütləvi informasiya vasitələrinə müsahibələrində də Azərbaycanın haqq işi uğrunda mübarizə apardığını, öz ərazisində döyüşdüyünü tutarlı faktlarla göstərdi.”.

A.Hüseynov qeyd edib ki, Moskva görüşündəki razılaşdırılan humanitar atəşkəs ermənilərin son şansıdır: “11 saat ərzində davamlı olaraq danışıqların aparılması prosesin mürəkkəb olduğunu və gərgin bir şəraitdə aparıldığını göstərir. Humanitar atəşkəs diplomatik müstəvidə birinci mərhələdir. Məsələnin mahiyyəti və bizim üçün üstünlük yaradan məğzi ondan ibarətdir ki, hərbi əməliyyatların gedişində - Azərbaycan ordusunun böyük üstünlüyü və Ali Baş Komandanın qətiyyəti sayəsində dəyişilmiş status-kvo siyasi və diplomatik müstəviyə daşınmalıdır. Bu proseslər – yəni döyüş və diplomatik proses paralel şəkildə aparılmalıdır ki, əldə edilmiş nailiyyətlər daha da gücləndirilsin. Əsas məqam isə odur ki, artıq danışıqların gedişində şərtləri Azərbaycan müəyyən edir. Diqtə edən tərəf Azərbaycandır. Hər kəs də bilir ki, humanitar atəşkəs müvəqqəti xarakter daşıyır. Fakt bundan ibarətdir ki, Ermənistana işğal edilmiş ərazilərimizdən çıxmaq üçün son şans verilib. Əgər bundan sonra Ermənistan yenə də öz siyasətini davam etdirəcəksə və işğal olunmuş ərazilərdən öz qoşunlarını çıxarmayacaqsa, onda hərbi əməliyyatların bərpa olunması hər an baş verə bilər. Bizim yeganə şərtimiz torpaqlarımızın işğaldan azad edilməsidir”.

Bütün xəbərlər Facebook səhifəmizdə