Azərbaycan haqq yolunda apardığı mübarizəni qələbələri ilə taclandırır - MÖVQE ÖZƏL

Azərbaycan haqq yolunda apardığı mübarizəni qələbələri ilə taclandırır - MÖVQE ÖZƏL

"Sentyabr ayının 27-də mənfur erməni ordusu cəbhə bölgəsində dinc əhalimizə qarşı hərbi təxribat törətdi və buna cavab olaraq Azərbaycanın qüdrətli ordusu əks-hücum əməliyatı keçirməkdədir. Nəticədə artıq Azərbaycan xalqı olaraq uzun illərdir gözlənilən zəfəri yaşayırıq. Rəşadətli Azərbaycan ordusuna çox qısa zamanda çox sayda kəndlərimizi və vacib yüksəkliklərimizi mənfur düşmənin işğalından azad etməyə və bu müddət ərzində düşmənin kifayət qədər xeyli sayda istər canlı qüvvəsinə, istərsə də hərbi texnikasını məhv etməklə ona ağır zəbələr vurmasına kifayət etdi. Bunu SİA-ya açıqlamasında YAP Nərimanov rayon təşkilatının baş məsləhətçisi və Gənclər Birliyinin sədri Nərminə Yunusova deyib.

Onun sözlərinə görə, bu qüdrətli Azərbaycan ordusunun gücüdür, bu xalq-iqtidar birliyinin sübutudur, bu, Ali Baş Komandan İlham Əliyevin xalqına, Vətəninə olan sevgisidir, bu, xalqın Liderinə olan inamın nəticəsidir: "Ölkə başçısının beynəlxalq təşkilatlarla görüşlərdə apardığı qətiyyətli danışıqlarda Azərbaycanın öz ərazilərinin işğaldan azad olunması zamanının çatdığını bütün dünyaya düzgün şəkildə bildirməsinin nəticəsidir ki, bu gün dünyanın güclü dövlətləri Azərbaycanı dəstəkləyir və dövlətimizə dəstək olmağa hazır olduqlarını bildirirlər. Ölkə rəhbəri İlham Əliyevin daxili və xarici siyasətinin, birinci vitse-prezident Mehriban xanım Əliyevanın Dağlıq Qarabağ həqiqətlərinin dünyada tanıdılması və təbliği uğrunda həyata keçirdikləri uğurlu fəaliyyətin nəticəsidir ki, Ermənistanın terrorçu ölkə olması, işğalçılığı və vandalizmi üstün tutması dünya tərəfindən aydın görünür".

N.Yunusova vurğulayıb ki, bu gün biz Ermənistan rəhbərliyinin və dövlətinin nə qədər aciz durumda olduğunun şahidiyik: "Bunu Paşinyanın verdiyi müsahibələrdə səsləndirdiyi tutarsız fikirlərdən, dünya liderlərinə durmadan yalvarmasından aydın görmək olur. Açıq-aşkar Ermənistan tərəfi artıq yalvarışlarla danışıqlara yenidən başlanmasını istəyir. Lakin Azərbaycan xalqının mükəmməl siyasətə sahib olan Liderinin yürütdüyü səlist, mükəmməl siyasətin və Azərbaycan ordusunun gücü sayəsində bütün torpaqlarımızın işğaldan azad olunacağına və Azərbaycan bayrağının öz doğma torpaqlarımızda yenidən dalğalanacağına inamımız sonsuzdur. Yaşasın cənab Ali Baş Komandan! Yaşasın qüdrətli Azərbaycan ordusu!".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə