Rusiya Qəhrəmanı, təyyarəçi-kosmonavt Sergey Treşev Bakıya gələcək

Rusiya Qəhrəmanı, təyyarəçi-kosmonavt Sergey Treşev Bakıya gələcək
Yuri Qaqarinin kosmosa uçuşunun 50 illiyi münasibətilə keçirilən tədbirlər çərçivəsində mayın 17-19-da Rusiya Qəhrəmanı, təyyarəçi-kosmonavt Sergey Treşevin və Rusiya Federal Kosmik Agentliyi (Roskosmos) təmsilçilərinin daxil olduğu nümayəndə heyəti Azərbaycana səfər edəcək. SİA-nın AzərTac saytına istinadən verdiyi xəbərə görə, səfərin təşkilatçıları "Rossotrudniçestvo" və Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyidir.

Mayın 17-də nümayəndə heyətinin Milli Aviasiya Akademiyasında ictimaiyyətlə görüşü olacaq. Görüşdə Rusiya səfirliyinin, Milli Elmlər Akademiyasının, Milli Aerokosmik Agentliyin, gənclər birliklərinin, həmvətənlər təşkilatlarının nümayəndələri iştirak edəcəklər. Görüş iştirakçıları kosmosun tədqiqi və mənimsənilməsi sahəsində sovet və Rusiya nailiyyətləri barədə söhbət açacaq, Azərbaycan alimlərinin kosmik məkanın öyrənilməsinə verdikləri töhfələri xüsusi vurğulayacaqlar. Tədbirlər planına tematik fotosərginin açılışı və Yuri Qaqarinin kosmosa uçuşunun 50 illiyinə həsr olunmuş sənədli filmin nümayişi daxil edilib.

Rusiya nümayəndə heyəti elə həmin gün Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində olacaq. Burada Azərbaycan uşaqlarının "İlk dəfə kosmosda" adlı rəsm işlərinin sərgisi açılacaq. Mayın 18-də və 19-da nümayəndə heyəti Şamaxı və Qəbələ rayonlarına səfər edəcək, ictimaiyyətlə və gənclərlə görüşəcək. Kosmos haqqında tematik fotosərgilər təşkil olunacaq, sənədli filmlər nümayiş etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə