Elsevər Ağayev: “Ötən il Azərbaycanda 29 400 nəfər ürək-damar xəstəliklərindən dünyasını dəyişib” - AÇIQLAMA

Elsevər Ağayev: “Ötən il Azərbaycanda 29 400 nəfər ürək-damar xəstəliklərindən dünyasını dəyişib” - AÇIQLAMA
"Hər il dünyada 17 milyondan artıq insan ürək-damar xəstəliklərindən dünyasını dəyişir. Azərbaycan da belə hallar istisna deyil". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev məlumat verib. O bildirib ki, Azərbaycanda ötən il 29 400 nəfər ürək-damar xəstəliklərindən dünyasını dəyişib. E.Ağayev vurğulayıb ki, təxminən 113 min nəfər insan isə ürək-damar xəstəlikləri ilə əlaqədar olaraq qeydiyyata götürülüb. Dünyada hər il Ümumdünya Səhiyyə Təşkilatı və Dünya Ürək Federasiyanın birgə təşkilatçılığı ilə hər il sentyabr ayının son bazar gününda "Ürək günləri"nin keçirildiyini deyən nazir müavinin sözlərinə görə, Azərbaycan da son iki ildə bu tədbirlərə qoşulub.

"Bir sözlə, bu gün üçün ürək-damar xəstəlikləri çox aktual bir məsələdir. Azərbaycanda bu sahə ulu öndər Heydər Əliyevin daim diqqət mərkəzində olub. Ulu öndər 1969-cu ildə ilk dəfə hakimiyyətə gəldikdən sonra Azərbaycanda Rusiyadan sonra ilk dəfə ürək cərrahiyyəsi əməliyyatı keçirilib. Hazırda Azərbaycanda Mərkəzi Klinik və Mərkəzi Neftçilər xəstəxanalarında açıq ürək əməliyyatları keçirilir. Bu gün prezident İlham Əliyev də kursu uğurla davam etdirir. Onun tapşırığı ilə regionlarda yaradılan müalicə diaqnostika mərkəzində də bu əməliyyatlar uğurla aparılır. 2009-cu ildən cənab prezidentin tapşırığı ilə Prezidentin Ehtiyat Fondundan vəsait ayrılıb. Uşaq Ürək Cərrahiyyəsi Mərkəzi artıq fəaliyyətə başlayıb və burada uşaqların ürək əməliyyatı həyata keçirilir", - deyə o əlavə edib.

E.Ağayev son zamanlar ürək qüsurlu uşaqların sayında artımın olması ilə bağlı məsələyə də münasibət bildirib. O qeyd edib ki, ürək qüsurlu uşaqların doğulması dünyanın problemidir, belə uşaqlar həmişə olub və bundan sonra da olacaq. Onun sözlərinə görə, Azərbaycanda problemin aradan götürülməsi istiqamətində artıq addımlar atılıb və Uşaq Ürək Cərrahiyyəsi mərkəzi fəaliyyətə başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə