Əli Həsənovdan müxalifət qəzetlərinə sərt cavab: "İndi nə 1989-93-cü illərdir, nə də Əlikram Hümbətov zamanıdır"

Əli Həsənovdan müxalifət qəzetlərinə sərt cavab: "İndi nə 1989-93-cü illərdir, nə də Əlikram Hümbətov zamanıdır"
Bu gün Azərbaycan Respublikası baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov son vaxtlar bəzi müxalifət qəzetlərində komitənin işi ilə bağlı gedən xəbərlərə münasibət bildirib. SİA-nın məlumatına görə, o bunun heç də xoşagələn hal olmadığını vurğulayıb: "Çox təəssüflə qeyd edim ki, Eldar Namazov və Firudin Cəlilov son zamanlar müxalifət qəzetlərində komitəyə ləkə gətirən ifadələr işlədiblər. 90-cı illərin əvvəllərində dövlət aparatında vacib vəzifədə çalışmış belə ziyalı insanların belə böhtan dolu açıqlamaları məni çox narahat etdi. Onlar iddia edirlər ki, guya komitəmiz Qərbi azərbaycanlıları köhnə binadan yenisinə köçürərkən onların mülkiyyətləri ilə bağlı sənədləri yandırıblar. Belə bir şey mümkün ola bilərmi? Mən həmin insanlardan soruşuram, evlərinin mülkiyyət sənədlərini harada saxlayırlar? Hər bir insan evinin mülkiyyət sənədini evində saxlayır. Biz bu sənədləri necə yandıra bilərik?". Bu istiqamətdə Əli Həsənov həmçinin bəzi faktları da açıqlayıb. Onun sözlərinə görə, Heç kim Qaçqınlar və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsinə mülkiyyət sənədləri təqdim etməyib: "Bundan başqa məndən əvvəl komitəmizin heç arxivi də olmayıb. Arxiv mən komitə sədri olduqdan sonra yaradıldı və bundan sonra qaçqınların mülkiyyət sənədlərinin sürəti bizdə arxivdə saxlanılır. Eldar Namazov və Firudin Cəlilov gəlib arxivlərə baxsınlar, görək, dedikləri həqiqətdirmi?". Komitə sədri həmçinin Milli Təhlükəsizlik Nazirliyinə və Daxili İşlər Nazirliyinə onun imzasıyla məktub yazılmasını tapşırdığını bildirib: "Qoy, onlar bu xəbəri yayanları, onların nə məqsəd güddüklərini araşdırıb lazımi tədbirlər görsünlər. Belə açıqlamalarla onların fikri Qərbi azərbaycanıları hakimiyyətə qarşı qaldırmaq, onları hökumətə qarşı çıxmağa vadar etməkdir. Bu əsassız açıqlamalarla xalq arasında çaxnaşma yaratmaqdan başqa bir şey deyil. Onalara xatırladıram ki, indi nə 1989-93-cü illərdir, nə də Əlikram Hümbətov zamanıdır ki, ölkəni Qərbi Azərbaycan və Şərqi Azərbaycana bölsünlər".

Bütün xəbərlər Facebook səhifəmizdə