ABŞ Templ Universitetinin professoru Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində seminar keçib
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində elmi-dini maarifçilik işinin müxtəlif formalarından istifadə edilir. Müasir dünyanın, eləcə də Respublikamızın ictimai-siyasi həyatının aktual məsələlərinə həsr olunmuş bu tipli tədbirlərə ölkəmizin tanınmış elm və mədəniyyət xadimləri, dövlət qulluqçuları ilə yanaşı, xarici ölkə mütəxəssisləri də dəvət olunurlar.
Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Dövlət Komitəsinin mərkəzi aparatında keçirilən növbəti seminara Filadelfiyadakı (ABŞ) Templ Universitetinin Dini araşdırmalar kafedrasının professoru Leonard Şvidler dəvət edilib. Dövlət Komitəsinin sədri Hidayət Orucov dinlərarası dialoq üzrə mütəxəssis professor Şvidleri tədbir iştirakçılarına təqdim etdikdən sonra Azərbaycanda dövlət-din münasibətləri, dini durum, son illər respublikamızda keçirilən mədəniyyətlərarası və dinlərarası münasibətlərdə dialoq mövzusuna həsr olunmuş beynəlxalq konfranslar, ümumdünya sammitləri kontekstində bugünkü tədbirin əhəmiyyətini açıqlayıb. Respublikamızda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması zərurəti, onun məqsəd və vəzifələri barədə professor Şvidlerə ümumi tanışlıq verib.
Hidayət Orucov diqqətə çatdırıb ki, müasir Azərbaycanın çoxmillətli dövlət və çoxkonfessiyalı din münasibətlərinin əsasında Ulu Öndər Heydər Əliyevin milli siyasəti və din siyasəti durur. Hazırda Azərbaycan Respublikasının Prezidenti, Ulu Öndərimizin layiqli davamçısı İlham Əliyev ən geniş mənada dövlət-din münasibətlərinin beynəlxalq hüquq normalarına uyğun tənzimlənməsi, məbədlərimizin bərpası və xalqımızın istifadəsinə verilməsi sahəsində ardıcıl tədbirlər həyata keçirir. Yeni məscidlərin, ziyarətgahların, xristian və iudaizm məbədlərinin tikintisində və bərpasında Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun məqsədyönlü və ardıcıl fəaliyyəti xüsusilə qabarıq nəzərə çarpır. Ölkəmizdə milli məsələlərin, insanların mədəni hüquqlarının, bu fonda dövlət-din münasibətlərinin əsasında iki fundamental baza durur: qanunvericilik bazası və xalqlarının milli-mənəvi dəyərlər kompleksinə hörmət.
"Dinlərarası münasibətlərdə dialoq" mövzusuna həsr olunmuş seminarda "Ölkənizdə dini durum, dövlət-din münasibətlərindəki reallığı öyrənmək üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq etmək daha məqsədəuyğundur", - qənaəti ilə çıxışına başlayan professor Leonard Şvidler əlavə edib ki, hazırda dinlərarası dialoq vətəndaşların vicdan azadlığının və sosial həyatının təmin olunmasının əsas tərkib hissəsi, cəmiyyətin təhlükəsizliyinin və mənəvi bazasının proqnozlaşdırılmasında prioritet istiqamətlərdəndir. Cəmiyyətdə sağlam mənəvi mühitin formalaşmasında dialoqla bağlı nəzəri-metodoloji istiqamətləri seminar iştirakçılarının diqqətinə çatdıran Leonard Şvidler klassik mənada dialoq anlayışı ilə müasir dövrdə dialoqun ümumi və fərqli tərəflərini tədbir iştirakçılarına şərh edərək, məsələnin "tarixi", "hüququ" və "humanitar" kontekstdə, "qurucu dialoq" və "dağıdıcı dialoq" istiqamətində izahını son əlli ildəki elmi araşdırmaları əsasında şərh edib.
Dövlət Komitəsinin sədri seminara yekun vuraraq onun əhəmiyyətini vurğulayıb və bildirib ki, əməkdaşlar gələcək mühazirələrində bu gün iştirakçısı olduqları tədbirdə səslənən bəzi nəzəri fikirlərdən layiqincə bəhrələnəcəklər.
Professor Leonard Şvidler tədbirin sonunda dinləyiciləri maraqlandıran sualları cavablandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB