Şəki rayonunun daşınmaz əmlakın rəqəmsal kadastr xəritəsi hazırlanır
Azərbaycan Respublikası Hökuməti ilə Almaniya Federativ Respublikası Hökuməti arasında "Maliyyə Əməkdaşlığı haqqında" Sazişə əsasən, Əmlak Məsələləri Dövlət Komitəsi ilə Almaniyanın KfW Bankı arasında bağlanmış müqaviləyə uyğun olaraq Gəncə və Şəkidə "Kadastr və daşınmaz əmlakın qeydiyyatı" layihəsinin icrasına bu ilin yanvar ayından başlanıb.
Komitədən SİA-ya verilən xəbərə görə, 2011-ci il may ayının 11-də Şəki rayonunda Əmlak Məsələləri Dövlət Komitəsi və almaniyalı ekspertlər tərəfindən layihənin icrası ilə əlaqədar işlərin gedişatına dair seminar keçirilib. Seminarda komitənin mərkəzi aparatının, Şəki Şəhər İcra Hakimiyyətinin, almaniyalı ekspertlərin (Günther Zülsdorf, GFA/GCİ Konsorsium məsləhətçi şirkətin nümayəndələri Gernord Shindler, xanım Nadejda Lotze), komitənin tabeliyində olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı Mərkəzinin məsul işçiləri, müvafiq regional bölmələrinin, habelə seçilmiş pilot ərazilərin icra orqanlarının və bələdiyyələrin, layihəyə cəlb olunmuş özəl şirkətlərin nümayəndələri iştirak ediblər.
Seminarda qeyd edilib ki, son dövrlər ölkə rəhbərliyi tərəfindən qeyri-neft sektorunun və regionların davamlı inkişafı, iqtisadiyyatın infrastruktur sahələrinin yaradılması istiqamətlərində önəmli layihələr həyata keçirilir. Qeyri-neft sektorunun inkişafında vacib rol oynayan və investisiya proseslərinə təkan verən Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsini əhatə edən hazırkı layihənin başlıca məqsədi Şəki rayonunda mükəmməl daşınmaz əmlakın rəqəmsal kadastr xəritələrinin yaradılmasıdır. Bu layihənin nəticəsi müvafiq regionda əmlak idarəçiliyinin, rayon (şəhər) planlaşdırılmasının və inkişafının təkmilləşdirilməsinə, torpaq sahələri və daşınmaz əmlak obyektlərindən daha səmərəli istifadə edilməsinə əlverişli şərait yaradacaqdır.
Rəqəmsal kadastr xəritələri regionda daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı prosesində vətəndaşlara göstərilən xidmətin əsaslı şəkildə yaxşılaşdırılması, informasiya bazasının formalaşmasına, bu sahədə şəffaflığın və çevikliyin daha da artırılması istiqamətində mühüm vasitə olacaqdır. Layihə pilot işləri ilə başlanıb. İlk əvvəl layihə çərçivəsində Şəkinin pilot ərazilərində (Kiş və Orta Zəyzid kəndləri) 4 min obyektin çöl-ölçmə və tədqiqat işləri aparılacaqdır. Bu məqsədlə çöl ölçmə işlərini həyata keçirən mühəndislərin bilik və bacarıqlarının artırılması üçün almaniyalı mütəxəssislər tərəfindən təlimlər keçirilib. Məsləhətçi şirkət tərəfindən müasir informasiya texnologiyalarına uyğun xüsusi proqramla təmin olunmuş geodeziya avadanlıqları alınıb. Təlimlər başa çatdıqdan sonra bilavasitə kadastr çöl-ölçmə və tədqiqat işlərinə başlanıb.
Pilot mərhələsindən sonra iki il ərzində Şəki rayonunun tam və mükəmməl rəqəmsal kadastr xəritəsi və məlumat bazası hazırlanacaqdır. Layihənin nəticəsində əldə edilən məlumatlar regionda dövlət və bələdiyyələr tərəfindən daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin inzibatçılığı və idarə edilməsi istiqamətində əlverişli mexanizmlər yaradacaqdır. Həmçinin özəl torpaq sahiblərinin və bələdiyyələrin əmlaka dair məlumat bazası və kadastr xəritələri tamamilə yeniləşdiriləcəkdir, onların mütəmadi tənzimlənməsi üçün sistematik yanaşmalardan istifadə ediləcəkdir. Həmçinin torpaq islahatı zamanı torpaq sahələri üzərində atributların böyük hissəsində yaranan problemlər aradan qaldırılacaqdır. Dövlət, bələdiyyə, özəl torpaqların və bələdiyyələrin digər hər hansı qeyri-dövlət torpağı kimi qeydiyyata alınacağı torpaqların sərhədlərinin sistematik və dəqiq müəyyən edilməsi işləri reallaşacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB