Fransa həmsədrlikdən uzaqlaşdırılmalıdır! - MÖVQE

Fransa həmsədrlikdən uzaqlaşdırılmalıdır! - MÖVQE

1996-cı ilin dekabrında keçirilən Lissabon sammitindən sonra ATƏT-in Minsk qrupunun həmsədrlərinin sayı 3 oldu. Rusiya ilə birlikdə Fransanın həmsədr olmasının qarşısını almaq üçün Azərbaycan Prezidenti Heydər Əliyev 1996-cı ilin son günü ABŞ-ın həmsədrliyə namizədliyini irəli sürdü və məqsədinə nail oldu. Bu dramatik hadisə barədə danışan Dövlət müşaviri Vəfa Quluzadə deyirdi: “Yeni il gecəsi ərəfəsində xəbər tutdum ki, Fransa həmsədr olacaq. Təcili Heydər Əliyevin evinə zəng etdim. O işə gəldi. 15 dəqiqə ərzində etiraz notasını hazırladıq və il başa çatmamış göndərdik. ABŞ bu cür həmsədr oldu”.

Sonrakı hadisələr göstərdi ki, Ulu Öndər Rusiya və Fransanın həmsərliyinə etiraz etməkdə və ABŞ-ın üçüncü həmsədr olmasını tələb etməkdə nə qədər haqlı imiş. Məhz ilk növbədə ABŞ-ın səyləri nəticəsində, 1997-ci ilin yayında münaqişənin mərhələli həll planı təklifi təqdim olundu və Ermənistan bunu qəbul etmək məcburiyyətində qaldı. Bu barədə Azərbaycan və Ermənistan prezidentləri Strasburqda birgə bəyanat verdilər.
Lakin açıq şəkildə təklifə qarşı çıxa bilməyən hakim dövlətlər razılaşmanı pozmaq üçün əllərindən gələni etdilər. Ermənistanda vəziyyət son dərəcə ağırlaşdı. Prezident Levon Ter-Petrosyan hakimiyyəti itirmək ərəfəsində olduğunu görüb Rusiya mətbuatında məqalə ilə çıxış etdi. LevonTerPetrosyanın “Nezavisimaya qazeta”nın 1997-ci il 15 noyabr tarixli sayında dərc olunan həmin məqaləsi belə adlanırdı: “Müharibə və yaxud sülh. Ayılma anı”.

Məqalədə vəziyyətlərinin son dərəcə ağır olduğunu bildirən Ermənistan prezidenti erməni xalqına xəbərdarlıq edirdi: “Ermənistanın dünyada vəziyyətini möhkəmləndirmək artıq mümkün deyil. Çünki beynəlxalq birlik Qarabağ münaqişəsi ilə bağlı Yerevanın mövqeyini qətiyyətlə qəbul etmir. Əslində Qarabağın və Ermənistanın rəqibi beynəlxalq birlikdir. Bu o beynəlxalq birlikdir ki, biz ona meydan oxuyuruq. Gəlin özümüzü aldatmayaq və yalan ümidlərlə yaşamayaq. Qarabağın müstəqilliyi uğrunda mübarizədə bizim müttəfiqimiz yoxdur və biz meydanda tək qalmışıq. Əgər konflikt aradan qaldırılmasa biz son dərəcə zəifləyəciyik. Bu gün qəbul etmədiklərimizi gələcəkdə xahiş edəcəyik və ala bilməyəcəyik”.

Həmin yazının dərcində 3 ay sonra,1988-ci il fevralın 3-də Levon Ter-Petrosyan istefa verdi.
Çox təəssüf ki, ötən 23 il ərzində münaqişənin həlli istiqamətində irəliyə doğru ciddi addım atmaq mümkün olmadı. Bu vəziyyətin yaranmasında Fransanın oynadığı neqativ rol inkarolunmazdır.

Yaranmış vəziyyət, ermənilərin 27 sentyabrda törətdikləri növbəti təxribat Azərbaycan Prezidentini əks-hücum əməliyyatlarına başlamaq haqqında əmr vermək məcburiyyətində qoydu.

Nə qədər qəribə olsa da danışıqları düyünə salmaqda xüsusi fəallıq göstərən Fransa və onun prezidenti E.Makron yenə fəallaşdı. İşğal olunmuş Azərbaycan ərazilərini tərk etmək barədə ermənilərə bir dəfə də olsun müraciət etməyənlər, ilk növbədə Fransa xüsusi fəallıq göstərməyə və hərbi əməliyyatları dayandırmağı tələb etməyə başladı.

Bununla kifayətlənməyib, işğalçı erməniləri xilas etmək üçün beynəlxalq qurumları, ABŞ və Rusiyanı hərəkətə gətirməyə çalışdı. Bu istiqamətdə təsirli nəticə ala bilmədiyini və hamının erməni həyasızlığından təngə gəldiyini görüb dövlət başçısına qətiyyən yaraşmayan məsuliyyətsiz bəyanatlar verməyə başladı. İddia etdi ki, Azərbaycan tərəfində Türkiyə vasitəsilə Suriyadan gətirilmiş muzdlular döyüşür və bu guya faktlarla sübut olunub.
Düşünürəm ki,bundan sonra Fransanın Minsk qrupunun həmsədri olmağa mənəvi haqqı yoxdur və o qısa müddətdə başqa bir dövlətlə əvəzlənməlidir.

Abutalıb Səmədov,
Azərbaycan Naminə Alyans Partiyasının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə