Prezident İlham Əliyev "Rossiya-1” telekanalının efirində Ermənistanın təxribatçı əməllərini faktlarla ifşa etdi
Son iki il ərzində Ermənistanın atəşkəs rejimini pozması Azərbaycan ərazilərində təxribatlar törətməsi mütəmadi xarakter alıb. İyul ayının 12-16-da Azərbaycanın Tovuz rayonu sərhədini artilleriyadan atəşə tutan, hərbçiləri, mülki əhalini qətlə yetirən, yaşayış məntəqələrini yararsız hala salan işğalçı ordu darmadağın edildikdən bir müddət sonra yenidən baş qaldırıb. Bu dəfə genişmiqyaslı hücuma keçərək artıq təxribat törətmək yox, müharibə aparır. Prezident İlham Əliyev həm yerli televiziya kanallarına müsahibəsində, BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda, ümumi debatlarında videoformatda çıxışları, o cümlədən “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramına verdiyi müsahibəsində Ermənistanın işğalçı siyasətini, baş nazir Nikol Paşinyanın münaqişənin nizamlanmasını daha da alovlandıran müharibə çağırışlarını, həmçinin bu ədalətsizliyə göz yuman beynəlxalq təşkilatları da kəskin tənqid etdi. “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramına verdiyi müsahibəsində isə Ermənistanın müharibəyə başladığını, əsas hədəfin dinc əhali olduğunu, beynəlxalq humanizm prinsiplərini və beynəlxalq hüquq normalarını kobud şəkildə pozduğunu faktlarla ortaya qoydu.
Dövlət başçımızın “Rossiya-1” telekanalına verdiyi müsahibə qısa müddət ərzində beynəlxalq aləmdə böyük rezonans doğurdu. Bu barədə amerikalı ekspert Coşua Kuçera Nikol Paşinyanın çıxışı haqqında bildirir ki, artıq Ermənistanın baş naziri dünyada yalançı və saxtakar kimi tanınıb: “Ermənistanın baş naziri Nikol Paşinyanın “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramında “suriyalı muzdluların Azərbaycana gətirilməsi” haqda danışarkən deyib ki, onun aldığı məlumata görə artıq suriyalı muzdlular Azərbaycanın cəbhə boyu yaşayış məntəqələrində yerli əhali ilə qarşıdurmaya giriblər, toqquşma olub”.
Coşua Kuçera yazır ki, Paşinyan bu informasiyanı feyk-mənbədən götürüb. O, ermənilərin özlərinin Azərbaycana qarşı feyk xəbərlər paylaşmaq üçün qurduqları "freeazerbaijan.info" adlı sayta istinad edir. Hansı ki, həmin yalan məlumat iki gün əvvəl bu saytda yerləşdirilmişdi. Rusiyalı ekspert Korotçenko da Prezident İlham Əliyevin Nikol Paşinyanı “bağladığını” diqqətə çatdırıb.
Dövlətimizin başçısı da müsahibəsinin əvvəlində müharibənin Ermənistan tərəfindən başlanıldığını bildirdi. Cəbhədəki son vəziyyət barədə məlumat verən cənab Prezident ermənilərin sentyabrın 27-də səhər başladıqları hərbi təxribat nəticəsində Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərimizi şiddətli artilleriya atəşinə tutduqlarını bildirdi. Bu təcavüz nəticəsində Azərbaycanın 11 dinc sakinin, o cümlədən 2 uşağın həlak olduğunu, həmçinin hərbi qulluqçular arasında da dünyasını dəyişənlərin olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, biz təcavüzkara adekvat cavab verməyə və öz xalqımızı, öz adamlarımızı və torpağımızı müdafiə etməyə məcbur idik. Artıq üçüncü sutkadır ki, şiddətli döyüşlər gedir, bu döyüşlər nəticəsində Azərbaycan Ordusu bir sıra yaşayış məntəqələrini işğaldan azad edib, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəklikləri tutub. Bu gün vəziyyət elədir ki, fəal döyüş əməliyyatları aparılır.
Ermənistanın baş nazirinin, guya, cəbhə bölgəsində türk əsgərlərinin və Türkiyəyə məxsus hərbi texnikanın olması, onların Ermənistan ordusuna qarşı vuruşduqları yalan dövlətimizin başçısı tərəfindən ifşa olundu. Ölkəmizin başçısı bu məsələ ilə əlaqədar aparıcının sualını cavablandırarkən dedi ki, Türkiyə bizə mənəvi dəstək göstərir və biz Türkiyə rəhbərliyinə, Türkiyə Prezidentinə və türk xalqına bizimlə həmrəy olduğuna və bizi dəstəklədiklərinə görə təşəkkür edirik. Guya Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfin yaydığı bütün şayiələr təxribat xarakteri daşıyır, indiki dildə desək bu, feyk-nyusdur. Türkiyənin münaqişədə iştirakı barədə heç bir sübut yoxdur və buna zərurət yoxdur. Azərbaycan Ordusu öz xalqının və öz ərazisinin müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlıdır.
Beləliklə, Prezident İlham Əliyev “Rossiya-1” telekanalının efirində Ermənistanın təxribatçı əməllərini faktlarla ifşa edərək bütün dünyaya nümayiş etdirərək onu "düz yola" gəlməyə çağırdı. Ümumiyyətlə, Paşinyanın ölkəyə rəhbərliyi dövründə bütün beynəlxalq tədbirlərdə yalan danışdığı, siyasi riyakarlığı artıq dünya ictimaiyyətinə də bəllidir. Budəfəki debat da əvvəlkilərdən fərqlənməyən duruma düşən Paşinyanın yenə də suallara dili dolaşa-dolaşa cavab verməsi, sözləri düzgün tələffüz edə bilməməsi, suallar qarşısında aciz qalması yalançı və riyakar olmasından irəli gəlirdi. Faktlar qarşısında aciz qalan Paşinyandan bundan artıq nə gözləmək olardı?
Dövlətimizin başçısı müsahibəsində həm münaqişənin mahiyyətini Rusiya ictimaiyyətinin diqqətinə çatdırdı, həm də faktlarla Ermənistanın təxribatçı əməllərini ifşa etdi. Prezident İlham Əliyev, həmçinin Ermənistan təbliğatının iç üzünü açdı, bu ölkə tərəfindən dövriyyəyə buraxılan yalan məlumatların məqsədini göstərdi.
Qabil Hüseynli: “Azərbaycan Prezidenti “Rossiya 1” telekanalına müsahibəsində Rusiyada ermənilərin təbliğat maşınının apardığı təşviqatı darmadağın etdi”
Politoloq Qabil Hüseynli Prezident İlham Əliyevin bu müsahibədə Ermənistanın baş nazirinin başını sözün siyasi və mənəvi mənasında əzdiyini bildirib: “Azərbaycan prezidenti bu debatdakı yüksək səviyyəli nitqi, çıxışı, arqument bazası ilə Azərbaycanın haqlı mövqedə olduğunu bir daha çatdırdı. Müharibənin getdiyi anda Rusiya televiziyası ilə bu mövqeni ortaya qoymaq çox ciddi hadisədir. İlham Əliyev böyük diplomatik məharətlə Azərbaycanın haqq səsini çatdırdı, Ermənistanın işğalçılıq siyasətinin mahiyyətini isə açıb ortaya qoydu. Ermənistana bir daha agah oldu ki, qarşılarında rəşadətli Azərbaycan Ordusu ilə yanaşı qətiyyətli, xalqına, beynəlxalq qanunlara arxalanan siyasi lider var. Bu iki tandem işğalçı Ermənistanda artıq çox böyük vahimə yaradıb”.
Politoloq onu da vurğulayıb ki, Azərbaycan Prezidenti müsahibəsində bəyan etdi ki, ermənilərin sentyabrın 27-də səhər başladıqları hərbi təxribat nəticəsində Azərbaycanın yaşayış məntəqələri, döyüş mövqeləri şiddətli artilleriya atəşinə məruz qalıb: "Azərbaycan təcavüzkara adekvat cavab verməyə və beləliklə, öz xalqımızı, öz adamlarımızı və torpağımızı müdafiə etməyə məcbur olub. Prezident İlham Əliyev Ermənistanın dinc əhaliyə qarşı müharibə apardığını, Ermənistan ordusunun əsas hədəfinin yaşayış məntəqələri və mülki əhali olduğunu faktlarla göstərdi. Bildirdi ki, təcavüz nəticəsində Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olub, hərbi qulluqçular arasında da həlak olanlar var”.
Q.Hüseynli Prezident İlham Əliyevin Rusiyanın aparıcı mediasında Türkiyənin də maraqlarını qoruduğunu və qardaş ölkəni müdafiə etdiyini söylədi: "Prezident İlham Əliyev çıxışı zamanı bəyan elədi ki, Türkiyə Azərbaycanı, beynəlxalq hüququ dəstəklədiyini bildirib. Türkiyə Azərbaycana mənəvi dəstək verir və hazırkı vəziyyətdə onun başqa rolu yoxdur. Həmçinin, Prezident İlham Əliyev həm münaqişənin mahiyyətini Rusiya ictimaiyyətinin diqqətinə çatdırdığını, həm də faktlarla Ermənistanın təxribatçı siyasətini ifşa etdi. Dövlət başçısı İlham Əliyev Nikol Paşinyanın dilindən çıxan təxribatçı bəyanatları xatırlatmaqla Ermənistanın işğalçılıqda maraqlı olduğunu, danışıqları pozduğunu qeyd etdi. Ermənistanın baş naziri deyir ki, “Qarabağ Ermənistandır” və Azərbaycan danışıqları Dağlıq Qarabağın oyuncaq rejimi ilə aparmalıdır. Ermənistan bilərəkdən danışıqlar prosesini pozur, qəbuledilməz tələblər irəli sürür və təxribatlar törədir”.
Politoloqun sözlərinə görə, Azərbaycan Prezidenti onu da faktlarla qeyd etdi ki, Ermənistan təxribatlar törətməklə Azərbaycanı təqsirləndirmək, sonra üçüncü tərəfləri cəlb etmək və beləliklə, danışıqlar prosesini pozmaq istəyir: "O da qeyd olundu ki, Ermənistanın hərəkətlərinin və bəyanatlarının xronologiyası göstərir ki, bu ölkə təxribata uzun müddətdir hazırlaşıb və şüurlu şəkildə gedib. Xronologiya isə belədir ki, iyul ayında Ermənistan Azərbaycanla dövlət sərhədindəki yaşayış məntəqələrimizə silahlı hücum etdi, erməni tərəfi açıq-aşkar, nümayişkaranə şəkildə əslən Livandan olan ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərində və qədim Şuşa şəhərində məskunlaşdırılmasını elan etdi, Şuşada-Azərbaycan mədəniyyətinin qədim incisində cinayətkar Dağlıq Qarabağ rejiminin qondarma başçısının qondarma inauqurasiyasını keçirdilər. Beləliklə, Ermənistan ardıcıl və şüurlu şəkildə Azərbaycana qarşı provokasiyalar törətdi, Azərbaycanı münaqişəyə cəlb etmək və cavab hərəkətlərinə təhrik etmək istədi. Bütün bunları sadalamaqla Cənab İlham Əliyev xüsusilə Rusiya ictimaiyyətinə, Rusiya siyasi dairələrinə Ermənistanın yalanlarına inanmaq üçün əsasların olmadığını, Azərbaycanın isə həqiqətləri söylədiyini çatdırdı”.
Q.Hüseynli qeyd etdi ki, Prezident İlham Əliyev Ermənistan hakimiyyətinin avtoritar və diktator mahiyyətini də növbəti dəfə ifşa etdi, Paşinyanın Sorosun əlaltısı olduğunu açıq bəyan etməklə Ermənistan baş nazirinin kukla olduğunun tablosunu cızdı: "Bununla yanaşı, Prezident Ermənistanda daxili siyasi böhranın hökm sürdüyünə də diqqəti cəlb etdi. Bunu elə-belə yerə demədi. Çünki Nikol Paşinyan məhz daxildəki böhrandan diqqəti yayındırmaq, diqqəti müharibəyə yönəltmək üçün Azərbaycana qarşı hərbi təxribatlara əl atır. Paşinyan çoxlu vədlər verib və bu vədləri yerinə yetirə bilmir, ölkə böhran içindədir. Paşinyana bir xarici amil, qarışıqlıq lazım idi ki, əhalinin diqqətini yayındırsın. Azərbaycana hücumdan iki gün əvvəl Ermənistanın əsas müxalifət partiyasının lideri həbs edildi. Paşinyanın diktator, despotik rejimi öz ölkəsindəki bütün müxalifəti məhv edib və indi Azərbaycan xalqına qarşı yenidən təcavüz nümayiş etdirir”.
Q.Hüseynlinin sözlərinə görə, Prezident müsahibəsində Ermənistanın təbliğatının iç üzünü açdı, bu ölkə tərəfindən dövriyyəyə buraxılan yalan məlumatların məqsədini göstərdi: «Guya Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfin yaydığı bütün şayiələrin təxribat xarakteri daşıdığını qeyd etdi və Türkiyənin münaqişədə iştirakı barədə heç bir sübutun olmadığını bəyan elədi. Prezidentin daha bir arqumenti bu oldu ki, Azərbaycan Ordusu öz xalqının və öz ərazisinin müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlıdır.
Bir də, Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” təyyarələrinin döyüş əməliyyatlarında heç bir şəkildə iştirak etmədiyini də Prezident İlham Əliyev qəti şəkildə bildirdi və qeyd etdi ki, bu gün müasir texnologiyalar dövründə nəyisə gizlətmək çox çətindir. Türkiyə münaqişə tərəfi deyil, münaqişədə heç bir şəkildə iştirak etmir və buna zərurət yoxdur”.
Politoloq qeyd etdi ki, Azərbaycan Prezidenti İlham Əliyev sözünün çəkisi olan siyasi liderdir və onun hər bir açıqlaması, bəyanatı ciddi qəbul edilir. Bu baxımdan da şübhə yoxdur ki, “Rossiya 1” kanalına müsahibədəki fikirlər Azərbaycan həqiqətləri haqqında aydın təsəvvür yaradılmasında əhəmiyyətli rol oynayacaq.
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB