“Azərbaycan-İran: Dostluq, Qardaşlıq və Həmkarlığın yeni mərhələsi”

“Azərbaycan-İran: Dostluq, Qardaşlıq və Həmkarlığın yeni mərhələsi”

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyində geniş tədbir keçirilib, ARDNŞ-nin İrandakı nümayəndəliyinin təşəbbüsü ilə çap olunmuş "Azərbaycan-İran: Dostluq, Qardaşlıq və Həmkarlığın yeni mərhələsi" adlı kitabın təqdimat mərasimi olub. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirdə yerli ictimaiyyət nümayəndələri, ziyalılar, rəsmi şəxslər, Tehranda akkreditə olunmuş diplomatik nümayəndəliklərin başçıları, Rusiya, Qırğızıstan, Çexiya, Ukrayna, Belorusiya, Qazaxıstan və bir çox ölkələrin səfirləri və diplomatlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov ulu öndərin keçdiyi həyat yolundan bəhs etmiş, müstəqilliyini ikinci dəfə qazanmış Azərbaycanın möhkəmlənməsi, inkişafı, beynəlxalq aləmdə layiqli yerini tutması üçün göstərdiyi misilsiz xidmətlərdən danışıb. Səfir bildirib ki, hər bir xalqın tarixində onun müstəqil dövlətini yaratmaq kimi əzəmətli vəzifəni öz üzərinə götürmüş liderlər olduğu kimi, ölkəmizdə də milli dövlətçiliyi bərpa edərək müstəqil Azərbaycan dövlətini yaratmaq missiyasını tarixin hökmü ilə Heydər Əliyev yerinə yetirməli olmuşdur, bu baxımdan müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyev haqlı olaraq azərbaycanlıların milli qürur və iftixar mənbəyinə çevrilmiş, ümummilli lider adını qazanıb. Ulu öndər Heydər Əliyevin Azərbaycan-İran əməkdaşlığının möhkəm təməlinin yaradılmasında, islam inqilabının rəhbəri və İran prezidentləri ilə səmimi dost münasibətlərin qurulmasında əvəzsiz xidmətlərini qeyd edən səfir hal-hazırda hər iki ölkənin bu siyasətin bəhrəsindən yararlandığını vurğulamış, dostluq və mehriban qonşuluq prinsiplərinə əsaslanan bu siyasətin prezidentlər İlham Əliyev və Mahmud Əhmədinejad tərəfindən uğurla davam etdirildiyini bildirmiş, bu gün təqdimatını keçirdiyimiz kitabın məhz bunun nəticəsində ərsəyə gəldiyini diqqətə çatdırıb.

Yerli ziyalılar adından çıxış edən xalq şairi Haşem Tərlan ulu öndərin əziz xatirəsini həmişə yad etdiklərini bildirərək onun ziyalılara, incəsənət xadimlərinə, elm adamlarına, şair və yazıçılara göstərdiyi diqqət və qayğıdan danışmış, ulu öndərə həsr etdiyi "Dahilər də dünyadan köçür" adlı şerini oxuyub.

Azərbaycan Dövlət Neft Şirkətinin İrandakı nümayəndəliyinin başçısı Oqtay Sadıqzadə ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərinin təməlinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edərək onun neft strategiyası barədə ətraflı söhbət açıb. Azərbaycan və İran arasında dostluq, qardaşlıq və əməkdaşlığın hal-hazırda prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan O.Sadıqzadə "Azərbaycan-İran: Dostluq, Qardaşlıq və Həmkarlığın yeni mərhələsi" kitabının da məhz bu münasibətlə nəşr edildiyini bildirib.

Tədbirdə iştirak edən aşıq Səlcuq Şahbazinin rəhbərlik etdiyi "Dədə Qorqud" aşıqlar ansamblı geniş konsert proqramı ilə iştirak edib. Ümummilli liderə həsr olunmuş dastandan ifa olunan mahnılar tədbirdə iştirak edənlər tərəfindən böyük coşqu ilə qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə