Soydaşlarımız BMT Təhlükəsizlik Şurasının üzvlərinə müraciət edib

Fransa Azərbaycanlıları Koordinasiya Şurasının təmsilçiləri BMT Təhlükəsizlik Şurasının üzvlərinə və diplomatik korpusların rəhbərlərinə elektron məktublarla müraciət ediblər. Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən məlumata görə, müraciətlərdə hərbi əməliyyatların başlanmasına gətirib çıxaran Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağda son hərbi təxribatı ilə bağlı dezinformasiya kampaniyasının aparılmasından narahatlıq bildirilib, hadisələrin necə başlanması barədə dolğun məlumat verilib.

Qeyd edilib ki, 2020-ci il sentyabrın 27-də Azərbaycanın Goranboy rayonu istiqamətində mövqeləri ələ keçirmək məqsədilə Ermənistan silahlı qüvvələri Azərbaycan və Ermənistan qoşunları arasındakı təmas xətti boyu ağir silahlardan istifadə etməklə və artilleriya zərbələri endirməklə hücuma keçib. Bütün beynəlxalq hüquq normalarını və öhdəliklərini pozaraq, Azərbaycanın bu ərazidəki yaşayış məntəqələrini bombardmana məruz qoyub. Naftalan, Tərtər, Daşkəsən və digər rayonların mülkü obyektlərinə və şəhər infrastrukturlarına ciddi ziyan dəyib. 27 sentyabr hücumu zamanı Naftalan şəhərində bir ailənin 5 üzvü həlak olub ki, bunların da ikisi məktəblidir.

Ermənistanın yeni təcavüzünə cavab olaraq, Azərbaycanın BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq hərəkət etdiyi, öz xalqını müdafiə etmək və işğal olunmuş torpaqlarını azad etmək hüquqlarından istifadə etdiyi vurğulanıb.

Müraciətlərdə yaxın tarixə ekskurs edilib, Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi cinayət faktları sadalanıb, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini yerinə yetirmədiyi, habelə beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymadığı və təxribatçı hərəkətlərini davam etdirməklə regionda daha da təhlükəli vəziyyət yaratdığı qeyd edilib.

Müraciət müəllifləri BMT Təhlükəsizlik Şurasını Ermənistanın yeni təxribatını pisləməyə çağırıb və bu ölkənin təcavüzkar hərəkətlərinə son qoyulmasını tələb ediblər.

Müraciətlər hüquqşünas Zaur Sadıqbəyli, Fransa Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi, Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının rəhbəri Günel Səfərova, Fransa Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Mehriban Ovçuyeva, Fransanın Nant şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Assosiasiyasının (ACAF) rəhbəri Toğrul Zeynalov, Ulduz Cəmiyyətinin rəhbəri Aytən Muradova, Fransa-Azərbaycan Gənclik Assosiasiyasının rəhbəri Kəmalə Gülməmmədova, Xəzər Araşdırma Mərkəzinin təsisçisi Adela Naibova, "Alim" təşkilatının üzvü Fidan Xəlilova tərəfindən göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə