Vadim Muxanov: “Çətin ki, erməni xalqı Qarabağda növbəti fəlakətə görə onları bağışlasın”

Nikol Paşinyan son günlər işğal altındakı ərazilərimizi "tanımaq", yaxyd "Ermənistana birləşdirmək" kimi sərsəm ideyaları ilə hakimiyyətinin ömrünü uzatmağa çalışır. Belə ki, cəbhə xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin düşmənə vurduğu sarsıdıcı zərbələr və əldə edilən hərbi uğurlar erməni tərəfinin hakim elitasını ciddi şəkildə təlaşlandırmağa başlayıb.

Lakin bununla yanaşı, Paşinyanın xarici ölkə rəhbərlərinə açdığı telefon zəngləri və yalvarışlarının sadəcə standart bəyanatlarla başa çatması da belə qənaətə gəlməyə zəmin yaradır ki, düşmən yalnız savaş cəbhəsində deyil, həm də diplomatiya cəbhəsində də uduzur.

Politoloq: "tanınma" faktının özü danışıqlar prosesini sıfırlayacaq"

SİA xəbər verir ki, Rusiya XİN-i yanında Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Qafqaz araşdırmaları elmi mərkəzinin baş elmi işçisi, politoloq Vadim Muxanov Gazeta.ru-ya verdiyi şərhində proseslərə maraqlı yanaşmalar edib və bildirib ki, münaqişə vəziyyəti hər dəfə kəskin həddə çatarkən erməni tərəfi Qarabağı "tanımaq", ya da Ermənistana "birləşdirmək" kimi məsələləri dəfələrlə qaldırıb. Lakin bu iş bəyanatlardan o tərəfə keçməyib.

"Erməni ortamında hadisələrin inkişafı baxımından iki açar versiya var: bir qrup Qarabağın təxirə salınmadan tanınmasını, digəri isə təklif edir ki, region Ermənistanın tərkibinə qatılsın", deyən rusiyalı ekspert əlavə edib ki, bütün hallarda bu ssenarilərin heç biri realizə olunmayacaq: "Bunun baş verməsi ehtimalı yoxdur. Belə ki, "tanınma" faktının özü danışıqlar prosesini sıfırlayacaq və münaqişə tərəflərinin mübarizəsini kəskinləşdirəcək".

Rusiyalı ekspert: "Paşinyan hakimiyyətlə vidalaşmalı olacaq"

Muxanova görə, erməni tərəfində Qarabağla bağlı bir neçə açar hədəfləri var və onları milli, eləcə də siyasi hissələrə ayırmaq olar: "İlk halda əsas məsələ münaqişənin qızışmasından əvvəlki status-kvonun geri qaytarılmasıdır: "Onlara (ermənilərə) situasiyanı həmin xəttə qaytarmaq vacibdir, çünki ən kiçik məğlubiyyət mövcud vəziyyətdə hakim elitanı başda Paşinyan olmaqla pis vəziyyətdə qoyacaq. Paşinyanın marağı ondadır ki, o istənilən siyasi və hərbi itkiləri minimallaşdırmaqda maraqlıdır, əks halda onlar hakimiyyətlə vidalaşmalı olacaqlar. Çətin ki, erməni xalqı Qarabağda növbəti fəlakətə görə onları bağışlasın", ekspert vurğulayıb.

Ekspert Bakının status-kvonu saxlamaqda maraqlı olmadığını da bildirib və bunu belə əsaslandırıb ki, Azərbaycan tərəfi daha çox 32 illik münaqişəni öz xeyrinə həll etməkdə maraqlıdır.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə