Ombudsman Aparatının bir qrup əməkdaşı Almaniyada təcrübə mübadiləsi keçiblər
Məlum olduğu kimi, Azərbaycan Ombudsman təsisatı Almaniya İnsan Hüquqları İnstitutu ilə birgə Avropa Birliyi tərəfindən maliyyələşdirilən Tvinninq layihəsində iştirak edir.
Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, bu layihə çərçivəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının bir qrup əməkdaşı – Aparatın rəhbəri Aydın Səfixanlı, Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri – Yeganə Cəfərova, Absələddin Əliyev, Adil Hacıyev, Rəvan Səmədov və Vüqar Heydərov 1-7 may 2011-ci il tarixdə Almaniya Federativ Respublikasında təcrübə mübadiləsi keçiblər.
Avropa Birliyi tərəfindən tərtib olunmuş cədvəl əsasında Almaniya İşgəncələrin Qarşısının Alınması üzrə Milli Agentliyinin Katibliyində görüş keçirilib. Həmin görüşdə Agentliyin Katibliyinin rəhbəri xanım Sara Mohsen və digər əməkdaşlar Almaniya MPM-nin strukturu və fəaliyyət istiqamətləri barədə məlumat vermiş, sonra hər iki MPM-in iş təcrübəsi barədə fikir mübadiləsi aparılıb.
İnsan Hüquqları üzrə Müvəkkil Aparatının nümayəndələri Azərbaycan Respublikasında Ombudsman təsisatının yaranması və fəaliyyəti haqqında danışıblar.
Almaniya İnsan Hüquqları İnstitutunun direktoru xanım Beate Rudolfla görüşdə o, Azərbaycan Ombudsman Aparatı əməkdaşlarını salamlamış, rəhbərlik etdiyi və bu yaxınlarda 10 illiyi qeyd olunmuş, 7 şöbədən ibarət İnstitutun strukturu və fəaliyyəti barədə məlumat verib.
Ombudsmanın nümayəndələri təsisatın yarandığı ilk vaxtlardan nüfuzlu beynəlxalq təşkilatlarla insan hüquqları sahəsində qarşılıqlı əlaqələrin qurulduğunu, dövlət qurumları ilə yanaşı, QHT-lər, vətəndaş cəmiyyəti, KİV və icmalarla əməkdaşlığa da önəm verildiyini bildiriblər. Habelə Müvəkkilin regional mərkəzlərinin, əhalinin müxtəlif kateqoriyaları üzrə ixtisaslaşmış müşavirlərinin fəaliyyəti barədə məlumat verilib.
Ölkəmizdə İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) uğurla icra edildiyi, bu planın təbliği və tətbiqi vəziyyətinin monitorinqi ilə bağlı əhalinin maarifləndirilməsi məqsədilə respublikanın bütün rayonlarında ictimai dinləmələrin keçirildiyi diqqətə çatdırılıb.
Almaniya Xarici İşlər Nazirliyində İnsan Hüquqları Siyasəti və Humanitar Yardım üzrə Federal Hökumət Komissarı Markus Löninqlə də görüş keçirilib. O, öz fəaliyyəti barədə qısa məlumat verdikdən sonra Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi vəziyyəti, Müvəkkilin işgəncələrə qarşı MPM qismində fəaliyyəti barədə çoxsaylı suallarla Ombudsmanın nümayəndələrinə müraciət edib.
Aparatın əməkdaşları onun suallarını cavablandıraraq, ölkəmizdə insan hüquqlarının təmini və müdafiəsi sahəsində keçirilən islahatlar, Ombudsman təsisatının yaranması və işgəncələrə qarşı mübarizə istiqamətində MPM kimi həyata keçirdiyi fəaliyyətlə bağlı geniş məlumat veriblər.
Səfər çərçivəsində Ombudsman Aparatının əməkdaşları Berlindəki 21 yaşından yuxarı olan şəxslər üçün nəzərdə tutulmuş Moabit Həbsxanasına baş çəkiblər.
Həbsxananın məsul əməkdaşı Blüm Flaks Almaniyanın müvafiq qanunvericiliyi və bu penitensiar müəssisə barədə ətraflı məlumat vermiş, təcrübə və məlumat mübadiləsi aparılıb. Sonra həmin həbsxanaya birgə baxış keçirilmiş, Ombudsman Aparatının əməkdaşları kameraların, cərimə təcridxanasının, istehsalat sahəsinin, idman zalının və meydançalarının, gəzinti yerlərinin, kitabxananın, görüş, istintaq, vəkil və tədris otaqlarının, klubun vəziyyəti ilə tanış olublar.
Avropa Birliyi tərəfindən maliyyələşdirilən Tvinninq layihəsi uğurla davam etməkdədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB