Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın test proqramlarına bəzi əlavə və dəyişikliklər edilib

Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın test proqramlarına bəzi əlavə və dəyişikliklər edilib
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (DQMK) test proqramlarına bəzi əlavə və dəyişikliklər edilib. Bu barədə SİA-ya DQMK-nın mətbuat xidmətinin rəhbəri Asəf Əliyev məlumat verib. O bildirib ki, əlavə və dəyişikliklər keçirilən müsabiqələrin test imtahanı mərhələsi ilə bağlı komissiyanın saytında yerləşdirilən test proqramına şamil olunacaq.

Onun sözlərinə görə, "Dövlət orqanlarında dövlət qulluğuna qəbul üzrə test imtahanının təşkili, keçirilməsi və qiymətləndirilmənin aparılması Qaydaları"na edilən dəyişikliyə uyğun olaraq test imtahanında təqdim olunan 15 test tapşırığından ibarət "Dünyagörüşü" test blokuna Azərbaycan haqqında ümumi biliklərlə yanaşı, Azərbaycan dili üzrə biliklərin yoxlanılması üçün də test tapşırıqları daxil edilib. Mətbuat xidməti söyləyib ki, Azərbaycan dili üzrə mövzularla müvafiq Test Proqramından tanış olmaq olar.

"Bundan əlavə, qanunvericilik üzrə test proqramında dəyişikliklər edilib. Belə ki, 2010-cu il 21 dekabr tarixdə "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun qüvvəyə minməsi ilə əvvəlki müsabiqələrdə test proqramına daxil edilən "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvədən düşüb. Bununla əlaqədar olaraq qüvvədən düşən qanunla bağlı mövzular qanunvericilik üzrə yenilənən test proqramından çıxarılıb və bura yeni Konstitusiya Qanunu üzrə mövzular daxil edilib. Test imtahanlarında namizədlərin məntiqi düşünmə qabiliyyətinin müxtəlif cəhətlərinin yoxlanılması üçün Test Bankına yeni tipli test tapşırıqları daxil edilib. Məntiq üzrə yeni tipli test tapşırıqlarının nümunələri ilə yenilənmiş Metodik Vəsaitdən tanış olmaq olar", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə