"“İsgəndər” raket kompleksindən istifadə dezinformasiyadır" ÖZƏL-MÜNASİBƏT

“İşğalçı Ermənistan “İsgəndər” raket komplekslərini əldə edəndə əsas məramı, məqsədi onunla hansısa hədəfi vurmaq deyil, bu kompleksin onlarda olmasını bütün dünyaya nümayiş etdirmək idi. Dağlıq Qarabağda gedən son əməliyyatlarda da Ordumuz Ermənistana məxsus S-300 zenit-raket komplekslərini sıradan çıxarıb. Hətta işğalçı ölkə dəfələrlə açıqlamalarında Mingəçevir Su anbarını, Tovuzdan keçən kommunikasiyaları, Gəncəni vurmaqla bizləri hədələyiblər". Bunu SİA-ya millət vəkili Arzu Nağıyev deyib.

"Düşünürəm ki, bizim Hərbi Hava Qüvvələrimizin arsenalında “İsgəndər” raket komplekslərinin qarşısını ala biləcək güclü və müasir silahlarımız var. İndi bunun əksinə olaraq onlar özləri üçün müəyyən nəticələr çıxarır ki, guya Azərbaycan “Metsamor” Atom Elektrik Stansiyasını, onlar isə Mingəçevir Su Anbarını, yaxud “Səngəçal” neft terminalını vura bilər. Fikrimcə, bu cür məsələlər dezinformasiya xarakteri daşıyır. Artıq bu kimi hallar bütün sərhədləri pozmaq deməkdir. Bu nəyin bahasına olursa-olsun Ermənistan vətəndaşının fikrini ictimai-siyasi və iqtisadi problemlərdən yayındırmaqdır. Əsas problem bundan ibarətdir. Digər tərəfdən NATO-nun sərhəddinin Türkiyə-Ermənistan ərazisindən keçməsi bir daha onu deməyə əsas verir ki, bu ərazilərdə həmin komplekslərin istifadəsinə dünya dövlətləri icazə verməz. Ona görə də hesab edirəm ki, biz Ermənistan tərəfindən bu cür bəyanatları tez-tez eşidəcəyik. Təbii ki, bu bəyanatların heç bir əsası yoxdur. Artıq üçüncü gündür cəbhədə ciddi döyüş əməliyyatları gedir. “İsgəndər” raket komplekslərindən istifadə isə sadəcə, olaraq dezinformasiyadır"-deyə, deputat fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə