Sahibə Qafarova ATƏT PA-nın Prezidenti ilə nəyi müzakirə edib?

Milli Məclisin Sədri Sahibə Qafarova ilə ATƏT Parlament Assambleyasının Prezidenti Georgi Tsreteli arasında telefon danışığı olub. Parlamentdən SİA-ya verilən məlumata görə, telefon söhbətində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyət, Ermənistanın Azərbaycana təcavüzü müzakirə edilib. Milli Məclisin sədri bildirib ki, sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələri cəbhə xətti boyunca hərbi təxribatlar törətməyə başlayıb.

Ermənistan silahlı qüvvələri iriçaplı silahlardan, minaatan və artilleriya qurğularından istifadə edərək dinc yaşayış məskənlərini və mülki əhalini hədəfə alır. Bu isə 1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyası da daxil olmaqla beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Beynəlxalq hüquqa əsasən, bu Ermənistan tərəfinin hərbi aqressiyası və Azərbaycana qarşı güc tətbiq etməsi olaraq qiymətləndirilir.

Milli Məclisin spikeri vurğulayıb ki, Ermənistanın Azərbaycana qarşı hərbi təxribata hazırlaşdığı dəfələrlə beynəlxalq birliyin diqqətinə çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...