Xankəndi təşvişdə: ermənilər təxliyə edilir Rusiya mətbuatı yazır

Ermənilərin Xankəndidən özbaşına və kortəbii şəkildə təxliyyəsi aparılır. SİA RenTV-yə istinadən xəbər verir ki, bu barədə hadisə yerindən İzvestiya müxbiri Semyon Yeryomin məlumat yayıb.

Məlumatda qeyd olunur ki, müxbirin sözlərinə görə, uzaqdan bir neçə partlayışın səsi gəlir. Şəhərin kənarında qadınlar və uşaqlar izdiham halındadırlar. Kişilər ailələrini İrəvana göndərirlər.

"Onları kortəbii şəkildə İrəvana göndərirlər və nəzərə belə almırlar ki, orada onları qarşılayacaq qohumları, tanışları, yaxud kimsələri var, ya yox. Eyni zamanda Xankəndi sakinlərinə deyirlər ki, onları İrəvanda qarşılamaq səlahiyyətlilərin problemidir. Sakinləri təkcə avtobuslar deyil, eləcə də şəxsi maşınlar belə gediş haqqını almadan İrəvana daşıyırlar", deyə müxbir Semyon Yeryomin məlumat verib.

Bundan əvvəl RenTV Xankəndində rabitə problemlərinin olduğu və İnternetin olmadığı barədə də bildirilmişdi.
Sözügedən sayt qeyd edir ki, Ermənistan və Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsi sentyabrın 27-də yenidən kəskinləşib. Bildirilir ki, hərbi personal və mülki şəxslər arasında ölən və yaralananlar var.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə