"Dağlıq Qarabağ probleminin həlli bizim tarixi vəzifəmizdir" Səməd Seyidov

“Azərbaycan xalqı bu günlər qızıl hərflərlə canlı tarix yazır. Günnüt və Lələtəpə əməliyyatlarında, iyul hadisələrində artıq ordumuz ermənilərə güclü zərbələr vurmuşdu. Ancaq indi baş verənlər tamamilə başqa bir tarix yaradır. Bu tarix Ali Baş Komandanın, cənab Prezidentin ətrafında sıx birləşmiş xalqın tarixidir. Ona görə insanların sevincdən yaranan göz yaşlarını da görmək olur. Amma təkcə sevinc hissi kifayət deyil – əlimizdə olan bütün maddi və mənəvi resursları cəmləşdirməliyik. İlk uğurlu addımlarımızı yüksək səviyyədə davam etdirməliyik”. SİA-nın verdiyi məlumata görə, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

Səməd Seyidov deyib ki, bu gün Avropa və onun sütununu təşkil edən Fransa və Almaniya dost ölkələrdir, lakin tarixə nəzər yetirsək, aralarında baş verən müharibələrdə keçmişdə milyonlarla insanlar həlak olub. Onların bugünkü münasibətləri işğalçının işğalçı, faşistin faşist adlandırıldığı, ədalətin zəfər çaldığı Nürnberq məhkəməsindən keçib. Yalnız bundan sonra Fransa və Almaniya birləşib Avropa İttifaqını yarada bilib. Azərbaycana qarşı isə öz torpaqlarımızda 30 ildir ki, müharibə aparılır. Dünya bunu ola bilsin başa düşmür, çünki o, bizə ədalətsiz sülhü, torpaqların işğal altında qalaraq ölkələrimizin barışmasını, düşmənlə dost olmağımızı, Xocalı soyqırımını, snayperlə öldürülən yaşlı insanları və cavan balalarımızı da unutmağımızı təklif edir. Bu isə qeyri-mümkündür. Bizə deyirlər ki, azərbaycançılığımızı yaddan çıxaraq, mentalitetimizi unudaq, amma belə olduğu təqdirdə sülh bizim nəyimizə lazımdır? Bu münaqişə qanla yaddaşımıza həkk olunub, bizim hər zaman qəlbimizdə olan ağrı və faciədir. Onu heç vaxt yaddan çıxarmayacağıq – istəsək belə mümkün deyil. Prezident İlham Əliyevin dediyi kimi, Dağlıq Qarabağ məsələsi bizim milli məsələmizdir. Dağlıq Qarabağ probleminin həlli bizim tarixi vəzifəmizdir.

Komitə sədrinin sözlərinə görə, beynəlxalq qanunları pozan ermənilərin bizim torpaqdakı faşizminin qarşısını birdəfəlik almalıyıq. Xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələrinə Ermənistanın Azərbaycana qarşı təcavüzü, təxribatı, cəbhə xəttində yaranmış vəziyyət, qoşunlarımızın əks-tədbirləri və yaranmış əməliyyat şəraiti haqqında bütün məlumatlar artıq verilib. Bundan sonra dünya da öz qərarını verməlidir, Azərbaycanı dəstəkləməlidir, çünki haqq bizim tərəfimizdədir. İndiyədək Ermənistan istəyirdi ki, münaqişə digər beynəlxalq təşkilatlarda yox, yalnız Minsk qrupu çərçivəsində müzakirə olunsun. Nəticədə, dünyada Qarabağ məsələsi həll yolunu tapmırdı, çünki Minsk qrupu tərəfindən 30 il ərzində heç bir addım atılmırdı. Bununla da məsələnin həlli uzadılırdı və status-kvo saxlanırdı. Ermənistanın məqsədi də məhz bu idi. Azərbaycan bunu çox gözəl başa düşürdü, amma indi Ermənistan artıq fərqli Azərbaycanla rastlaşır və layiqli cavabını alır. Ordumuz torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində tapşırıqları yüksək döyüş əzmi və igidliklə icra edir, Ermənistan isə təxribatlar və dezinformasiya fəaliyyətlərini həmişəki kimi davam etdirir, dinc əhalini hədəf almaqla Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəlikləri kobud şəkildə pozur.

“Bu yaxınlarda Prezident İlham Əliyev iki dəfə dünyaya müraciət etdi və onun hər iki müraciətində açıq şəkildə xəbərdarlıq var idi. İndi isə biz bir xalq kimi birliyimizi göstərməli, Ali Baş Komandanın ətrafında birləşməliyik. Məhz bu birliyin nəticəsində biz qələbəyə nail olacağıq. Bu hələ başlanğıcdır – yeni, bu kimi gözəl xəbərlərin eşidilməsi və əldə olunması naminə fəaliyyət göstərməliyik. Əminəm ki, bu, davam edəcək və Azərbaycan torpaqları düşməndən azad olunacaq”-deyə, S.Seyidov vurğulayıb. yap.org.az

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...