"Əl-Qaidə" ilə ABŞ qarşıdurması susan deyil

"Əl-Qaidə" ilə ABŞ qarşıdurması susan deyil

"Üsamə bin Ladenin məhv edilməsi terrorçuluğa qarşı müharibənin sonu demək deyil". SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ABŞ dövlət katibi Hillari Klinton belə bir bəyanatla çıxış edib. Bir nömrəli terrorçunun məhv edilməsini çox mühüm mərhələ adlandıran Klintonun sözlərinə görə: "Təəssüf ki, hələ də zorakılıq yolu ilə dünyanı dəyişmək istəyən və digərlərinə öz dəyərləri və ideologiyalarını qəbul etdirmək istəyən çoxlu insan mövcuddur".

 

Eyni zamanda "Əl-Qaidə"-nin Yəməndəki lideri ötən həftə Pakistanda Üsama Bin Ladenin öldürülməsinə cavab olaraq ABŞ-a qarşı qisas hücumlarına dair xəbərdarlıq edib. İnternetdə yerləşdirilən bəyanatda Nasir Əl-Vahisi amerikalılara deyib ki, Bin Ladenin ölümündən sonra cihadın közərtiləri daha parlaqdır və gələcəkdə baş verənlər daha pis olacaq.

 

Bu arada ABŞ senatoru Con Kerri elan edib ki, Bin Ladenin məhvindən sonra münasibətlərdə yaranmış gərginliyi aradan qaldırmaq üçün Pakistana səfər edəcək. Bin Ladenin Pakistanın daxilində gizləndiyinin aşkar edilməsi və ABŞ reydi nəticəsində onun öldürülməsi Pakistanla münasibətləri gərginləşdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə