Dmitri Medvedyev: "Bin Ladenin ölümü ən çox Rusiyanın xeyrinə oldu"

Dmitri Medvedyev: "Bin Ladenin ölümü ən çox Rusiyanın xeyrinə oldu"

"Üsamə bin Ladenin ölümü ən çox Rusiyanın xeyrinə oldu". SİA-nın məlumatına görə, bu sözləri Rusiyanın prezidenti Dimitri Medvedyev Moskva Təhlükəsizlik Şurasının mətbuat konfransında açıqlaması zamanı deyib. Onun sözlərinə görə, "Əl Qaidə" liderinin ölümü dünya ölkələrinin təhlükəsizliyinin təmin edilməsində çox önəmli addımdır.

 

Dövlət başçısı rus torpaqlarının uzun illər boyunca terrorçu hücumların hədəfi olduğunu diqqətə çatdırıb: "Bin Ladenin ölümü dünya ölkələri tərəfindən sevinclə qarşılanırsa, bu heç kimə qəribə gəlməməlidir. Çünki hər bir ölkə rəhbəri öz dövlətinin təhlükəsizliyini, xalqının rahat həyat yaşamasını düşünmək məcburiyyətindədir. Laden bu yolda bütün ölkələrə mane törədirdi. Kölgəsi ilə bir çox ölkədə narahatçılıq yaradan bir terrorçunun həyatda olmaması sadəcə rahatlıqdır. Moskva həmişə terrorçuların hədəfi olub. Bin Ladenin qoşunlarının dəfələrlə Rusiyaya terror məqsədli hücumlar təşkil etdiyi sirr deyil. Hamı bunu yaxşı bilir. Məhz belə səbəbləri nəzərə alaraq da deyə bilərəm ki, Ladenin ölümü Rusiyanın təhlükəsizliyi üçün çox faydalı oldu".

 

Qeyd edək ki, Üsamə bin Ladenin ölümündən sonra rəsmi Moskva "Əl Qaidə" liderinin öldürülməsini ciddi müvəffəqiyyət olaraq qiymətləndirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə