Xalqımızın Ali Baş Komandanın ətrafında sıx birləşməsi Ermənistanı qorxuya salır - ŞƏRH ÖZƏL

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda, sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında və sentyabrın 25-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən beynəlxalq ictimaiyyəti bir daha məlumatlandırıb ki, Ermənistan Azərbaycana qarşı növbəti təxribata hazırlaşır". Bunu SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Politoloqun sözlərinə görə, göründüyü kimi sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri növbəti genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub: "Buna cavab olaraq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri nəinki düşməni cavab atəşi ilə susdurur, eyni zamanda Qaraxanbəyli, Qərvənd, Horadiz, Yuxarı Əbdülrəhmanlı, Aşağı Əbdülrəhmanlı, Böyük Mərcanlı, Nüzgar kimi bir neçə kəndləri, strateji obyektləri və postları düşməndən azad etdi. Hadisələrin gedişində Ermənistan tərəfi kütləvi itki verirlər. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, düşmən tərəfi 550-dən çox itki verib, ölənlərin arasında Suriya və Livandan gətirilən muzdluların da meyitləri aşkar olunub. Bu bir daha sübut edir ki, Ermənistan hər vəchlə, ordusuna terrorçuları cəlb edir, faşist, işğalçı siyasətini davam etdirir. Hazırki vəziyyət ondan xəbər verir ki, Azərbaycan heç bir halda öz torpaqlarını azad etməkdən geri çəkilməyəcək. Çünki Ali Baş Komandan İlham Əliyevin də dediyi kimi biz haqq yolundayıq, bizi işimiz haqq işidir. Bizim heç kimin ərazisində, torpağında gözümüz yoxdur. Biz öz tarixi, əzəli, dədə-baba yurdumuzu geri istəyirik və onu da alacağıq!".

Ekspert bildirib ki, təqdirəlayiq məqam ondan ibarətdir ki, bu gün xalqımız Ali Baş Komandanımıza birmənalı dəstək nümayiş etdirir, xalq arasında yüksək əhval-ruhiyyə mövcuddur, insanlarda torpaqlarımızın işğaldan azad olunacağına dair dərin inam mövcuddur: "Azərbaycan xalqının Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsi faktı da Ermənistanı qorxuya salır. Daha bir təqdirəlayiq məqam ondan ibarətdir ki, Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya Ermənistan silahlı qüvvələrinin həyata keçirdiyi genişmiqyaslı təxribata dair birgə bəyanat yaydı və dövlətin ümumi maraqlarının qorunması istiqamətində birlik nümayiş etdirdi. Bütün bu faktların təzahürüdür ki, hal-hazırda Ermənistan psixoloji gərginlik vəziyyətindədir. Onlar şüurlu şəkildə danışıqlar prosesini pozur. "Dağlıq Qarabağ Ermənistandır.", "Yeni ərazilər, yeni müharibə." kimi cəfəng bəyanatlar Ermənistanın hələ də ağlının başına gəlmədiyindən xəbər verir".

Ş.Həsənova vurğulayıb ki, bu günlərdə biz tarixi günlərə, saatlara şahidlik edirik: "Xalqımızdan gözlənən bir məsələ də var ki, düşmən tərəfə xırda bir informasiya olsa belə sızdırmamaq üçün onların informasiya təxribatlarının baş tutmasına imkan verməsinlər. Bu səbəbdən də bir sosial şəbəkə istifadəçisi, elektron informasiya resursu dəqiqləşdirilməmiş məlumat yaymamalıdır. Hər bir kəs bu məsələdə yalnız rəsmi mənbələrə etibar və istinad etməlidir. Mövcud vəziyyət ondan xəbər verir ki, şanlı Azərbaycan Ordusu qarşısında öz ordusunu terrorçulardan təşkil edən işğalçı Ermənistan ordusu aciz vəziyyətdədir. Əminik ki, qüdrətli ordumuz yalnız Qələbə xəbərləri ilə bizi sevindirəcək. Yaşasın Ali Baş Komandan və Şanlı Azərbaycan Ordusu!".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə