Lənkəran və Astara rayonlarında insan alverinə qarşı mübarizəyə həsr olunmuş tədbir keçirilib
İnsan alverinə qarşı QHT Koalisiyasının üzvü, XXl Əsrin Qadınları İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Maarifləndirmə metodu ilə insan alverinə qarşı mübarizənin təşkili və gücləndirilməsi" layihəsi çərçivəsində tədbir keçirib. SİA-nın xəbərinə görə, Lənkəran Dövlət Humanitar Kollecində baş tutan tədbiri Kollecin direktoru Cahangir Məmmədov, Astara Pedaqoji Kollecində keçirilən tədbiri isə giriş sözü ilə kollecin rəhbəri, Azərbaycanın Əməkdar müəllimi Əlihəsən Həmzəyev açıblar.
Natiqlər bildiriblər ki, insan alveri problemi ümumbəşəri problemdir. Bu bəla Azərbaycandan da yan keçməyib. Bu alver dünyada silah və narkotika alverindən sonra üçüncü sırada dayanır. Kollec rəhbərləri tələbə və müəllim heyəti adından ilk növbədə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına belə bir layihəni maliyyələşdirdiyinə görə, eyni zamanda "XXI Əsrin Qadınları" İctimai Birliyinə belə bir layihəni həyata keçirdiyinə görə öz təşəkkürlərini bildiriblər.
Daha sonra söz Daхili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis mayoru Füzuli Qurbanova verilib. Polis mayoru oz növbəsində iştirakçıları salamlayaraq bildirib ki, 2010-cu ildə həyata keçirilən əməliyyat aхtarış tədbirləri nəticəsində 70 insan alveri cinayət faktı müəyyən edilib. 39 nəfər insan alevri faktlarına görə cinayət məsuliyyətinə cəlb edilib. 34 nəfər cinayət alverinin qurbanı müəyyən edilib.
Astara RPŞ-nin Cinayət Axtarış bölməsinin rəisi Kamaləddin Hüseynov da Astarada keçirilən tədbirdə çıxış edərək, insan alverinə qarşı aparılan mübarizədən danışıb.
Tədbirdə çıхış edən İnsan alverinə qarşı QHT Koalisiyasının üzvü, "XXl Əsrin Qadınları" İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova QHT-lərə Dövlət Dəstəyi Şurası və onun maliyyələşdirdiyi bu layihə haqqında iştirakçılara ətraflı məlumat verib. O, insan alveri, onun qurbanları, bu alverin doğurduğu fəsadlar, Azərbaycanda insan alverinə qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər barəsində məlumat verib.
Bildirib ki, bu alverin qurbanları təkcə qadınlar olmur. Qadınlarla yanaşı kişilər və uşaqlar da insan alveri qurbanına çevrilə bilər. M.Əmirhüseynova həmçinin onu da bildirib ki, хarici ölkədən yüksək əmək haqqı ilə iş təklifi aldıqda bunu müхtəlif yollarla araşdırmaq lazımdır. Çünki, insan alverçiləri qurbanlarını bu yolla tora salmağa daha çoх üstünlük verir.
Daha sonra İctimai Birliyin sədri insan alverinin qurbanına çevrilməyin digər metodu olan xaricdə təhsil almaq imkanı adı ilə məlumatsız şəxslərin bu bəlaya düçar olmasından da danışıb. Ona görə də belə bir təkliflər alındıqda insanların nə etmələrindən danışaraq tələbələrə, müəllimlərə eləcə də valideyin və digər tədbir iştirakçılarına ətraflı malumatlar vermiş, onları maraqlandıran suallara cavablandırıb.
Tədbirdə iştirak edən tələbə gənclər DİN əməkdaşına və İnsan Alverinə Qarşı QHT Koalisiyasının üzvü, "XXI Əsrin Qadınları" İctimai Birliyinin sədri Mahirə Əmirhüseynovaya müxtəlif suallar ünvanlayıblar.
Tədbirin sonunda iştirakçılara insan alverinə qarşı maarifləndirici məlumatları özündə əks etdirən bukletlər paylanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB