Ombudsmanın təşəbbüsü ilə İnsan Hüquqları aylığı keçiriləcək

Ombudsmanın təşəbbüsü ilə İnsan Hüquqları aylığı keçiriləcək

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə hər il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, bu əlamətdar günlə bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə ənənəvi olaraq mayın 18-dən iyunun 18-dək respublikamızda İnsan Hüquqları aylığı keçirilir.

Aylığın məqsədi il ərzində insan hüquqları sahəsində əldə edilmiş nailiyyətləri və problemlərin həlli yollarını müəyyənləşdirməkdir. İnsan hüquqları ilə bağlı qurumlar, habelə dövlət orqanları, QHT-lər və digər aidiyyəti təşkilatlar ötən il ərzindəki fəaliyyətlərində olan irəliləyişlər və problemlər üzrə müxtəlif tədbirlər və müzakirələr təşkil edəcək, aylıq çərçivəsində keçirilmiş və aylığın sonuna qədər gerçəkləşdiriləcək tədbirlər haqqında məlumatı, insan hüquqlarının daha səmərəli təmini ilə əlaqədar təkliflərini Ombudsmana təqdim edəcəklər.

Həmin aylıq çərçivəsində keçirilən tədbirlər ölkəmizdə insan hüquqlarının təbliğinə, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsinə və onların problemlərinin həllinə öz töhfəsini verəcəkdir.

Görülən işlər yekunlaşdırılacaq, ümumiləşdirilərək YUNESKO-nun dəstəyi ilə Bakı şəhərində 2011-ci il 16-18 iyun tarixlərində "Milli azlıqların və miqrantların mədəni hüquqları: hüquqi aspektlər və implementasiya" mövzusunda keçiriləcək Ombudsmanların IX Bakı Beynəlxalq konfransında təqdim olunacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə