Latviyanın birinci xanımı İçərişəhərlə tanış olub

Latviyanın birinci xanımı İçərişəhərlə tanış olub
Latviyanın birinci xanımı Lilita Zatlere ölkəmizə səfəri çərçivəsində bu gün dünya mədəni irs abidələrindən olan İçərişəhərlə tanış olub. SİA AzərTAc saytına istinadən xəbər verir ki, elektromobillərlə gəzinti zamanı qonağa YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, həmçinin burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri qorunub saxlanılır.

Latviyanın birinci xanımı milli mədəni irsimizin incisi sayılan "Şirvаnşаhlаr Sаrаyı Kompleksi" ilə tanış olub. Qonağa saray kompleksi barədə ətraflı məlumat verilib. Kiçik Qala küçəsi ilə davam edən gəzinti zamanı Lilita Zatlere təndir çörəyinə qonaq edilib. Sonra Latviyanın birinci xanımı dünya şöhrətli rəssam Tahir Salahovun emalatxanasında fırça ustasının yaradıcılığı ilə tanış olub.

Görkəmli rəssam qonağa əsərləri barədə geniş məlumat verib. Portret və peyzaj ustası kimi tanınmış rəssamın müxtəlif mövzularda yaratdığı əsərlər qonaq tərəfindən yüksək qiymətləndirilib. Qonaq rəssamın əsərlərini Azərbaycan incəsənətinin incilərindən hesab edib. T.Salahov Latviyanın birinci xanımı Lilita Zatlereyə əsərlərindən ibarət üçcildlik kataloq hədiyyə edib.

Qonaq "Bazar meydanı"ndakı əzəmətli Qız qalasının üstünə qalxaraq paytaxtın mənzərəsini seyr etmişdir. Bakının rəmzi sayılan abidənin tarixi barədə qonağa məlumat verilib. Latviyanın birinci xanımı İçərişəhərin Fəxri qonaqlar kitabına ürək sözlərini yazıb. Qonağa xatirə hədiyyələri təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə