Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları 6 mart 2011-ci il tarixində Təhsil Nazirliyinin qarşısında keçirilən aksiyada saxlanılan dindarlarla bağlı araşdırma aparıblar.
Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, müvəkkilin nümayəndələri Bakı şəhər Baş Polis İdarəsinin İnzibati Qaydada Saxlanılma Məntəqəsində 9 nəfər inzibati qaydada həbs olunan və Nərimanov Rayon Polis İdarəsinin Müvəqqəti Saxlanılma Təcridxanasında 6 nəfər barələrində həbs-qətimkan tədbiri seçilmiş aksiya iştirakçıları ilə görüşüblər.
Söhbət aparılmış şəxslər saxlandıqları müddətdə zorakılığa, kobud rəftara və təzyiqlərə məruz qalmadıqlarını, saxlanma şəraitindən, müəssisə əməkdaşlarının onlarla rəftarından və qidalanmadan narazı olmadıqlarını bildirmiş, namaz qılmaları üçün lazımi şərait yaradıldığını söyləyiblər.
Eyni zamanda həmin şəxslərdən ikisi aksiya zamanı onlara güc tətbiq edildiyini, ilkin araşdırma zamanı MST-də açıq havada qaldıqlarını bildirib. O da məlum olub ki, hər bir saxlanılan şəxslə əlaqədar artıq tibbi-ekspertiza keçirilib.
Aparatın əməkdaşları həmin şəxslərə Ombudsmanın səlahiyyətləri və saxlanılan şəxslərin hüquqları ilə bağlı məsləhətlər, müəssisə rəhbərliyinə isə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr veriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB