Bəhruz Quliyev: “İnsanların ruhunda, varlığında və mənəvi dünyasında Vətən sevgisi olmalıdır” ÖZƏL-AÇIQLAMA

“Bu gün Ermənistanda azərbaycanfobiya formalaşdırılır və Ermənistan xalqının gələcək nəsillərinə Azərbaycanla bağlı çox ciddi nifrət bəslənilir”. Bunu SİA-ya SƏS Media Qrupunun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev deyib.

Siyasi ekspertin sözlərinə görə, Ermənistan tarixən terrorçu və terrorçuları dəstəkləyən bir ölkə olub: “Bu gün Ermənistan etnik təmizləmə siyasəti nəticəsində monoetnik ölkələrdən birinə və birincisinə çevrilib. Orada 97 faiz erməni milləti yaşayır. Azərbaycan isə multikultural, tolerant bir ölkədir. Bu gün Azərbaycanda xeyli sayda erməni ailələri yaşayır. Biz Azərbaycanın çoxmillətli ölkə olmasını qəbul edirik. Amma gəlin görək, ermənilərdə biz azərbaycanlılarla bu formada davrana biləcək istək varmı? Təbii ki, yox.

Əgər bizim ata-baba yurdumuz işğal olunubsa, bu gün də işğaldadırsa, hesab edirəm ki, Azərbaycan ailəsində böyüyən hər bir gənc vətənpərvər ruhda böyüməlidir. Bu gün Azərbaycanın hər bir vətəndaşı, xüsusən də gənc nəslin nümayəndələri Ali Baş Komandanın bir əmrinə hazır olduqlarını bildirirsə, deməli Azərbaycan torpaqlarının işğaldan azad olunacağı gün uzaqda deyil. Düşünürəm ki, vətənpərvlik hissləri də bu formada davamlı olmalıdır. Bu vəziyyətdə Azərbaycan mətbuatının, jurnalistlərin, ziyalılar elitasının üzərinə düşən əsas məsələ vətənpərvərlik ruhunda gənclərin yetişdirilməsidir. Hazırki dönəmdə ölkə televiziyalarında, radiolarında, çap və elektron mediada çoxlu sayda hərbi vətənpərvərlik ruhunda mahnılara, videoçarxlara, reportajlara, yazılara ehtiyac var. Bu artıq reklam deyil, əksinə insanların vətənpərvər olaraq dövlətinə bağlılığını təlqin etməyə hesablanıb. Düşünürəm ki, bu prosesə mətbuat daha yaxından qoşulmalıdır. Təkcə dövlətin qurumu ilə bu addımları atmaq yetərsizdir. Vətənpərvərlik tərbiyəsi ailədən başlamalıdır. Hər bir valideyin öz övladına torpağını, Vətənini sevdirməyi aşılamalı, öyrətməlidir. Həmçinin orta məktəblərdə, universitetlərdə, akademiyalarda bu proseslər davamlı təbliğ olunmalıdır. İnsanların ruhunda, varlığında, mənəvi dünyasında Vətən sevgisi olmalıdır. Ümumiyyətlə, onlar Azərbaycanı nəinki hərbi sahədə, eləcə də elm sahəsində - alim, həkim, mühəndis kimi ölkəmizin hüdudlarından kənarda da yüksək səviyyədə təmsil etməlidirlər. Biz bu ənənəni davam etdirməliyik. Çünki bu bizim və ziyalılarımızın mənəvi və vətəndaşlıq borcudur”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə