“Ermənistan özü terrorçuları proseslərə cəlb etməyə çalışır” ÖZƏL-ŞƏRH

“Ermənistan öz mahiyyətinə uyğun davranır. Çünki, hamımız bilirik ki, əslinə qalanda terrorçuları, müxtəlif terror təşkilatlarının nümayəndələrini öz ərazisinə, eləcə də işğal altında tutduqları Azərbaycan ərazilərinə cəlb edən Ermənistan Respublikasıdır və Ermənistan həmin terrorçulardan Azərbaycana qarşı, özəlliklə də dinc sakinlərə qarşı istifadə edir və etmək fikrindədir”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Siyasi şərhçinin sözlərinə görə, təbiidir ki, Livanda baş verən partlayış və onun ardınca Ermənistanın guya həmin ölkədən erməniləri Ermənistana köçürüb onlara sığınacaq vermək istəməsini bəyan etməsi fonunda əslinə qalanda, Ermənistan özü terrorçuları və müxtəlif döyüşçüləri proseslərə cəlb etməyə çalışır.

“Ermənistan bir növ fürsətdən yararlandı. Mən sizə xatırlatmaq istəyirəm 1988-ci ildə, Ermənistanda, Spitakda zəlzələ baş verəndə də eyni taktikanı tətbiq etmişdilər. Yəni, Ermənistan 25 min insanın ölməsinə baxmayaraq, böyük bir faciə yaşamasına baxmayaraq, o vəziyyətdə belə şəraitdən sui-istifadə edib yardım adı altında müxtəlif ölkələrdən silah, sursat, hərbi ləvazımat daşıdı. Yəni ki, Azərbaycana qarşı, azərbaycanlılara qarşı belə hücumlar etmək üçün. Ermənistan indiki şəraitdə də bu cür davranır. Biz fikir versək görərik ki, Ermənistan Respublikası Livanda baş vermiş o faciədən məhz bu məqsədlə bu cür istifadə edir.

Azərbaycanın ittiham olunmasına gəlincə isə, Ermənistan əslinə qalanda Azərbaycanı ona görə ittiham edir ki, diqqəti yayındırsın. Yəni, Ermənistan bu yolla dünya ictimaiyyətini aldatmağa, diqqətini yayındırmağa çalışır, özünün törətdiyi əməlləri Azərbaycanın üzərinə yıxmağa cəhd göstərir. Əlbəttə ki, dünya indi o dünya deyil, biz də öz informasiyalarımızı, obyektiv informasiyalarımızı dünyaya çatdırırıq, göstəririk ki, Ermənistanm yalan danışır. Bu yalanların faş edilməsi istiqamətində durmadan çalışmalıyıq”, deyə Azər Həsrət bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə