“Sumqayıt Kimya Sənaye Parkının açılışı iqtisadiyyatın gələcək inkişafına hesablanıb” ÖZƏL-MÜNASİBƏT
“Sumqayıt şəhərinin inkişafı, burada yaşayan insanların vətənpərvərliyi, fəallığı ilə fəxr etmək olar". Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.
Komitə sədri qeyd edib ki, şəhər respublikanın ikinci böyük sənaye mərkəzi olmaqla, günü-gündən abadlaşır, gözəlləşir və iqtisadiyyatını inkişaf etdirir.
“Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sumqayıtın inkişafına göstərdiyi qayğı və diqqət sayəsində artıq şəhər regionun iri sənaye müəssisələrindən birinə çevrilmiş, daxili tələbatın ödənilməsi və ixracın artırılması baxımından xeyli müvəffəqiyyətlər əldə edilmişdir. Ölkə rəhbərinin bu günlərdə Sumqayıt Kimya Sənaye Parkının açılışında, “şəhərin timsalında yeniləşən, güclənən Azərbaycan görürük” ifadəsi buna əyani sübutdur. Sənayeləşmə, sənaye mərkəzlərinin yaradılması, xarici investorların ölkəyə cəlb edilməsi, ixrac potensialının yüksəldilməsi, keyfiyyətli məhsul istehsal edilməsi, peşə ixtisasının artırılması, kadrların hazırlığının yüksəldilməsi və ilk növbədə, Azərbaycanı regionun sənaye mərkəzinə çevirmək qarşıda duran əsas vəzifədir. Ölkəmizin rəhbəri Cənab İlham Əliyev Simya Sənaye Parkının açılışında bütün bunları bir daha ifadə edərək, uğurlara nail olacağımıza əmin olduğunu bildirmişdir. Bu əminlik, əlbəttə ki, düşünülmüş düzgün iqtisadi siyasətə, imkan və şəraitə, ölkədə yaradılmış ictimai sabitliyə, xalq-pezident birliyinə, vətəndaş həmrəyliyinə, xarici investorların ölkəmizə artan marağına əsaslanır. Cənab Prezidentimizin xatırlatdığı kimi, Azərbaycan dünyaya açıqdır. Burada işləmək və yaşamaq, sahibkarlığı inkişaf etdirmək, uğurlar qazanmaq üçün hər cür şərait vardır. Ölkədə sənayeləşdirmənin sürətləndirilməsi, yeni sənaye mərkəzlərinin, müəssisələrinin yaradılması iqtisadi inkişaf, firavan həyat, əlavə gəlir, beynəlxalq aləmə çıxış və respublikanın şöhrətləndirilməsidir. Bu məqsəd uğrunda mübarizə gələcəyimiz, dövlətçiliyimizin möhkəmləndirilməsi, müstəqilliyimizin təmin olunması və torpalarımızın azadlığı üçün əhəmiyyətlidir. Çünki iqtisadiyyatı möhkəm olan dövlət qələbələr qazanmağa qadirdir. Bu baxımdan, Sumqayıt Kimya Sənaye Parkının açılışı ölkə vətəndaşlarının hər birinin ürəyindəndir və iqtisadiyyatın gələcək inkişafına hesablanıb”, deyə Tahir Rzayev bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB