Putin və Lukaşenko arasında Soçidəki görüş Rusiya media məkanında qızğın müzakirələrə səbəb olub. Görüşdən çəkilən kadrlar Lukaşenkonun çətin vəziyyətdə olduğunu və çıxışında balanssızlıq və qeyri-bərabərlik olduğunu nümayiş etdirir. Ancaq Putin bir idarəedici kimi oturur, hətta bir az yorğun olduğunu da gizlətmir və bəlkə də bunu nümayişkəranə edir. Vizual görüntülər belə bir sıra məqamlardan xəbər verir və tərəflərin hansı məqamda olduğunu sərgiləyir.
Məlumdur ki, Putin və Lukaşenko bir-birlərinə heç tab etmirlər. Daha dəqiq desək, bu iki dövlət başçısı bir-birini hətta həzm etmək belə istəmirlər. Ancaq, məsələ burasındadır ki, çox şey, çox məqamlar təhlükə ilə üz-üzədir və hər ikisi bu vəziyyətlə hesablaşmaq məcburiyyətindədirlər. Hər bir ölkənin, eləcə də bu ölkələrin dövlət başçılarının öz maraqları var və görünən odur ki, bu məqamlar toqquşur.
Əvvəla, Lukaşenkonun taleyi sual altındadır. Görürük ki, Belorusiyada Lukaşenkonun hakimiyyəti sapdan asılı vəziyyətdədir. Yəni, onun hakimiyyətinə narazı olanların sayı, eləcə də əksəriyyətinin bu narazılığı açıq şəkildə küçələrdə bəyan etmələri qeyd etdiklərimizi təsdiqləyir. Bunu Lukaşenkonun özü də yaxşı bilir. Bilir ki, hakimiyyətlə vidalaşması an məsələsidir. Onu elə tab etmədiyi, həzm edə bilmədiyi Rusiya prezidenti ilə bir araya gətirən də məhz budur.
Digər tərəfdən, sual oluna bilər ki, bəs Rusiyanı, onun prezidentini Belorusiya prezidenti ilə bir masaya oturdan, görüşdürən səbəb nədir? Sual oluna bilər ki, niyə Putin Lukaşenkonun bu vəziyyətinə biganə deyil? Axı qeyd etdiyimiz kimi bu liderlər biri-birini heç həzm edə bilmirlərsə, indi Belorusiya prezidenti bir tərəfə, Rusiya liderini bu “yorğun” görkəmlə Lukaşenkonun qarşısında oturçağa vadar edən nədir? Heç şübhəsiz ki, Lukaşenkonun düşdüyü məqama Rusiya, ələlxüsus onun prezidenti biganə qala bilmir və bu dərhal hiss olunur. Hiss olunur ki, Rusiyanın Belarusdakı təsirinin perspektivləri hal-hazırda müzakirə mövzusudur. Məhz bu mövzu Putini Lukashenkonu dəstəkləməyə məcbur edir.
Görüşdən sonra Putinin sözçüsü, Kremlin Lukaşenkonun legitimliyini tanıdığını söylədi. Aydın məsələdir ki, bu, yəni Lukaşenkonun legitimliyini tanımaq ən azından Putinin özü üçün vacib məqamdır. Çünki o, küçənin təzyiqi altında ölkə liderinin kənarlaşdırılması presedenti ilə üz-üzə qalmaq istəmir. Belə bir presedent onun özü üçün arzuolunmazdır. Bu baxımdan küçə nümayişçilərinin tələbi deyil, Lukaşenkonun mövqeyini müdafiə etmək niyyətindədir, ən azından öz xatiri üçün.
Belarus oyununda Kreml üçün daha bir vəziyyət var. Beləki, Lukaşenko vasitəsilə anti-Qərb ritorikası yaradılır. Axı Qərd Lukaşenkonun legitimliyini tanımır. Digər tərəfdən, hərbi təcavüz təhdidləri fonunda Baltikyanı ölkələr istiqamətində irəliləyişə yenidən baxmaq marağı özünü göstərir. Bu planlarla bağlı məlumatların sızması ilə Kreml Qərbdən güzəştlər almaq və sanksiyaları yumşaltmaq niyyətindədir. Qərb Lukaşenkonu qanuni bir prezident kimi tanımadığını bəyan etməsi bilavasitə bəzi məqamlara aydınlıq gətirir.
Rusiyanın daxili mənbələri iddia edirlər ki, Kreml və Putin şəxsən indi çətin vəziyyətdədir və əvvəlki planlarını ya təxirə salmağa, ya da tamamilə həmin planlardan imtina etməyə məcburdur. Seçkilərdən sonra Kremlin Belarus ictimaiyyətindən belə bir davranış gözləmədiyi və Belarusun birləşməsinin arzuolunmaz nəticələrə səbəb ola biləcəyi qeyd olunur. Rusiyaya qarşı narazılıq Lukaşenkonun dəstəyi sayəsində böyüyür və anketlərə görə, respondentlərin yalnız 3%-i Rusiya ilə ortaq bir dövləti dəstəkləyir. Üstəlik, Rusiya ilə yaxın münasibətləri dəstəkləyənlərin sayı, 60 faizdən 35 faizə qədər olmaqla, iki dəfə azalıb.
Beləliklə, daxildəkilərin dediyi kimi, Putin Lukaşenkonu “boşaltmaq”, yəni sakitləşdirmək üçün bir anı itirib və özünü dalana dirəyib və hər gün onun dəstəyi anti-Rusiya hissini iki qat artırır. Bundan əlavə, nəzərə almaq lazımdır ki, Belarusiya Ukrayna deyil. Beləki, Belorusiya kifayət qədər yüksək bir ictimai konsensusa sahibdir, etnik və dini zəmində bölünməmişdir. Bu baxımdan, elə bu vəziyyətdə nəticələr gözlənilməz ola bilər.
Məhz buna görə də Rusiya, Belarusiyanı itirmək təhlükəsi kimi reallıqla üz-üzə olduğunun fərqindədir. Bəlkə də hələ real itirmə faktl qarşısında olduğu qənaətindədir. Bu baxımdan, Rusiyanın yürütdüyü siyasətin həqiqətən də "möcüzələr" yaratmağa hesablandığı qənaətinə gəlməkdə hər kəs haqlıdır.
Bu mövcud vəziyyət əlbəttə ki, başqa bir məqamlardan xəbər verir və Rusiyanın bu zamana qədərki taktikasını arxa plana salır. Belorusiyada baş verənlərin fonunda yaranan şərtlər bir növ, Putini əvvəlki planlarından imtina etmək məcburiyyətində qoyur. Bu səbəbdən Soçidə yeni sənədlər imzalanmadı. Əslində, gözlənilmirdi də. Hadisələrin gedişi təsdiq edir ki, Lukaşenkoya yalnız 1.5 milyard dollar borc verilməsi ilə kifayətlənildi. Bu da, bu borc da çox güman ki, ölkəsinin Rusiyaya olan əvvəlki borclarının ödənilməsinə məsrəf ediləcək bəlkə də.
İndi Kremlin vəziyyətdən çıxış yolu axtardığını hər kəs başa düşür. Bunu hər iki ölkə başçıları, xüsusilə Lukaşenko yaxşı bilir. Bilir ki, hal-hazırki vəziyyətdə Kreml variantları nəzərdən keçirir. Rusiya prezidenti Putin və Belorusiya prezidenti Lukaşenkonun son görüşünün təəssüratları təsdiq edir ki, Rusiya tərəfi indi Lukaşenkaya "daxili problemləri" həll etməsi, daha dəqiq desək, vəziyyətdən çıxması üçün vaxt verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB