Düşənbədə ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə mərasim keçirilib

Düşənbədə ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə mərasim keçirilib
Azərbaycanın Tacikistandakı səfirliyi ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə mərasim keçirib. Tədbirdə Tacikistanda akkreditə olunan diplomatik korpusun, beynəlxalq təşkilatların nümayəndələri, Azərbaycan diasporunun üzvləri, ziyalılar, ictimaiyyətin nümayəndələri, jurnalistlər iştirak ediblər.

Azərbaycanın Tacikistandakı səfiri Məhərrəm Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məlumat verərək bildirib ki, yalnız Heydər Əliyevin uzaqgörən siyasəti və müdrikliyi sayəsində respublikamızda mövcud problemlərin həlli istiqamətində mühüm işlər görülüb, inkişaf perspektivləri müəyyən edilib, demokratik proseslərin dərinləşdirilməsi istiqamətində ciddi addımlar atılıb.

Qeyd edilib ki, ulu öndər Heydər Əliyevin başladığı siyasi və iqtisadi islahatlar kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycan dinamik inkişaf edən ölkəyə çevrilmiş, regionda lider dövlət statusunu qazanıb.

Diplomatik korpusun nümayəndələri və diasporumuzun üzvləri ulu öndər Heydər Əliyevi dünya şöhrətli siyasətçi və dövlət xadimi kimi xarakterizə ediblər. Mərasimdə səfirlik tərəfindən rus və ingilis dillərində nəşr edilən "Xalqa həsr edilən ömür - əlçatmaz zirvə!" kitabının təqdimatı olub, kitab qonaqlara paylanılıb. Sonra Heydər Əliyev Fondunun hazırladığı "Heydər Əliyev: Vətənin keşiyində" sənədli filmi nümayiş etdirilib.

"Xalqa həsr edilmiş ömür - əlçatmaz zirvə!" kitabı Tacikistan Xarici İşlər Nazirliyi, səfirliklər və beynəlxalq təşkilatların nümayəndəlikləri, yerli mətbuat orqanları arasında da yayımlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə