Bir qrup jurnalist icazəsiz aksiyada təxribat törətməyə cəhd göstərdi FOTOFAKT- VİDEO

Bir qrup jurnalist icazəsiz aksiyada təxribat törətməyə cəhd göstərdi FOTOFAKT- VİDEO

Məlum olduğu kimi, "Milli Şura"nın koordinasiya mərkəzinin üzvü Tofiq Yaqubunun cinayət işi ilə bağlı məhkəmənin çıxardığı hökmundən sonra, sentyabrın 9-da Bakının mərkəzi küçələrində icazəsiz aksiyanın qarşısı alındı, iştirakçılar hüquq-mühafizə əməkdaşlarının səyi nəticəsində ərazidən uzaqlaşdırıldı.

Lakin icazəsiz aksiya zamanı diqqət çəkən və təəssüf doğuran məqamlardan biri də bu oldu ki, olayı işıqlandıran bir qrup jurnalist peşə kodeksinə və fəaliyyətinə uyğun olmayan qərəzli, hətta təxribatçılıq əməllərə rəvac verməyə çalışdılar. SİA xəbər verir ki, əyinlərinə MEDİA gödəkçələri geyinmiş bəzi jurnalistlər aksiyanın baş tutmadığını anladıqdan sonra gödəkçələrini çıxarıb, polisə qarşı müqavimət göstərməyə cəhd etdilər. Onlar hətta icazəsiz olsa belə, keçirilməyə göstərilən aksiyanı rahat, heç bir müdaxilə və maneə olmadan işıqlandırdılar, o cümlədən, sosial şəbəkələrdə canlı olaraq yayımladılar.

Ancaq bütün bunlara rəğmən, qeyd edilən jurnalistlər onlar üçün yaradılan iş şəraitindən faydalanmaları yerinə, heç bir aidiyyatı olmayan şüarlar səsləndirib, vəziyyəti gərginləşdirməyə çalışdılar.

Həmin görüntüləri oxucu və izləyicilərin diqqətinə çatdırmaqla yanaşı, qeyd etmək istəyirik ki, bu gün Azərbaycanda söz və mətbuat azadlığı kifayət qədər mövcuddur və jurnalistlərin peşə fəaliyyətlərinə heç bir müdaxilə və s. çətinliklər törədilmir. Təəssüf ki, bu gün adlarını jurnalist qoyaraq, əslində təxribatçılıq edənlər hələ də var və ümud edirik ki, müvafiq təşkilatlar bənzər əməllərin təkrarlanmaması üçün qanunamüvafiq tədbirlərini görəcəklər.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə